Əsas Səhifə > Gündəm, Manşet > "Əzablı məhkəmə çəkişməsinin sonu görünmür, intihar həddindəyəm"

"Əzablı məhkəmə çəkişməsinin sonu görünmür, intihar həddindəyəm"


20-07-2017, 09:30
"Əzablı məhkəmə çəkişməsinin sonu görünmür, intihar həddindəyəm"
Qarabağ müharibəsi veteranı Elçin Hüseynov küçələrdə yaşamağa məhkumdur. Onun Bakının Yasamal rayonunda mənzili var. Amma həmin mənzil 1997-ci ildə, atasının yas məclisi günü zəbt olunub. Zəbt edənlər isə Laçından olan köçkünlərdir. E.Hüseynov 4 il düşmənə qarşı döyüşüb, 20 ildir ki, evini zəbt etmiş, kirayə verən köçkünlərlə məhkəmələrdə çəkişir. O, başına gələnləri belə nəql edir: “1997-ci ildə atamın yas məclisində idik. Məclis ”İnşaatçılar" metro stansiyasının yaxınlığında keçirildi. Məclis bitəndən sonra evimə gəldim. Gördüm ki, mənzilim zəbt olunub, ailəmin əşyalarını çıxarıb çölə töküblər. 2 yaşlı oğlumun paltarlarını da çölə atmışdılar. İndi oğlumun 23 yaşı var. Məhkəmələrə üz tutdum. Əlimdə zəbt edilmiş mənzilimin boşaldılması haqda məhkəmənin 2 icra vərəqi var. Əvvəllər danışanda deyirdilər ki, mənzilində köçkün məskunlaşıb. Sübutlar var ki, mənzilim məhz zəbt olunub. İzah edirəm ki, məskunlaşma 93-cü ilə qədər olub. Mənim mənzilim faktiki olaraq zəbt olunub".

E.Hüseynov deyir ki, hazırda evsizlik üzündən ailəsi dağınıq durumdadır: “Laçın rayonunun Minkəndindən olan məcburi köçkün Güldəstə Allahverdiyeva 1997-ci ildə mənə məxsus olan Yeni Yasamal 2, bina 10-da yerləşən 44 nömrəli mənzilimin qapılarını sındıraraq ev əşyalarımı çölə atmaqla zəbt edib. Halbuki 1997-ci ildə Qarabağ bölgəsindən hər hansı bir qaçqın köçü olmayıb. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etmişəm və məhkəmələr iddiamı təmin edib, zəbt olunmuş mənzilimin boşaldılması, mənə qaytarılması haqda qərar verib. 20 ildir ki, həmin qətnamələr icra olunmur. Hətta prezdentimizin ”Veteranlar haqqında" verdiyi sərəncam da öz müsbət həllini tapmır. Oğlumun evlənmək yaşı da gəlib çatıb. Həyat yoldaşım öz qohumlarının evində, mən isə qardaşımın evində yaşayıram. Qardaşımın evi də plana düşüb, bu gün-sabah sökəcəklər. Bu vaxta qədər dözürdüm. Artıq qalmağa evim, kirayə ev tutmağa pulum da yoxdur. Mənim evimə yerləşmiş köçkün Güldəstə Allahverdiyevaya Dövlət Proqramı çərçivəsində Müşfiqabad qəsəbəsində mənzil verilib. 2013-də Güldəstə Allahverdiyeva ailəsi ilə birgə mənzilimdən çıxıb və Müşfiqabad qəsəbəsində dövlətin verdiyi mənzilə yerləşib. Amma mənzilimi yenə də mənə qaytarmadılar. Baxmayaraq ki, əlimdə məhkəmələrin yekun qərarları, icra vərəqələri də var. Güldəstə Allahverdiyevanın mənzilimdən çıxarıldığını biləndən sonra mənzilə getdim. Gördüm ki, mənzildə başqa bir şəxs yaşayır. Məlum oldu ki, mənzilimi saxta sənədlərlə öz adlarına keçiriblər, üstəlik, kirayə veriblər".

E.Hüseynovun sözlərinə görə bundan sonra birinci vitse-prezidentə müraciət edib və üzləşdiyi qanunsuzluqlara son qoyulmasını xahiş edib: “Şikayətimə operativ reaksiya verildi. Evimə kirayənişin kimi yerləşdirilən şəxsi oradan çıxardılar. Amma Güldəstə Allahverdiyeva yenidən mənzilimi zəbt etdi. Ona görə də bir daha vitse-prezidentə üz tutmaq məcburiyyətindəyəm. Hörmətli Mehriban xanıma çatdırmaq istəyirəm ki, ona 13 şikayət məktubu ünvanlamışan. Mənzilimin geri qaytarılmasında mənə köməklik göstərilməsini xahiş edirəm. 1990-cı ildən 1994-cü ilə qədər Qarabağın bütün cəbhə bölgələrində hərbi əməliyyatlarda yaxından iştirak etmişəm, döyüş tapşırıqlarını yerinə yetirmişəm. Əfsuslar olsun ki, məni həyata gətirən, boya-başa çatdıran anamı və ailəmin mülkiyyət və yaşamaq hüquqlarını məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya bataqlığında batan ”Qaçkınkom" adlanan təşkilatdan və bu təşkilata himayədarlıq edən, dayaq və arxa duran məhkəmə icraçılarından qoruya bilməmişəm. Bu iki qurum 20 ildir ki, mənim ailəmi mülkiyyət və yaşamaq hüququndan məhrum edir".

E.Hüseynov deyir ki, dəfələrlə bu qurumlara müraciət etdikdə verdikləri cavab bu olub: “Get, indiyə kimi bu 20 ildə harada yaşamısan, orda da yaşa, dövlət də, qanun da bizik, qanunları da biz idarə edirik, get, hara şikayət edirsən et”.

"Əzablı məhkəmə çəkişməsinin sonu görünmür, intihar həddindəyəm"

Qarabağ veteranı deyir ki, “Qaçqınkom”un sədri Əli Həsənov verdiyi müsahibələrində məcburi köçkünlərin bir çox bölgələrdə ev-mənzillə təmin olunduğunu açıqlayıb: “Əli Həsənov Binəqədi rayonunda yerləşdirilmiş Laçın rayonundan olan məcburi köçkünlərin tamamən Müşfiqabad qəsəbəsində ev-mənzillə təmin olunduğunu, bununla da Binəqədi rayonunda məcburi köçkünlərin qalmadığını bildirib. Bəs mənim mənzilim niyə boşaldılmır? Niyə Əli Həsənovun rəhbərlik etdiyi komitə mənim mənzilimin məsələsinə bu qədər biganədir?

Ailəmdə 2 əlil var. Qarabağ veteranıyam, işsizəm. Nə vaxta kimi bu iki qurum mənim şəxsi mənzilimi əllərində girov kimi saxlayaraq bu acı həyatı mənim ailəmə yaşadacaqlar?"

E.Hüseynov deyir ki, ötən 20 il ərzində üzləşdiyi süründürməçilik onu son həddə qədər bezdirib: “Köçkünə dövlət ev veribsə, həmin evə məskunlaşdırıbsa, mənim zəbt olunmuş evimi də qaytarmalıdırlar. Əlimdə məhkəmələrin 2 icra vərəqəsi var və nəhayət ki, Azərbaycan dövləti adından çıxarılan məhkəmə qətnamələri icra olunmalıdır. Olunmayacaqsa, işimizi bilək. Ya gedib güllə atdığım düşməndən sığınacaq istəməliyəm, ya da intihar etməliyəm. Mənə başqa yol qoymurlar”.
\\musavat.com\\
Geri qayıt