Əsas Səhifə > Gündəm, Manşet > Bu məmurun işinə nazir qarışası oldu

Bu məmurun işinə nazir qarışası oldu


13-07-2017, 10:04
Bu məmurun işinə nazir qarışası oldu
İmişli DSMF-nin müdiri İntiqam Əliyevin əməlləri bir neçə aydan sonra nazirliyi rayona ikinci dəfə komissiya göndərməyə məcbur etdi.

İmişli DSMF-də baş verən hadisələrlə bağlı rayon sakinlərinin audio – müsahibələrinə, fond əməkdaşının əlildən rüşvət tələb etdiyi səs yazısına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən münasibət bildirilməməsi istər rayon DSMF-nin müdiri İntiqam Əliyevdən narazı olan rayon sakinlərinin, istərsə də Conflict.az olaraq bizim təəccübümüzə səbəb olmuşdu. İnsanların öz dilləri ilə ifadə etdiyi audio - müsahibələrində fond əməkdaşlarının rüşvət tələbinə bir dövlət qurumunun – nazirliyin seyriçi münasibəti vətəndaşın dövlətinə inamını sarsıda biləcək hadisədir. Xatırladaq ki, həmin səs yazılarının birində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov əlildən rüşvət xarakterli pul istəyərkən əsl satıcı – alıcı münasibətləri ortaya çıxır. Öncə əlildən onun “probleminin” həlli üçün bir məbləğ istənilir, sonra başqa bir məbləğə - 30 manata razılaşdırılır. Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovun müraciəti zamanı DSMF-nin əməkdaşı “biz sənin işini düzüb-qoşacağıq, səndə bu işlərin necə “həll” olunduğunu bilirsən də” – deyə açıq şəkildə şəxsi məqsədləri üçün tələb irəli sürür. Yazıçı – jurnalist Məryəm Şahverdiyeva İmişli DSMF-nin əməkdaşının fonda müraciət edən vətəndaşdan rüşvət almasına şahidlik edir və buna etiraz edərkən: “Məryəm xanım bu rüşvət deyil şirinlikdir.” – deyə cavab alır. Əslində baş verən hadisələrə ilk reaksiya İmişli DSMF-nin müdiri İntiqam Əliyev tərəfindən gəlməli idi. Əməkdaşları haqda araşdırmalara başlamaq ilk olaraq məhz onun görəvidir. Halbuki Conflict.az-ın dərc etdiyi həmin müsahibələrdə araşdırılmalı olan olduqca az nüanslar var. Lakin özünümüdafiə hər kəsin haqqıdır. İnitqam Əliyev hüququn aliliyini üstün tutmalı, şikayətçiləri köməkçisi vasitəsilə hətta qəbul otağından kənarlaşdırmaq əvəzinə, çağırıb dinləməyə borclu idi.

Göründüyü kimi şöbə müdiri bunların heç birini etmədi. Əvəzində isə şikayətlərin və şikayətçilərin sayı günbə - gün artdı. İnsanlar ƏƏSMN-in rəhbərliyinə, PA-ya şikayət teleqramları, məktubları göndərdilər. Sözsüz ki, ölkə rəhbərliy əndazəni aşmış əyalət məmurlarına görə vətəndaşın dövlətdən narazı qalmasına razı olmayacaqdı. Və belə də oldu. Bu gün aldığımız məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi cəmi bir neçə ay öncə yekunlaşmış, uzun müddətli yoxlamalardan sonra yenidən İmişli DSMF-yə komissiya göndərməyi qərara alıb. Mənbənin bildirdiyinə görə ƏƏSMN-dən komissiya gələcəyi ilə bağlı məlumatı aldıqdan sonra kifayət qədər əndişələnən İmişli DSMF-nin müdiri İntiqam Əliyev ondan narazı olan şəxslərə barışıq üçün minnətçi düşüb. Məlumatı verən mənbə əlavə olaraq onu da qeyd etdi ki, nazirliyə və PA-ya ünvanlanan şikayətlərdə DSMF əməkdaşlarının qanunsuz tələbləri ilə paralel, İntiqam Əliyevin davranışlarından, insanlarla münasibətlərindən də narazılıq edənlər olduqca çoxdur.
P.S. Redaksiyaya İmişli DSMF-nin şöbə müdiri Novruz Hüseynovun kimlərlə, hansı mövzuda, nəyi, necə müzakirə etməsi, hansı DSMF əməkdaşı əmək stajına görə kimdən 4000 manat tələb etməsi, kimə mənzilində 2300 manat verilməsi ilə bağlı məlumatlar daxil olub.
Bizi izləyin.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.

Geri qayıt