Əsas Səhifə > Gündəm, Manşet > Hyundai alıcıları belə ALDADIR
Hyundai alıcıları belə ALDADIR12-07-2017, 09:23 |
Gədəbəy rayonu sakini "Hyundai Auto Azərbaycan"-dan avtomobil aldı, amma çox keçmədi ki, avtomobilinin mühərriki dağıldı. Regionxeberleri.com bildirir ki, BiG.AZ redaksiyasına Gədəbəy şəhər sakini Nahid Allahverdiyevdən daxil olan şikayət məktubunda bildirilir ki, o, kreditlə "Hyundai Auto Azərbaycan"-dan Hyundai Santafe markalı, 99-EO-021 dövlət nömrə nişanlı avtomobil alıb. Aldığı avtomobilin mühərrikində 25 aprel 2017-ci il tarixində nasazlıq yaranıb. Usta mühərriki sökən zaman isə avtomobilin mühərrikində zavoddan qüsur olduğu aşkarlanıb. Avtomobilin zəmanətində 100 min kilometrlik möhlət verilsə də, avtomobil 75 min kilometrdə artıq dağılıb. Vətəndaş kreditini ödəyib bitirmiş olsa da, zəmanət sənədləri ilə sözügedən şirkətə yaxınlaşsa da, ona servisə müracət etmək lazım olduğunu, bu problemin servisdə həllini tapacağını bildiriblər. Servis isə mühərrikin yağının başqa bir ünvanda dəyişdirildiyini əsas gətirərək zəmanət qaydalarını pozub və avtomobilin mühərrikini təmir etməkdən boyun qaçırdıb. Bunu görən vətəndaş Nahid Allahverdiyev isə 4 min manat xərc çəkərək avtomobilinin mühərrikini təmir elətdirib. Müraciətdə həmçinin o da bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsə də, eləcə də, digər aidiyyati qurumlara müraciət etsə də, onun müraciətinə baxılmayıb. Vətəndaş eyni zamanda Azad İstehlakçılar Birliyinə də hüquqlarının qorunması üçün ərizə ilə müraciət ünvanlayıb: “Mən maşını kreditlə aldım. Artıq krediti ödəyib bitirmişəm. Hər 5 min kilometrdən bir mən Bakıya maşın sürüb şirkətin öz servisində yağını dəyişdirmişəm. Yəni hər dəfə də yağın orada dəyişdirilməsi ilə bağlı məlumatlar var əlimdə. 70 min sürüləndə yağı elə həmin servisdə dəyişmişdim, lakin 75 mində artıq maşının mühərriki dağıldı. İndi də bəhanə gətirirlər ki, güya mən maşının yağını başqa yerdə dəyişmişəm, bu da zəmanətdən çıxıb. Şirkətə dəfələrlə müraciət etdim, hər biri ilə fərdi qaydada danışdım. Lakin maşınımın zəmanəti ola-ola təmir etmədilər. 4 min manat xərc çəkərək maşınımın mühərrikini düzəltdirdim. Bütün dövlət qurumlarına da müraciət etdim lakin baxılmadı. Deyirlər ki, araşdırılır. Amma uzun müddətdir ki, heç bir cavab verilmir. Sizdən xahiş edirəm ki, məsələni ictimailəşdirin ki, hər kəs belə bir işlərdən xəbərdar olub aldanmasın. Hərçənd ki, Hyundai şirkəti hətta 200 min sürülmüş maşında da zavod deffekti aşkarlanırsa, dərhal geri çağırır. İndi necə oldu, servis mühərrikin təmirindən boyun qaçırdır? Bəzi sıxıntılarım olduğu üçün məhkəməyə vermək fürsəti tapa bilmirəm. Lakin məsələ ilə bağlı yaxında məhkəməyə müraciət edəcəm və bütün sənədləri məhkəməyə təqdim edəcəyəm”. Məsələ ilə bağlı BiG.Az-a açıqlama verən şirkətin zəmanət şöbəsinin yetkilisi bu barədə məlumat vermək hüquqlarının olmadığını, bu məlumatın yalnız həmin şikayətçinin özünə verilə biləcəyini bildirdi. Həmçinin telefon danışığı zamanı belə halların çox olduğunu, söhbətin isə hansı şikayətdən getdiyini bilmədiyini bildirib. Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı BiG.Az-a açıqlama verərək Hunday avtomobilləri ilə bağlı son günlər belə şikayətlərins ayının çoxaldığını, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib: “Rəsmi müqavilə varsa, məhkəməyə müraciət edilə bilər. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin İstehlakçıların hüquqlarını müdafiə idarəsinə müraciət etmək lazımdır. Son günlər Hyundai avtomobilləri ilə bağlı belə şikayətlərin sayı çoxalıb. Mühərrikin tez sıradan çıxması, təhlükəsizlik kəmərlərinin nasaz olması, yəni qəza zamanı açılmaması, ötürücü qurğuların sıradan çıxması və bu kimi hallar insanları narahat edir. Bu da düşünürəm ki, əsassız deyil. Görünür, Azərbaycan üçün yığılan Hyundai-lar ucuz başa gəlir deyə, keyfiyyət məsələsi arxa plana keçir. Vətəndaşlar belə hallarda şirkətə qarşı iddia qaldırıb məhkəmədə öz haqqını tələb etməlidir”. Geri qayıt |