Əsas Səhifə > Gündəm, Manşet > Akim Bədəlovun alternativ enerjisinin alternativsiz sonluğu

Akim Bədəlovun alternativ enerjisinin alternativsiz sonluğu


24-06-2017, 09:57
Akim Bədəlovun alternativ enerjisinin alternativsiz sonluğu
…Enerji dedikdə, istər-istəməz məişət həyatımızda vacib rol oynayan elektrik enerjisi yada düşür. Çünki elektrik enerjisindən təkcə elektrik avadanlıqlarının istifadəsində deyil, həm də digər enerjilərin, əsasən də istilik enerjisinin əldə olunmasında istifadə olunur. Amma təəssüflər olunsun ki, indi bütün dünyada elektrik enerjisini əldə etmək üçün digər yanacaq növlərindən, əsasən də qaz və mazutdan, az hallarda isə suyun (çayların) axın gücündən istifadə olunur. Sonuncunu çıxmaq şərtilə, elektrik enerjisinin qaz və ya mazut, torf, daş kömür və s. yanacaq növlərinin yandırılması ilə əldə olunması isə ekoloji problemlər yaradır, havanın, atmosferin çirklənməsinə gətirib çıxarır. Bu isə ekoloji fəlakətin baş verməsini qaçılmaz edir. Bəs çıxış yolu nədədir?
(Əvvəli 1-ci yazıda)

Külək enerjisindən niyə maksimum istifadə edə bilmirik?

Dövlət Proqramında qeyd edilir ki, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Və 1999-cu ildə Yaponiyanın «Tomen» şirkəti Azərbaycan ET Energetika və Enerji-layihə İnstitutu ilə birlikdə mənbəni müəyyənləşdirmiş, nəticədə Qobustan rayon mərkəzinə yaxın ərazidə ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır. Hətta tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur. Amma bu potensial o səviyyədə «işlək»dir ki, Bakı-Şamaxı magistral yol ilə əhərəkət edən sərnişin və ya sürücülər, turistlər dağların başında göz dağı olan külək enerjisi istehsal etməli olan qurğuların (pərlərin) hərəkətsiz dayanmasına acı təəssüf hissi ilə baxırlar. Eləcə də müşfiqabaq qəsəbəsi ərazisində quraşdırılmış qurğular. Görəsən biz niyə təbii sərvətlərimizin bu qədər düşməniyik, ondan istifadə etmirik, edə bilmirik?

Günəş batareyalarımız imdad diləyir…

«Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər». Bu da Dövlət Proqramında qeyd edilib. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Sən demə, il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Amma günəş enerjisindən istifadəyə gəldikdə… «Təzadlar»ın Araşdırma Qrupunun apardığı müşahidələr göstərir ki, külli miqdarda vəsait xərclənərək yerləşdirilmiş günəş stansiyaları ya işləmir, ya da tam gücü ilə işləyir, bu da hesabat xatirinə, ən yaxşı halda Dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılmış 5 milyon manata yaxın vəsaitin silinməsinə hesablanıb. Bunu günəş batareyalarının quraşdırıldığı ərazilərdəki şirkətlər, əhali və s. infrastruktur sahibləri ilə söhbətimizdə bəlli etdik. Məsələn, Qobustan rayonunun mərkəzinə yaxın ərazidə, dağların sinəsində böyük bir günəş stansiyaları quraşdırılıb. Burada xeyli işçinin də çalışdığını dedilər. Amma bu ərazidə həmin enerjidən bəhrələnən bir obyektə rast gəlmədik. Niyə belədir??? Deyə bilmirik…

Çaylar aşıb-daşıb evlərimizi uçurur, biz isə su enerjisini cilovlaya bilmirik…

Dövlət Proqramından onu da öyrəndik ki, Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə (Dövlət Proqramı 2004-cü ildə qəbul olunub) istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşüb ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir. Və məlum olur ki, ölkəmizdə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Amma yenə də nə sirdirsə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Dövlət Proqramının bu şərtini də lazımi səviyyədə faydalı işə çevirə bilmir… Təsəvvür edin ki, Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib. Bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür. Hansı ki, su elektrik stansiyalarının tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynaya bilər. Amma yenə də səmərəli iş gözə dəymir.
***
Biz biokütlə enerjisinə toxunub vaxt almaq istəmirik. Çünki ölkəmizdə sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Lakin bu sahədə də ekoloji problemlər yaranır ki, bunu effektli hesab etmirik. Çünki söhbət yanma qabiliyyəti olan sənaye tullantılarının, meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantılarının, eləcə də kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantılarının, məişət və kommunal sahələrinin tullantılarını və s. yandırmaqla elektrik enerjisinin alınmasından gedir.

Bəs alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirləri görməli dövlət qurumları indiyədək nə iş görüblər ki, problem yetərincədir?


Dövlət proqramında müvafiq işləri görməli dövlət qurumlarının da adı siyahılanıb. Dövlət əhəmiyyətli həmin tədbirlərin 2005-2007-ci illərdə başa çatdırılması qeyd olunur. Məntiqlə həmin tədbirlər artıq bəhrəsini verməlidir və hələ artıq da olmalıdır… Tədbirlərin siyahısında alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi və ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması.

Bakıda alternativ enerjidən istifadə edilməklə binalar qızdırılır?

Dövlət Proqramında bir məqam da diqqətimizi çəkdi. Məsələn, 2005-2007-ci illərdə görüləcək dövlət əhəmiyyətli tədbirlərdən biri də Abşeron yarımadasında, Mil-Muğan düzənliyində və Naxçıvan MR-da binaların qızdırılması və isti su təchizatı üçün günəş kollektorlarının tətbiqi nəzərdə tutulub. Vallah, Bakıda və ətraf rayonlardakı qəsəbələrdə yaşayan sakinlərdən evlərində günəş batareyası ilə qızdırılan istilik sistemlərinin, yaxud isti su ilə təchiz olunduqlarını soruşduq, lakin «hə» deyən tapmadıq.

Xəzər dənizində niyə külək generatorları quraşdırılmır?

Ən maraqlısı, bilirik ki, Xəzər dənizi ən küləkli su hövzələrindəndir. Sübut: SOKAR-ın dənizçilərinin başına açılan çoxsaylı faciələrin, estakadaların uçurulmasının… baiskarı olan güclü küləklərin şahidiyik. Və Xəzərdə il boyu güclü külək əsir. Elə isə, neftçıxarmada istifadə olunan estakadaların üzərində külək generatorları quraşdırmaqla ən azından, həmin platformaların işıqlandırma və digər sistemlərini ilbou külək enerjisi ilə təmin etmək olar. Elə maraqlısı budur ki, Dövlət /Proqramında belə bir tədbir də nəzərdə tutulub. Belə ki, dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması xüsusi ilə qeyd edilib. Amma çox təəssüflər olsun ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş məlum Dövlət Proqramındakı bu bəndin icrası ilə bağlı «28 may» və Neft Daşlarında çalışan digər strukturların işçilərindən belə faktın şahidi olduqlarını soruşsaq da «Yox!» cavabını aldıq. Bizə isə, ancaq təəssüflənmək qalır. Çünki təbiətin bizə bəxş etdiyi bu nemət də məsuliyyətsizliyimizin qurbanıdır, istifadə edilmir…

Bəs Dövlət Proqramının icrasına məsul nazirlik və şirkətlər niyə susur?
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu

Geri qayıt