Əsas Səhifə > Gündəm, Manşet > "MTN işi"nin zərəçəkmişi intihar edəcəyini deyir
"MTN işi"nin zərəçəkmişi intihar edəcəyini deyir19-06-2017, 09:29 |
“Son 10 gündə ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə 21 teleqram vurmuşam. Xahiş etmişəm ki, məni qəbul edib dinləsinlər. Mənim əmlakımı Eldar Mahmudovun dəstəsi, onun işçisi Cavid Quluzadə ələ keçirib. 2 ildir ki, ”MTN işi" davam edir. Ötən müddət ərzində 2 məhkəməni udmuşam. Nərimanov Rayon Məhkəməsi qanunsuz olaraq əlimdən alınan əmlaklarımın özümə qaytarılması haqda hökm çıxarıb. Apelyasiya Məhkəməsi isə həmin hökmü qüvvədə saxlayıb. Bundan sonra iş Ali Məhkəməyə getdi və hazırda oradadır". İş adamı Maqsud Mahmudov belə deyir. M.Mahmudov deyir ki, 2016-cı ilin əvvəlində o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşını MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib. İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov ”Texnikabank"a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıb. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb. Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadə ilə birğə “Texnikabank”a Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib. 2015-ci ilin oktyabrında MTN-də məlum ”təmizləmə"lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Hökmə görə, 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib. Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəf apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə baxılıb və 8 dekabr 2016-cı ilə təmin edilməməsi haqda qətnamə çıxarılıb. M.Mahmudov deyir ki, həmin qətnamə qüvvəyə minsə də, onun əmlakları özünə qaytarılmır. M.Mahmudov deyir ki, ötən illər ərzində məhkəmə islahatlarının keçirilməsi sahibkarların əksəriyyəti kimi onu da sevindirir: “Prezident gecə-gündüz çalışır, islahatların baş tutması üçün işləyir. Biz sahibkarlar da sevinirik ki, islahatlar bizim yükümüzü azaldacaq, haqq-ədalət yerini tapacaq. Lakin Ali Məhkəmənin hakimi Mehparə Əhmədova görülən işlərə kölgə salır. İyunun 6-da iş üzrə prosesdə hakim qarşı tərəfin qanunsuzluqlarına göz yummağa çalışırdı”. Sahibkar F.Məmmədovla R.Rzayevə müraciətində qeyd edir ki, MTN ləğv olunandan sonra əmlaklarının onlara qaytarılacağına və ədalətin, nəhayət ki, bərpa olunacağına, inamları yaranıb: “Biz sahibkarlar nəyə görə gedib başqa ölkələrdə, başqa şəhərlərdə öz biznesimizi qurmalıyıq? Biz istəyirik ki, iş quraq, 50-60 nəfərə iş yeri yaradaq, gəlir imkanları olsun. Möhtərəm prezident çıxışlarında məmurlara çağırış edir ki, iş adamlarının yolunu bağlamayın, imkan verin işləsinlər. Amma məmurlar bizi müflis etməyincə, mal-mülkümüzü ələ keçirməyincə, işimizi məhv etməyincə dayanmırlar. O yerə çatdırıblar ki, sahibkarlar sözünü demək üçün dama çıxırlar. Özlərini yandırılar. Biz nə edək? Kimdir Mehparə Əhmədova? Niyə özbaşınalıq edir? Məgər bilmir ki, onu prezident təyin edib? Ona hakim statusu, geniş səlahiyyətlər verilib ki, haqq-ədaləti bərpa etsin. Faktlar ortadadır. Mənim əmlaklarımı şantajla, hədə-qorxu ilə əlimdən alıblar. Müflis duruma salınmışam. Mehparə Əhmədova üzləşdiyim qanunsuzluqlara necə göz yuma bilər? Hörmətli ədliyyə naziri ilə Ali Məhkəmə sədrinə vurduğum 21 teleqramda məhz hakimin qanunsuzluqlarını diqqətə çatdırmaq istəmişəm. Hakimin əli ilə Eldar Mahmudovun dəstəsinin əlimdən aldığı əmlaklarımı növbəti dəfə yağmalamaq istəyirlər. Nazirlə sədrdən çox xahiş edirəm ki, məni qəbul edib dinləsinlər. Əgər Eldar Mahmudovun dəstəsi bizim əmlaklarımızı əlimizdən alıb keflərini davam etdirəcəkdilərsə, MTN niyə ləğv olundu? Əmlaklarımız əlimizdən getmişdi, 2 ildir ki, istintaq orqanında, məhkəmələrdə vaxtımız, günümüz, ömrümüz gedir. Əgər hakim Mehparə Əhmədova qanunsuzluq edəcəkdisə, bizim ömrümüzü niyə əlimizdən alırdılar? Səbrimiz tükənib, intihar həddinə çatmışıq”. M.Mahmudov deyir ki, sahibkarlar bu gün də Eldar Mahmudovun dəstəsinin girovluğundadır: “Əmlaklarımızı alıblar, qaytarmırlar, özümüz də bunların hüzurlarına məhkəmələrə gedib-gəlməkdən yorulmuşuq. Bir tərəfdən də Mehparə Əhmədova kimi hakimlərin qismində özlərinə havadarlar tapırlar. Fikrət müəllimdən, Ramiz müəllimdən çox xahiş edirəm, məni qəbul etsinlər. Mən dama çıxıb oradan sözümü demək istəmirəm. Bir neçə gün sonra yenidən proses olacaq. Hakim qeyri-qanuni qərar versə, intihar edəcəyəm. Bəyan edirəm ki, baş verənlərə görə bütün məsuliyyət hakim Mehparə Əhmədovanın üzərindədir. Mənə başqa yol qoymurlar”. \\musavat.com\\ Geri qayıt |