Əsas Səhifə > Gündəm, Manşet > Baba Rzayev bu qədər borcu necə yığır?

Baba Rzayev bu qədər borcu necə yığır?


18-05-2017, 08:55
Baba Rzayev bu qədər borcu necə yığır?
2016-cı ildə Azərbaycanda tariflərin artırılmasına rəğmən «Azərişıq» ASC ötən ili zərərlə başa vurub. Halbuki, rəsmi açıqlamaya əsasən, şirkətin gəliri 26.7 faiz yüksəlib. Yəni maliyyə hesabatına görə, elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub. Bununla belə, xərclərin artımı gəlirləri üstələyib. Paralel olaraq, istifadə olunmuş enerjiyə görə ödəmələr də ötən illərə nisbətən aşağı düşüb.

Rəsmi açıqlamaya əsasən, il ərzində enerji satışına görə istehlakçıların «Azərişıq» ASC-yə borcları 29.3 faiz artıb. Bu ilin əvvəlinə borcun məbləği kritik həddə – 678 milyon manata çatıb. Hesabatda da etiraf olunur ki, şirkət bu məbləğin 44.6 milyon manatının qayıtmasına şübhəylə yanaşır.

Qeyd edək ki, «Azərişıq» ASC-yə yaranan külli miqdarda borc heç də vətəndaşların istifadə etdikləri enerjinin haqqını ödəməməsindən qaynaqlanmır. Burada söhbət bir çox dövlət idarələrinin və ayrı-ayrı oliqarx-məmurlara bağlı olan şirkətlərin ödəməni yerinə yetirməməsindən gedir.

Ən maraqlısı isə odur ki, sözügedən dövlət idarələrinin və şirkətlərin «Azərişıq» ASC-yə borcu qalmasının ən böyük səbəbi israfçılığa yol vermələridir. Buna misal olaraq az əvvəl Bakının mərkəzində çəkdiyimiz fotonu göstərə bilərik. Hansı ki, günorta saatları olmasına rəğmən paytaxt ın mərkəzində yerləşən küçə və meydanların, parkların bir çoxunda işıqlar hələ də yanır. Halbuki, vaxtilə mərhum prezident Heydər Əliyevin göstərişi ilə gecə saat 12:00-da şəhərin bütün park və küçələrində işıqlar söndürülürdü.

Bu gün isə nəinki gecə saat 12-də və ya sübh çağı, hətta gündüzlər də işıqlar fasiləsiz olaraq yanır. Buna isə nə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), nə də «Azərişıq» ASC nəzarət etmək istəmir. Sözsüz ki, bu da külli miqdarda dövlət vəsaitinin “havaya sovrulması” ilə nəticələnir.

Dəhşətlisi isə odur ki, «Azərişıq» ASC bu məsələyə “Günün hansı saatlarında istifadə etmələrindən asılı olmayaraq, biz abonentlərdən pulumuzu alırıq, BŞİH-ə müraciət edin” – deyə yanaşır.
Hurriyyet.org

Baba Rzayev bu qədər borcu necə yığır?

Geri qayıt