Əsas Səhifə > Gündəm, Manşet > Tovuzda torpaq qalmaqalı...
Tovuzda torpaq qalmaqalı...1-05-2017, 09:12 |
Tovuz rayonunun Qovlar şəhərində, hüquqi ünvanı olmayan bir yaşayış massivi var. Buranı sakinlər "Vahidin zapravkasının yanı", yaxud "Qovlarla-Quşçunun arası" kimi tanıyır və tanıdırlar. Burada yerləşən evlərin həyətyanı sahələri, 1994-1995-ci illərdə Tovuz Xalq Deputatları Sovetinin (XDS) İcraiyyə Komitəsi tərəfindən əhaliyə paylanıb. Həyətyanı sahələrin sənədlərinin düzəldilməsi bir yana qalsın, 1997-ci il torpaq islahatları zamanı, bu torpaqların bir hissəsinin pay torpağı olaraq başqa bir vətəndaşa verilməsi də yeni problem meydana çıxarıb. Ərazinin sakini Zahid Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirir ki, hazırda 30-a yaxın ev olan bu küçədə, heç bir evin sənədi yoxdur: "Tovuz rayonunun hazırkı icra başçısı Tofiq Zeynalov o vaxt Qovlarda sovxoz direktoru işləyirdi. Sovxozda adı olanlara bir möhürlü kağız verirdi ki, bura sənin torpağındır. Sonradan bildik ki, buraların heç bir hüquqi sənədi yoxdur". "1996-cı ildə torpaq aldım, 1999-cu ildə evi tikdim. O vaxtdan işıq pulu, sonradan qaz pulu ödəyirəm. Amma bu problem ortaya çıxandan sonra bildik ki, verilən pay torpaqlarının sənədi var, amma bizim həyətyanı sahələrin yoxdur" — Həsənov deyir. Küçənin digər sakini Həmidə Abbasova da bu torpağı həyətyanı sahə kimi 1994-cü ildə sovxoz direktorunun imzası ilə aldığını bildirir. Həmin ildən başlayaraq burada ev tikintisinə başlayıb. Çöl torpağı ilə araya ağaclar basdırıb. "1998-ci ildə ərazilər pay torpaqlarına bölündü. Bizim qarşımızdakı torpaq Eldar adlı şəxsə verildi. Aradan bir neçə il keçəndən sonra Eldar gəldi ki, sizin ağaclıq əraziniz və yolunuz mənim pay torpağıma düşür. Neçə vaxtdır davadayıq. O gün traktor gətirərək yolumuzu qazıb, arx çəkib. Yolumuz bağlanıb. Bir maşın zorla keçir. Hər yerə ayaq döysək də, gəlib bir yoluna qoyan yoxdur. Mən özbaşına tikməmişəm ki! Torpağı bizə verən olub ki, tikmişik də" – Abbasova şikayətlənir. Daha bir sakin Fərmail İsmayılov 1990-cı ildə Fərqanə hadisələrindən sonra Azərbaycana pənah gətirib. Qovlarda peşə məktəbinin yataqxanasında məskunlaşaraq sovxozda işə başlayıb. "1994-cü ildə iki qardaş ikimiz də oradan torpaq sahəsi aldıq. Ev tikmək istədik. Sonradan bu problem çıxdı və əl saxladıq. Hələ də yataqxanada yaşayırıq. İndi burada günah nə bizdədir, nə də pay torpağının sahibi olan Eldarda. Hansısa məmurların özbaşınalığı, səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından bu gün əziyyət çəkirik" – İsmayılov danışıq. Dediyinə görə, o vaxt torpaq veriləndə xəritədə işlənməyib: "Sonradan da pay torpaqları paylananda veriblər başqa adama. Neçə illərdir, ərizə yazmadığım dövlət qurumu, şikayət etmədiyim orqan qalmayıb, yenə bir nəticəsi yoxdur. Neçə dəfə bələdiyyəyə getsək də, "bizlik deyil" deyirlər". Qarşı tərəf olaraq qeyd olunan Eldar adlı şəxs isə Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində, əslində məsələnin sakinlərin günahı ucbatından baş verdiyini bildirib: "Həyətyanı torpaqlar veriləndən sonra sakinlər çəpərlərini irəli çəkiblər. O vaxt sovxozun boş torpaqları olub bu ərazi. Sonradan tikintini də artırdıqları ərazidə aparıblar. Hazırda əlimdə olan xəritəyə əsasən, onların evləri tikilən yerə kimi olan ərazi mənim payıma düşür". Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Qovlar Şəhər Bələdiyyəsinin sədri Binnət Hüseynovun sözlərinə görə, bu proses ölkədə bələdiyyə sistemi formalaşmazdan əvvəl baş verib: "Bu baxımdan məsələyə qarışmaq üçün heç bir ixtiyarımız və səlahiyyətimiz yoxdur". Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Sputnik Azərbaycan-a şərhində, bu işdə bir neçə normativ hüquqi aktın toqquşduğunu bildirdi: "Bu səbəbdən məsələ ilə bağlı hər hansı müvafiq icra hakimiyyəti orqanının qərar verə bilməsini absurd hesab edirəm. Bu iş problem halını aldığından, lazımi hüquqi qiyməti bugünkü qanunvericilik əsasında məhkəmə verə bilər". Osmanlının fikrincə, Dövlət Aqrar İslahat Komissiyasının verdiyi sənədlər yekun sənəd olduğundan, daha çox hüquqi qüvvəyə malikdir: "Belə olduğu halda vətəndaşa dəyən ziyan sakinlər tərəfindən ödənilməklə problemin həlli mümkündür. Tovuz rayonu aqrar rayon olduğundan, kənd təsərrüfatı təyinatlı torpaqlar o qədər də baha deyil və daha az maliyyə ilə bu işi yoluna qoymaq mümkündür". Geri qayıt |