Əsas Səhifə > Gündəm, Manşet > Qəbələdə nazirin adından kim istifadə edir?

Qəbələdə nazirin adından kim istifadə edir?


19-04-2017, 08:51
Qəbələdə nazirin adından kim istifadə edir?
Turizm artıq dünyanın sürətlə inkişaf edən ən gəlirli sahələrindən birinə çevrilib. Azərbaycanın da gözəl təbiətinə, strateji coğrafiyasına, zəngin mədəniyyətinə görə dünyanın ən perspektivli turizm ölkəsindən biri olmağa böyük potensialı var. Artıq iki ildir ki, Azərbaycanda turizm iqtisadiyyatın prioritet sahəsi elan edilib.

Prezident İlham Əliyev cənablarının xüsusi diqqətində olan turizm sahəsinin inkişafı üçün dövlət bu sahəyə müxtəlif güzəştlər tətbiq etməkdədir. Turizmin inkişafı üçün dövlət tərəfindən edilən güzəştlərdən biri də restoran və otel biznesi ilə məşğul olan sahibkarlara xidmət tariflərinin müəyyənləşdirilməsində sərbəstliyin verilməsidir. Ancaq təəssüflər olsun ki, dövlətin ümumi iqtisadiyyatın inkişafı üçün yaratdığı bu şəraitdən sui-istifadə edən sahibkarlar da var. Ölkəyə gələn turistlərə restoran, otel və istirahət mərkəzlərində təklif olunan xidmətdən dəfələrlə baha qiymətlərin tələb olunması sonucda həmin turistlərin ölkədən narazı getməsinə səbəb olur.

Bu cür hallar dövlətimizin büdcəsinə ziyan vurmaqdan əlavə, həm də xalqımızın mənfi imicini formalaşdırır.

Ötən ayın 27-də Qlobal.az-a daxil olan məlumat əsasında Qədim Qəbələ" restoranından ərəb turistlərə "sürpriz" - Nahar 620 manat "şot" elədi FOTO” adlı xəbər yayımlamışdıq. Xəbərdə qeyd olunurdu ki, Qəbələ şəhərində yerləşən "Qədim Qəbələ" restoranında Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə istirahətə gələn 15 nəfərlik qrup mart ayının 27-də Qəbələ şəhərinə gediblər. Qrupda 9-u böyük, 6-sı kiçik olmaqla "Qədim Qəbələ" restoranında nahar ediblər. Nahardan sonra hesab təqdim olunanda isə ərəb turistlər əsl şok yaşayıblar. 15 nəfərin bir öynə yeməyi 620 manat edib. Qrup rəhbərinin məlumatına görə, göy-göyərti və digər salatları restoran 120 manata qiymətləndirib”.

Məlumat saytımızda dərc edildikdən sonra oxuculardan xeyli sayda müxtəlif informasiyalar axını başladı.

Qlobal.az-ın əldə etdiyi ilginc məlumatlardan biri Qəbələ rayonunda fəaliyyət göstərən "Qədim Qəbələ” restoranına gedən ərəb turislərin BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysiyənin əmisi uşaqları olub.

Məlumatlara görə, "Qədim Qəbələ” restoranına nahara etməyə gedən səfirin əmisi uşaqları əvvəl menyu istəyiblər, ancaq restoran xidmətçisi menyunun olmadığını bildirib. Bundan sonra isə ərəblər sifariş ediblər.

Digər maraqlı xəbər isə Qəbələ rayonunda fəaliyyət göstərən bəzi restoranların respublikanın yüksək vəzifəli şəxslərinin adlarından istifadə etməsidir. Belə ki, xidmətdən və qiymətlərin bahalığından narazı qalan şəxslər restoran yetkililərinə müvafiq instansiyalara şikayət edəcəklərini bildirdikdə onlara obyektin hansısa nazirə məxsus olduğu bildirilir, kimə istəyirlərsə şikayət etməkləri məsləhət görülür.

Məlumata görə, Qəbələdə adından daha çox sui-istifadə olunan nazir isə Fövqaladə hallar naziri Kəmaləddin Heydərovdur.

Geri qayıt