Əsas Səhifə > Gündəm, Manşet > “Yapı Kredi Bank Azərbaycan”ın başını qara buludlar alıb?

“Yapı Kredi Bank Azərbaycan”ın başını qara buludlar alıb?


22-03-2017, 09:09
“Yapı Kredi Bank Azərbaycan”ın başını qara buludlar alıb?
Bu günlərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin ən önəmli filiallarından birinin bağlanması ölkənin bank sektorunda birmənalı qarşılanmadı. Bir neçə gün əvvəl yayılan məlumatı 365info.az oxucularının diqqətinə çatdırırıq: “Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialına verilmiş icazələr ləğv edilib.

MBNP-dən Trend-ə verilən məlumata görə, Palatanın Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

365info.az-a daxil olan məlumata görə, yaxın günlərdə daha bir neçə bankın filiallarıyla bağlı da qərarlar alınacaq və bu siyahıda “Yapı Kredi Bank Azərbaycan” QSC-nin adının yenə də görünəcəyi istisna olunmur.

Bu ehtimallar nə dərəcədə güclüdür və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “əhatə dairə”sinin daralmasına gətirib-çıxaran amillər nədir? Xatırladaq ki, fevralın 24-də “Yapı Kredi Bank Azərbaycan” QSC filiallarında dollar alış-satışında kəskin fərqin müşahidə edilməsi barədə məlumat yayıldı: “Manatın son günlərə qədər bahalaşmasına baxmayaraq banklarda dolların alqı-satqısı arasındakı kəskin fərq narazılıqlara səbəb olur.

Məsələn, “Yapı Kredi Bank Azərbaycan” 1.6594 manata aldığı dolları 1.8300 manata müştərilərə satıb. Bu isə təxminən 1 dollarda 20 qəpik, hər 100 dollarda isə 20 manat gəlir deməkdir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mətbuat xidmətindən cebhe.info-ya verilən məlumata görə, hazırda “Yapı Kredi Bank”da rəsmi məzənnə 1.70-1.82 manatdır: “Yəni, dolları 1.71 manata alaraq müştərilərə 1.82 manata satırıq. Hətta aparılan əməliyyatlar zamanı bankın filiallarında fərdi kurslar da tətbiq edilə bilər. Müştərinin bizimlə olan bağlılığından, dəyişmək istədiyi valyutanın həcmindən asılı olaraq ona daha endirimli və güzəştli kurslar təklif edilə bilər. Demək olar ki, bütün müştərilərə güzəştlər edilir”.

Mətbuat xidmətindən verilən məlumata görə, bankdakı məzənnə tələb-təklif əsasında formalaşır. Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollar 1.68 kursu ilə alınaraq 1.85 məzənnəsi ilə satılır: “Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dollları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır. Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır. Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa, bu da süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var”.

365info.az xatırladır ki, son illərdə “Yapı Kredi Bank Azərbaycan”la bağlı ölkə mətbuatında bir çox qalmaqallı yazılar dərc olunub. Bu yazıların bəzilərində sözügedən bank nurçularla, FETÖ ilə əlaqələndirilib: “Yaxın günlərdə bağlanacaq banklardan biri də “Yapı Kredi Bank Azərbaycan” ola bilər. Maliyyə Bazarlarına Nəzarət Palatasına bu barədə göstəriş veriləcək. Belə ki, Türkiyədə uğursuz hərbi çevriliş cəhdində ittiham olunan FETÖ lideri Fətulla Gülənə bağlı olduğu iddia edilən “Yapı Kredi Bank Azərbaycan”in son aylar əməliyyatları da kəskin azalıb.

Buna səbəb FETÖ-ya bağlılıq söz-söhbətlərindən dolayı “Yapı Kredi Bank Azərbaycan”ın müştərilərini başqa seçim etmək zərurəti ilə üz-üzə qoyması olub. Amma göründüyü kimi, dolların nağd mübadiləsində ən çox qazanan bankdır. Belə desək, ən acgöz, tamahkar və soyğunçu bankdır. Ankaradan Bakıya göndərilən məlumatlarda bankın adı qırmızı xəttlə qeyd olunub. “Yapı Kredi Bank Azərbaycan” QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Milli Bankdan 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb” (xeberfakt.az).

365info.az mətbuatda “Yapı Kredi Bank Azərbaycan” haqqında yayılan ittihamları bölüşmür, lakin bəzi məqamlar diqqəti çəkir ki, aydınlıq gətirilməsinə ehtiyac hiss olunur. Sözügedən bankın nurçularla əlaqəsindən söz açan bu məlumatı da oxucuların diqqətinə çatdırırıq: “Araşdırmalar zamanı belə aydınlaşıb ki, nurçularla bağlı olduğu iddia edilən AAAF Park şirkəti Türkiyəyə pul daşınmasını Azərbaycanda fəaliyyət göstərən bir neçə bankla reallaşdırıb. Onlardan birinin“Yapı Kredi Bank Azərbaycan”, digərinin isə Azər-Türk Bank olduğu deyilir. Hər iki bank vasitəsi ilə külli miqdarda vəsaitin ölkədən çıxarıldığı vurğulanır” (bizimxeber.az).

365info.az ümid edir ki, “Yapı Kredi Bank Azərbaycan” haqqında son günlər tirajlanan məlumatlara aydınlıq gətiriləcək. Azərbaycanın bank sektorunda nəhənglərdən hesab olunan bu bankın taleyi əmanətçilərdə də narahatlıq doğurmaya bilməz.

Geri qayıt