Əsas Səhifə > Gündəm, Manşet > Hakim komandada ciddi dəyişiklik gözlənilir

Hakim komandada ciddi dəyişiklik gözlənilir


1-03-2017, 08:24
Hakim komandada ciddi dəyişiklik gözlənilir
Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanı 1-ci vitse-prezident vəzifəsinə təyin etdi. Bu təyinat, əslində kifayət qədər gözlənilən də olsa, ölkə və xaricdə xeyli geniş diqqət və müzakirələrə səbəb oldu.Məsələylə bağlı Reyting.az-a açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə deyib ki, Mehriban Əliyevanın 1-ci vitse-prezident vəzifəsinə təyinatına ölkədə əsasən üç cür yanaşma var:

"Birinci qrup - iqtidar, hakim partiya nümayəndələri və yaxın tərəfdarlarıdır ki, təbii olaraq, öz komanda liderinin hər bir addımını, xüsusilə də, bu addımını tam dəstəkləyir, hakimiyyətləri və ümumi ölkə üçün önəmli sayırlar.

İkinci qrup - iqtidar opponenti sayılan siyasi müxalifətdir ki, iqtidarın hər addımını, xüsusilə, son təyinatı qəti olaraq bəyənmir, ölkə və onun inkişafı üçün zərərli sayırlar.

Üçüncü qrup - konstruktiv müxalifət də daxil olmaqla, ölkənin neytral, partiyasız mütləq çoxluğudur ki, bu məsələyə loyal yanaşır, ölkədə çoxdan gözlənilən dəyişikliklər üçün ciddi addım ümidi ilə baxırlar.

Hər hansı siyasi qərəzə qapılmadan, soyuq başla, sağlam düşüncəni və güclü məntiqi əsas götürərək deyim ki, bu təyinatı təəccüblü görmürəm. Bunun idarəçiliyin güclənməsi və islahatlı inkişaf üçün effektli və xeyirli ola biləcəyinə ümidlə yanaşıram".

Müshibimiz qeyd edib ki, bu təyinatın, hakimiyyətin varisə ötürülməsi kimi, xüsusi məqsəd daşıması barədə fikirlər də əsaslı və məntiqli görsənmir.

Onun qənaətincə, bu təyinatın, yuxarı-mərkəzi hakimiyyəti daha da gücləndirməsi məntiqini əsas götürsək, ölkəni düşdüyü böhrandan çıxarma istiqamətli ciddi, köklü dəyişikliklər məqsədi daşıması daha realdır:

"İdarəetmədə məmur qüsurları, korrupsiya və oliqarxiya fəsadları indiki böhran dövründə təcili, ciddi, kəskin struktur və kadr dəyişikliyini labüd edir. Bu isə, yalnız möhkəm, dayanıqlı və güclü hakimiyyətin işidir. Ölkənin bütün sahələrinə dərin kök salmış "asminoq" oliqarxiya sistemini qoparıb atmaq kimi asan olmayan addımı isə, çox güclü hakimiyyət zirvəsi ata bilər. Bu zirvə ən yaxın və etibarlı kadrlar hesabına yarana bilər".

İ.Altay vurğulayıb ki, baş verən hazırkı kəskin dönüşün, dəyişikliyin, islahatların nə qədər, hansı istiqamətdə davam edib, ölkəmizə, xalqımıza, dövlətimizə hansı xeyir və inkişafı gətirəcəyini isə zaman göstərəcək.

Hüquqşünasın qənaətincə, qarşıdakı vitse-prezident və digər mühüm təyinatlar olduqca, mənzərə daha aydın görsənəcək.


Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi gözlənilən qərarlardan biri olub. Onun qənaətincə, M.Əliyeva Prezidentin həyat yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardan sayılır:

"Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb. O, ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır. Birinci xanımın bu və ya digər məsələlərə konkret münasibəti haqqında məlumat az olsa da, ancaq o da bəllidir ki, Əliyevanın müəyyən istiqamətlər üzrə siyasətin korrektəsində və bəzi təyinatlarda rolu olub. Doğrudur, Mehriban Əliyeva bugünə qədər humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin keçirilməsi, amnistiya aktlarının hazırlanması vədigər məsələlər aiddir. İndi isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək".

Politoloq qeyd edib ki, M.Əliyevanın 1-ci vitse-prezident təyinatında iki əsas səbəb mühüm rol oynaya bilər:

"Birinci səbəb odur ki, Prezident ətrafındakı fiqurların çoxuna etibar etmir. Həmin fiqurlardan hər hansı birinin 1-ci vitse-prezident təyinatı hakimiyyət içində onunla rəqabətdə olan qrup arasında münaqişənin artmasına şərait yaradacaqdı. Əliyevanın 1-ci vitse-prezidentliyi isə hakimiyyət içindəki bütün fiqurlar tərəfindən müsbət qarşılanacaq. Bu təyinat İlham Əliyev-Mehriban Əliyeva tandeminin rəsmiləşdirilməsi kimi qəbul olunacaq.

İkinci səbəb odur ki, böyük ehtimalla dövlət başçısı artıq indidən gələcək varisi haqqında düşünür.

Məsələ burasındadır ki, Mehriban Əliyeva hakimiyyət içində bəlkə də yeganə şəxsdir ki, varis planına uyğun gəlir. Prezident İlham Əliyevin Mehriban Əliyevanı 1-ci vitse-prezident təyin etməsi böyük ehtimalla gələcək Prezidentin kimliyini də müəyyənləşdirib".

E.Şahinoğlu vurğulayıb ki, M.Əliyeva bu təyinatla ölkədə ikinci fiqura çevrilib: "Bu, hakimiyyət daxilində yaşlaşan baş nazir Artur Rasi-zadənin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi fiqurların arxa plana keçməsini və gənclərin irəli çəkilməsi prosesini də sürətləndirə bilər".

E.Şahinoğlu qeyd edib ki, hakimiyyət daxilində bəzi gənclərin nazir postlarına cəlb edilməsində M.Əliyevanın da rolu olub: "1-ci vitse-prezident olaraq Mehriban Əliyeva bu prosesi sürətləndirməlidir".

Geri qayıt