Əsas Səhifə > Gündəm, Manşet > "Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından cana doymuşuq"

"Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından cana doymuşuq"


24-02-2017, 07:12
"Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından cana doymuşuq"
Redaksiyamızın elektron poçtuna Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən şikayət daxil olub.

Şikayət müəllifləri DİA.AZ-a yazırlar: "Artıq bir aya yaxındır ki, Hesablama Palatası Gəncə şəhər Səhiyyə İdarəsində yoxlamalar keçirir. Bu yoxlamaları bəhanə gətirərək Gəncə ş. İH-nin başçısı Elmar Vəliyev adəti üzrə, həmişə olduğu kimi Gəncə ş. səhiyyə müəssisələrindən haqq istəyir, Gəncədə fəaliyyət göstərən hər bir xəstəxana 30-70 min manat arasında Elmar Vəliyevə haqq verməlidir. Səbəb kimi də Hesablama Palatasını "razı salmaq üçün" Elmar Vəliyevin Palataya verəcəyi rüşvət göstərilir. Gəncə həkimləri olaraq biz bəyan edirik, bu yalandır! Artıq cana doymuşuq Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından!"

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bu hal Gəncədə mütəmadi təkrarlanır, həkimlərin şərəf və ləyaqəti təhqir olunur, Baş həkimlər hədələnir, etiraz etmək istəyən həkimlərə təzyiq olunur, ixtisarlar və həbslərlə qorxudulurlar. Səhiyyə müəssisələrinin işçiləri təzyiq altında, qorxudularaq onlardan külli miqdarda haqq yığılmasına cəlb olunurlar. Məlum səbəblərdən həkimlər təqibə məruz qalacaqlarından qorxurlar. Gəncədən yığılan pulların müqabilində Elmar Vəliyev Hacıkənd qəsəbəsində, Mixaylovka kəndində, Gəncə ş. 4 saylı orta məktəbin yanında və şəhərin digər yerlərində dəbdəbəli villalar, istirahət məkanları tikdirib. Mixaylovka kəndindəki villasında Elmar Vəliyevin cins itləri üçün ayrıca ev tikilib, yeraltı üzmə hovuzu inşa edilib. Vəliyevin "Lexus" markalı zirehli avtomobilinin qiyməti yarım milyon manatdan çoxdur. Gəncənin həkim kollektivi acınacaqlı haldadır, Elmar Vəliyevin Gəncə xəstəxanalarından yığdığı haqq həkimləri cana doydurub. Sosial vəziyyətin onsuz da ağır olduğu Gəncədə səhiyyə işçilərinin təhqir edilməsi və onların Elmar Vəliyev tərəfindən təzyiqə məruz qalması həkimlərin etiraz aksiyalarına başlamasına səbəb olacaq".

Müraciət müəllifləri dia-az.life-a yolladıqları məktublarını belə bitirirlər: "Sizdən xahiş edirik, bu məsələni ictimailəşdirin, səsimizi eşitsinlər. Həkimlər bu məktubu təzyiqdən və hədələrdən bezərək yazıblar. Onsuz da həkim kimi kasıb həyatımızdan bezmişik, bu haqq yığımı da səbr kasamızı daşırdıb. Gəncə şəhər səhiyyəsinin acınacaqlı hala salınmasında məhz Elmar Vəliyevin "xidmətləri" xüsusi rol oynayıb.

İmza: Alçaldılmış və təhqir edilmiş Gəncə ş. səhiyyə işçiləri"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt