Əsas Səhifə > Gündəm, Manşet > “Dəmirbank”dan yoxa çıxan 3 milyon dollar terrorçuların əlinə keçə bilər
“Dəmirbank”dan yoxa çıxan 3 milyon dollar terrorçuların əlinə keçə bilər21-02-2017, 08:20 |
Bu günlərdə “Dəmirbank”dan 3 milyon dollar oğurlanması barədə xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesabları araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər hakerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır. “Dəmirbank”ın marketinq direktoru Anar Bayramov deyib ki, faktla bağlı informasiyaya malik deyil. Göründüyü kimi, Azərbaycanın tanınan bankından 3 milyon dollar oğurlanıb. Adətən banklardan böyük məbləğlərdə pul yoxa çıxanda mütəxəssisləri, ekspertləri haker hücumları ilə yanaşı digər ehtimallar da narahat edir. Bu ehtimallardan biri də külli miqdarda pulun terror təşkilatlarının əlinə keçə bilməsidir. Son zamanlar Azərbaycanda terror təşkilatlarının hərəkətliliyi hiss edilir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son 4-5 ayda keçirdiyi uğurlu antiterror əməliyyatlarında 10-a yaxın təhlükəli terrorçu məhv edilib. Bu əməliyyatlar haqda məlumatlardan aydın olur ki, ölkəmiz çox ciddi təhlükə ilə qarşı-qarşıya dayanıb. Bütün dünyanı təhdid edən terror ölkəmizin sərhədlərini aşıb. Azərbaycan hüquq-mühafizə orqanları və xüsusi xidmət qurumları hələlik teraktların qarşısını alırlar. Bakıda, ölkənin paytaxtında, əhalinin sıx məskunlaşdığı arealda antiterror əməliyyatı keçirilirsə, onların məhv edilməsi ilə bağlı rəsmi məlumatlar yayılırsa, təhlükənin bizimlə nəfəs-nəfəsə dayandığını söyləməyə əsas var. Belə bir şəraitdə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən terror təşkilatlarının, İŞİD və digərlərinin ölkəmiz üzərindən külli miqdarda “qara” pul ötürməyə cəhd etməsi də istisna deyil. Beynəlxalq təcrübədə belə ötürmələrə ara-sıra rast gəlinir. Sirr deyil ki, din pərdəsi altında fəaliyyət göstərən terrorçu təşkilatlar digər sektorlara öz adamlarını yerləşdirdiyi kimi, bank sektorunda da onlarla əlaqələri olan şəxslərin mövcudluğu istisna edilmir. Və ya bank sektorunda çalışanları din adı altında təsir altına salıb, öz sıralarına cəlb edə, onların vasitəsilə öz çirkin əməllərini həyata keçirə bilirlər. “Dəmirbank”dan yoxa çıxan 3 milyon məsələsi diqqəti bu məsələyə çəkməyə bilmir. Azərbaycanın tanınan banklarından biri olan bu bankda pulların yoxa çıxmasının arxasında yuxarıda bəhs etdiyimiz məsələ dayana bilərmi? Heç şübhəsiz ki, hüquq-mühafizə orqanları bankdan yoxa çıxan 3 milyon dollarla bağlı araşdırmalara başlayıblar. Biz iddia etmirik ki, pulları bankdan terror təşkilatları oğurlayıb, bankda terrorçuluğa dəstək verənlər var. Bunu deməyə və isbat etməyə əlimizdə heç bir fakt yoxdur. Sadəcə olaraq, medianın bir işi də bu cür vəziyyətlərdə mümkün variantları ictimai müzakirəyə çıxarmaqdır. Bununla da mövzuya həssaslıq bir qədər də artmış olur. “Dəmirbank”dan 3 milyon dolların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindəki haker qrupu tərəfindən ələ keçirilməsi də istisna deyil. Ötən ilin aprelində redaksiyamıza daxil olan məlumata bildirilirdi ki, Eldar Mahmudovun MTN-də mənzillənən çetesinə haker qrupu da daxil olub. Sabiq nazirin susqun razılığı ilə həmin hakerlər vasitəsilə müxtəlif bankların sisteminə hücumlar təşkil olunub. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi öz kadrlarını təklif edib yerləşdiriblər. Beləliklə də banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub. Redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib. Həmin yazıdan sitat: “Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. Bu haqda redaksiyamızı bilgiləndirən qaynağımız deyib ki, 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər. Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb. Məsələni ABŞ-ın müvafiq qurumları araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib. Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib. Araşdırmalar zamanı həmçinin pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər. Qaynağımız bildirib ki, bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub”. Tamamilə mümkündür ki, həmin haker qrupu hazırda azadlıqda olan E.Mahmudovun nəzarətindədir və qrup vasitəsilə sabiq nazir özünün şəxsi ambisiyalarından çıxış edərək bankları nəzarətindən çıxmağa imkan verməməyə çalışır. Adının gizli qalması şərti ilə mövzunu “Yeni Müsavat”a şərh edən ekspert bildirib ki, bu, tamamilə mümkün məsələdir: “Yoxa çıxan 3 milyonla bağlı bankın ictimaiyyətə tutarlı açıqlama verməməsi şübhələri bir qədər artırır. Bank hadisəni olmamış kimi təqdim edir. Amma mətbuatda bunca ciddi xəbərin əsası olmadan yayılması da inandırıcı görünmür. İnsanlarda bu əməlin arxasında hakerlərdən çox terror təşkilatlarının dayandığı fikri formalaşır. Yaxşı olardı ki, ayrı-ayrı qurumlar bu məsələ ilə bağlı müfəssəl açıqlama versinlər”. Mövzu ilə bağlı “Dəmirbank”ın mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |