Əsas Səhifə > Gündəm, Manşet > Köçkünlər yataqxanalarda istilik təchizatı tələb edirlər

Köçkünlər yataqxanalarda istilik təchizatı tələb edirlər


14-02-2017, 07:11
Köçkünlər yataqxanalarda istilik təchizatı tələb edirlər
Məcburi köçkünlər QMİDK sədri Əli Həsənova müraciətlərində soyuq payız-qış aylarında elektrik enerjisi sərfiyyatının çox olması səbəbindən ahıl, xəstə və tənha insanlar, eləcə də aztəminatlı ailələr tərəfindən kommunal xərclərin ödənməsində problemlər yaranacağını vurğulayırlar.

Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlər üçün 2017-ci il yanvarın 1-dək edilən kommunal xidmətlər güzəştinin pul şəklində onların aylıq müavinətləriniə əlavə edilməsi ilə bağlı fərmanı və buna uyğun olaraq yataqxana, pasionat, uşaq bağçası və s. məkanlarda da elektrik, qaz, su sayğaclarının quraşdırıılması hazırkı şəraitdə zəruri bir addım kimi qarşılanır. Lakin istismar müddəti çoxdan ötmüş, yarımçıq infrastrukturlu məkanlarda məskunlaşmış, aralarında işsiz, aztəminatlı ailələrin hələ də çox olduğu qaçqın və köçkünlər soyuq qış aylarında kommunal xidməti xərclərinin dövlətin ödədiyi limit həddini dəfələrlə keçəcəyi səbəbindən maddi çətinliklərlə üzləşəcəyklərindən ehtiyat edirlər. Belə vətəndaşlar üçün problem yaraqan əsas məsələ yataqxana, pasionat və s. kimi məkanların çoxunda təbii qazın və istilik sisteminin olmamasıdır.

Bakı şəhəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında məskunlaşmış məcburi köçkünlər məhz istilik və qaz təchizatı problemini həlli ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova müraciət ünvanlayıblar. Müraciətdə köçkünlər öncə işğal altındakı yurdlarına qayıtmaq arzularını və dövlətimizin, ordumuzun gücü sayəsində bu arzularının həyata keçəcəyinə inandıqlarıni vurğulayırlar.

Yataqxanada məskunlaşmış 95 köçkün ailəsi adından Moderator.az-a göndərilmiş 140 nəfərin imzaladığı məktubda deyilir:

“Hörmətli Əli müəllim! Öncə onu xatırladaq ki, respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış digər köçkünlər kimi, bizlərin də ən böyük və əsas problemi işğal altındakı torpaqlarımızın azad edilməsidir. Və ümid edirik ki, dövlətimizin, ordumuzun gücü, xalqımızın dəyanəti sayəsində biz öz doğma ocaqlarımıza dönəcəyimiz günləri görəcəyik, inşallah.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ödənilən kommunal xidmət xərcləri limitinin onlara verilən aylıq müavinətlərin üzərinə əlavə edilməsi haqda məlum fərmanına uyğun olaraq yataqxana, pasionatlarda və s. görülən fərdi sayğaclaşdırma işlərini zəruri bir tədbir kimi qarşıladıq. Artıq məskunlaşdığımız yataqxanada da elektrik sayğaclarının quraşdırılması işləri başa çatmaq üzrədir. Lakin nəzərə almaq lazımdır ki, bir sıra yataqxanalarda olduğu kimi, bu binada da sovet dövründən qalma istilik sistemləri sıradan çıxıb. Qaz isə yalnız ümumi mətbəxlərdə istehlak edilir. Bu səbəblərdən payız-qış aylarında otaqların normal qızdırılması yalnız elektrik enerjisi hesabına təmin edilir. Üstəlik, ümumi mətbəxlərdəki az sayda qaz plitələrinin istismar müddəti çoxdan bitdiyindən təhlükəli olmaqla yanaşı, onların üzərində normal qaydada çay, xörək hazırlamaq da müşkülə çevrilib. Odur ki, sakinlər bu problemlərini də əsasən öz dar otaqlarındakı elektrik plitələri hesabına həll edirlər.
Onu da nəzərə almaq lazımdır ki, yataqxanada onlarla xəstə, ahıl insan məskunlaşıb. Bəzi otaqlarda yalnız qoca və xəstə ər-arvad yaşayır. Tənha yaşayanlar da var. Aydındır ki, belə ailələr soyuq qış günlərində qızınmaq üçün bütün sutka boyu elektrik plitələrini yandırmalıdırlar. Bu cür ahıl adamların ümumi mətbəxə gedib növbəyə duraraq xörək hazırlaması da qeyri-mümkündür. Odur ki, belə ailələrin ay ərzindəki elektrik enerjisi sərfiyyatı müəyyən olunmuş limiti dəfələrlə ötüb keçəcək. Və təbii ki, bu halda Tarif Şurasının son qərarına əsasən 2016-cı il dekabrın 1-dən ölkədəki hər bir enerji istehlakçısına aid edilən limitdən çox elektrik istehlak etmiş köçkünlər də daha çox xərcə düçəcəklər. Və beləliklə, yataqxanada ağır vəziyyətdə yaşayan bu insanların da aldığı pensiya və çörəkpulunun xeyli hissəsi yalnız kommunal xərclərə sərf ediləcək. Onu da nəzərə almaq lazımdır ki, binadakı köçkünlər arasında yalnız çörəkpulu ümidinə qalan işsizlər də xeylidir. Bu minvalla, ümumiyyətlə, yataqxana sakinləri tərəfindən kommunal xərclərin ödənməsində problemlər yaranacaq ki, bu da müvafiq qurumlar üçün də əlavə baş ağrısına çevriləcək. Ancaq yataqxanamızda istilik sisteminin bərpa olunması və qaz istehlakının normallaşdırılması üçün müvafiq tədbirlər görülərsə, imkansız ailələrin üzərinə düşən yük xeyli yüngülləşər. Və nəticədə kommunal xərclərin ödənməsində də ciddi problem yaşanmaz.
Hörmətli Əli müəllim! Öncə qeyd etdiyimiz kimi, rəhbəri olduğunuz Komitənin və bilavasitə Yasamal şöbəsinin əməkdaşları arasında yataqxanamızdakı vəziyyətlə maraqlananlar da yaxşı bilir ki, bu binada sovet dövründən qalma istilik qazanxanası mövcud olub və burada istilik sistemin bərpa etmək texniki baxımdan mümkündür. Binada tələbələrinin yaşadığı Dövlət İdarəçilik Akademiyası rəhbərliyindən də bildirilib ki, yataqxanaya istilik sistemi çəkilməsinə bacardıqları maddi dəstəyi verməyə hazırdırlar. Yataqxanada erməni işğalı altındakı müxtəlif rayonlardan məskunlaşmış köçkünlər ayrı-ayrılıqda sakini olduqları rayonların icra hakimiyyətərinə də müraciətlər ünvanlayıblar. Hesab edirik ki, bu işə sahibkarların da dəstəyini cəlb etmək mümkündür.

Hörmətli Əli müəllim! Bilirik ki, dövlət başçısının göstərişi ilə Sizin rəhbərliyiniz altında yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin köçürülməsi üçün növbəti yeni binalar tikilməsi istiqamətində tədbirlər görülür. Ancaq gerçəklik belədir ki, hazırda dünyada gedən iqtisadi böhran şəraitində bu proses hələ bir neçə il çəkəcək. Və bu illər ərzində bizlərin də bir vətəndaş olaraq nisbətən normal şəraitdə yaşamaq haqqımız var. Odur ki, söylədiklərimizi nəzərə alıb məskunlaşdığımız yataqxanada istilik təchizatı və qaz paylanışı və istehlakı probleminin həll edilməsindən ötrü müvafiq tədbirlər görülməsi üçün səlahiyyətiniz çərçivəsində göstərişlər verəcəyinizə və hökumət qarşısında məsələ qaldıracağınıza ümid edirik.
Hörmətlə, məcburi köçkün vətəndaşlar (95 köçkün ailəsi adından cəmi 140 imza)

3 fevral 2017-ci il”

Köçkünlər yataqxanalarda istilik təchizatı tələb edirlər
Köçkünlər yataqxanalarda istilik təchizatı tələb edirlər

Geri qayıt