Əsas Səhifə > Gündəm, Manşet > İş adamı Enerji Gömrük İdarəsindən Prezident yanında Apellyasiya Şurasına şikayət etdi

İş adamı Enerji Gömrük İdarəsindən Prezident yanında Apellyasiya Şurasına şikayət etdi


11-02-2017, 09:01
İş adamı Enerji Gömrük İdarəsindən Prezident yanında Apellyasiya Şurasına şikayət etdi
Bu günlərdə “Rovel Trading” MMC-nin direktoru İntiqam Əliabbas oğlu Həsənov Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və həmin idarədə maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin ondan və şəriki Həmid Vəkilovdan qisas almağa çalışması barədə LEGİON-a açıqlama vermişdi.

Fevralın 10-da LEGİON-la yenidən əlaqə saxlayan iş adamı bildirdi ki, məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə müraciət ünvanlayıb.

Sözügedən müraciətin mətnini oxuculara təqdim edirik:

“Hörmətli Eldar müəllim!

Əvvəla qeyd edim ki, 2016-cı ilin oktyabrında mənim şərikim Həmid Vəkilov Sizə müraciət ünvanlamış, Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin idxal edilən malları rəsmiləşdirməkdə maneə törətdiyini bildirmişdi.

Həmid Vəkilovun Sizə və mətbuata etdiyi şikayətlərdən sonra, eyni zamanda Sizin müvafiq tədbirləriniz nəticəsində həmin süründürməçiliyə son verilsə də, bu dəfə Rəfael Niftəliyev “Rovel Trading” şirkətini sıxışdırmağa başlayıb.

Oktyabrın 21-də bizim idxal etdiyimiz 2 maşın akkumlyatorun gömrük bəyannaməsi verildiyi və dövlət rüsumu keçirildiyi halda, R.Niftəliyev bizim malımızı rəsmiləşdirmək istəmir. Sözügedən gömrük bəyannaməsinin surətini müraciətimə əlavə edirəm.

Mənim ortağımın Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına şikayət etməsi Dövlət Gömrük Komitəsi və Enerji Gömrük İdarəsinin rəhbərliyindəki məmurların qəzəbinə səbəb olub.

Əvvəla, bu qərəzli münasibət DGK sədrinin müavini Səfər Mehdiyevlə qohum olduğu deyilən Rəfael Niftəliyevin təzyiqlərinə etiraz etdiyimizə görə başladı. O, bizi özünə yaxın sığorta şirkətinə yönəltməyə çalışmasından sonra başladı. Hər bir sahibkardan məcburən 300 manat sığorta pulu alınır. Mən və Həmid Vəkilov məhz Rəfael Niftəliyevin “müəyyən” etdiyi şirkətə sığorta pulu verməkdən imtina etdikdən sonra, R.Niftəliyev bizimlə intriqaya başladı. O, bizim gömrük bəyannamələrimizdə göstərilən “in voice” rəqəmlərinin real qiymətlə düzgün olmadığını boynumuza qoymağa çalışır və idxal etdiyimiz malları rəsmiləşdirməkdən boyun qaçırır.

Həmid Vəkilova etdiyi təzyiqlərə son verməyə məcbur qalan Rəfael Niftəliyev son 3 ayda birbaşa şirkəti hədəf götürüb və bizim anbarda olan 2 maşın akkumlyatoru təsdiqləməkdən boyun qaçırır. Enerji Gömrük İdarəsi açıq-aşkar bizdən qisas almağa çalışır.

Gömrük Enerji İdarəsinin rəisi Vaqif İbrahimov və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev məqsədli şəkildə, anbardakı malların əksəriyyətinin guya yerində olmadığı barədə saxta akt tərtib edib. Anbarda bir kənardan şəkil çəkərək, guya 2200 akkumlyatordan 1800-ünün yerində olmadığına dair, bizim iştirakımız olmadan saxta akt tərtib ediblər.

Bu akta isə özləriylə gətirdikləri “şahid”lər qol çəkiblər. Artıq 3 aya yaxındır ki, biz məhkəmədə çəkişirik. Binəqədi Rayon Məhkəməsi bizə malın dəyərinin 50 faizi qədər cərimə yazdı. Bakı Apellyasiya Məhkəməsi o qətnaməni ləğv edib geri göndərdi, lakin təəssüf ki, Binəqədi Rayon Məhkəməsi yenə də heç bir araşdırma aparmadan, Enerji Görmük İdarəsinin xeyrinə qərar çıxardı.

Artıq bir neçə aydır “Rovel Trading” MMC idxal etdiyi akkumlyatorları sata bilmir. Lakin DGK rəsmiləri iddia edirlər ki, guya biz bu malı satmışıq. Məhkəmədə o malların yerində olub-olmadığını araşdırmaq istəmir.

Hesab edirəm ki, Vaqif İbrahimov, Rəfael Niftəliyev və onu himayə edən şəxslər birbaşa Prezidentin siyasətinə qarşı gedirlər. Çünki dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkədə sahibkarların fəaliyyətinə münbit şərait yaradılmalıdır. Bu şəraitin yaranmasına isə ən birinci maneəni sahibkarlara qərəzli yanaşan gömrük məmurları törədir.

Hörmətli Eldar müəllim!

Sizdən xahiş edirəm, bu məsələni nəzarətə götürəsiniz və “Rovel Trading” şirkətinə qarşı törədilən süni maneələrin aradan qalxmasına kömək edəsiniz.

Hörmətlə, İntiqam Əliabbas oğlu Həsənov”.

Geri qayıt