Əsas Səhifə > Gündəm, Manşet > “Eldar Mahmudov zəng edib tapşırdı, Arif Alışanov da bizi işdən çıxardı”
“Eldar Mahmudov zəng edib tapşırdı, Arif Alışanov da bizi işdən çıxardı”28-12-2016, 08:33 |
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində uzun müddət fəaliyyət göstərən, bu televiziyanı özünə ikinci evi sayanların oradan uzaqlaşdırılmasını haqsızlıq hesab edən narazıların giley-güzarı mətbuatda daha çox artmağa başlayıb. Ötən yazılarımızda dünyaca tanınmış mərhum sənətkar Rəşid Behbudovun qızı, müəğnni Rəşidə Rəşidin, uzun illər Az.TV-nin musiqi redaksiyasında rejissor işləmiş Nərgiz Cabbarovanın, televiziya mühəndisi Hikmət Hikmətlinin Hurriyyet.org-a bu televiziyanın rəhbərliyindən, sədr Arif Alışanov və onun havadarı hesab etdikləri, “Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundovdan şikayət etmişdilər. Amma qarşı tərəfin də bu məsələlərdə danışmaq, mövqe bildirmək haqqını tanıyaraq Hurriyyet.org saytı və “Hurriyyət” qəzeti adından redaksiyamızın əməkdaşları dəfələrlə əlaqə saxlayıb, Az.TV rəhbərliyinin də mövqeyini işıqlandırmaq istəyiblər. Hər dəfə QSC-nin mətbuat əlaqələndiricisi rəhbərliyin mövqeyilə bağlı bir cümləlik ifadə ilə kifayətlənib: “Qapalı Səhmdar Cəmiyyətdə aparılan bütün işlər qanunidir”. Yaxud da bildirib ki, “bu məsələ ilə bağlı Az.TV rəhbərliyi adından heç bir mövqe bildirmək istəmir”. Az.TV rəhbərliyindən bu dəfəki şikayətçi 1956-cı ildən bu televiziyada telerejissor işləmiş Salman Həsənovdur. Salman Həsənov redaksiyamıza müraciət edərək bildirdi ki, 51 il Azərbaycan televiziyasında fəaliyyət göstərib: “Özüm də xalq şairi Süleyman Rüstəmin bacısının oğluyam. Ənvər Əlibəyli, Teymur Elçin, Cəfər Cabbarlının qohumu Seyfəddin Dağlı kimi tanınmış, samballı adamlarla çalışmışam. Yəni mən ədəbi mühitdə böyümüşəm. 82 yaşım var. Ömrüm Az.TV-də keçib. Şairlər, yazıçılar haqqında verişilşlər hazırlamışam, muğam konsertləri çəkmişəm. Musiqi redaksiyasında ali kateqoriyalı rejissor olmuşam. Amma bunca illərdə göstəridiyim fəaliyyətimə görə, nə bir mükafat verilib, nə fəxri ad, nə şöhrət ordeni, nə Prezident təqaüdü. Baxmayaraq ki, ərizə ilə də müraciət etmişəm. Cəmi 130-140 manat maaş almışam. Bunlar kimi rüşvət alan olmamışam deyə, məni özlərindən bilməyiblər, 2006-cı ildə məni işdən uzaqlaşdırıblar. Narkomana xalq artsiti, prezident təqaüdü, 2 otaqlı ev verirlər, 51 ilin peşəkar telerejissorunu isə işdən qovurlar. Onlardan şikayətə gedirəm, məni səlahiyyətlilər özləri qəbul etmirlər, köməkçilərini göndərirlər, onlar da məni başlarından edirlər. Necə olur, İlham Əliyev özü şəxsən qəbul edir, onlar yox”. İşdən haqısız yerə uzaqlaşdırıldığını deyən Salman Həsənovun sözlərinə görə, məhəkəməyə müraciət etməyə lüzum görmür. Çünki, onun fikrincə, hakimlərin əksəriyyəti ədalətli qərar çıxarmır, subyektivliyə yol veririlər: “Çünki məhkəməni də ələ alırlar. Nərgiz Cabbarova kimi rejissoru elə vəziyyətə gətirdilər ki, bunlarla, məhkəmələrlə mübarizə aparmaqdan, yazıq qadın gərgin stress keçirdi. Bu yaxınlarda gördüm, elə zəifləyib, arıqlayıb ki, onu tanımadım”. “Yarısı mənim, yarısı sənin” prinsipilə işləyir Telerejissor hesab edir ki, Az.TV-nin indiki sədri televiziya mütəxəssisi olmadığı üçün idarəetməsi düzgün deyil: “O, televiziyaçı yox, hesabdardır. 10 ildir bu adam saxtakarlıqla məşğuldur. Təzə sədr seçiləndə 1500 nəfəri işdən çıxarıb, peşəkar, ömrünü bu televiziyaya həsr etmiş nə qədər işçini kənarlaşdırıb. Yeni işə götürdüklərinə də cüzi maaş verir. Kinoproqramların tərcümə işində tərcüməçilərlə, “yarısı mənim, yarısı sənin” prinsipilə işləyir. Bu elə hesabdardı, əli pulla oynayır deyə, bu qədər insanın haqqına girməlidir? Qosqoca televiziyanı yanı üstə qoyub. Az.TV-də 6 studiya olduğu halda, orada yeni studiya tikdirib. Ona görə ki, tikinti işində mənimsəmək üçün çox böyük pullar var. Hesablasınlar, məlumat versinlər, görək, o studiyanın tikintisinə dövlətin nə qədər pulunu xərcləyib, nə qədərini mənimsəyib. Belələrinə görə də dövlətin büdcəsi boşalır”. Az.TV-nin digər sabiq televiziya işçiləri kimi, 82 yaşlı telerejissor da QSC-də 2010-cu ilə qədər Musiqi və əyləncəli verlişlər redaksiyasının baş redaktoru işləmiş Nadir Axundovun fəaliyyətindən narazılıq etdi. Dedi ki, N.Axundov işdən gedənləri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əliylə çıxartdırıb: “Mən Nadir Axundova yaxşılıqdan başqa heç nə etməmişəm. Nə pisliyim keçmişdi ona? İşləklərini ört-basdır etmək üçün də məni işdən çıxardılar. Nadir Eldarın xalasıqızının əridir. Eldar Alışanova zəng etdi, o da bizi çıxardı”. Məsələ ilə əlaqədar QSC-nin mətbuat xidmətilə yenidən əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Hürriyyət”ə bildirdi ki, o mövzuyla bağlı heç bir mövqe bildirməyəcək. Sevil, Hurriyyet.org P.S. Yazıda səslənən ittihamlarla “Hürriyyət” olaraq redaksiya tam razılaşmır. Çünki kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işidir. Amma “Elin gözü tərəzidir” prinsipilə bu məsələlərin ictimailəşməsini zəruri hesab edirik. Çünki ən azından hər hansı neqativ hal baş verən sahələrə ictimai qınağın olması o sahənin inkişafına xidmət edir. Bir daha qeyd edək ki, yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |