Əsas Səhifə > Gündəm, Manşet > Nazirin sürücülərə racon kəsən qoçularının siyahısı...

Nazirin sürücülərə racon kəsən qoçularının siyahısı...


17-12-2016, 09:42
Nazirin sürücülərə racon kəsən qoçularının siyahısı...
“Hürriyyət”in ötən saylarının birində vurğulamışdıq ki, son vaxtlar Azərbaycanda bir qrup sürücü ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın ünvanına gecə-gündüz söyüş söyməkdədirlər. Bütün bunlar isə heç də səbəbsiz deyil. Sürücülər iddia edirlər ki, D.Trampın ABŞ prezidenti seçilməsi onları işsiz və çörəksiz qoyub...
Qeyd etmişdik ki, əməkdaşımız bu sürücülərin bəziləri ilə görüşüb və okeanın o tərəfində olan Donald Trampın onları necə işsiz qoyduğuna aydınlıq gətirməyə çalışıb.
Sürücülərin sözlərinə görə, təxminən bir ildir ki, Nəqliyyat naziri Ziya Məmmədovun “qoçuları”nın xofu olmadan sərbəst fəaliyyət göstərirlərmiş. Lakin ABŞ-dakı son seçkilərdən sonra onların qara günləri başlayıb. Çünki Nəqliyyat nazirinin “qoçuları” tərəfindən onlardan külli miqdarda rüşvət tələb olunur...
Bu səbəbdən də sürücülər gecə-gündüz ABŞ-ın yeni prezidenti Donald Trampı söyürlər. Onlar deyir ki, Tramp prezident seçkilərində qalib gəlməsə, Ziya Məmmədov yenidən nəqliyyat sahəsində “at oynada” bilməyəcəkdi. Üstəlik, çox güman ki, indi nazir vəzifəsində də deyildi:
“Tramp prezident seçilən gündən bizim də işimiz dayanıb. Qazandığımızın üstünə də dost-qardaşdan müəyyən qədər borc tapıb “nəqliyyat qoçuları”na verməliyik ki, işləyə bilək. Amma nə vaxtadək?! Axı, bizim də ailəmiz var. Biz övladlarımıza ov heyvanlarının ətini yedirmək imkanından məhrum olsaq da, onlara quru çörəksə verməli deyilik?!”.
Sürücülərin fikrincə, Z.Məmmədovun oğlu Anar Məmmədov vaxtilə ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla biznes ortağı olduğundan, artıq nəqliyyat nazirinin mövqeləri güclənib. Bu baxımdan, indi ona hətta prezident belə, bata bilmir...

Rüşvət artıqca gediş qiymətləri də artır…

Sürücülər hesab edir ki, müqavilə ilə işlədikləri və vaxtında dövlət rüsumunu ödədikləri üçün Nəqliyyat Nazirliyi əməkdaşlarının onlardan əlavə haqq tələb etməsi aşkar özbaşınalıqdır. Onun sözlərinə görə, bu, marşrut sahibləri ilə yanaşı, əhalinin də cibinə zərər edir. Çünki, onlardan tələb edilən rüşvətin miqdarı artdıqca, avtobuslarda gediş qiyməti də artan xətt üzrə dəyişir.
Qeyd edək ki, nəqliyyat daşınması xidməti ilə məşğul olan şirkətlərdən birinin əlimizdə olan müqavilə sənədində göstərilir: “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti “M.Trans” MMC (Azərbaycan Respublikası) ilə “Araz Trans” MMC (Gürcüstan) arasında “Bakı-Marneuli” beynəlxalq avtobus marşrutu üzrə sərnişin daşınması haqqında imzalanmış müaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış marşrut, tarif və hərəkət cədvəli üzrə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində “Araz Trans” MMC-yə məxsus avtobuslarla 31.12.2016-cı il tarixədək müntəzəm sərnişin daşımaları ilə məşğul olmağa icazə verir.
“Araz Trans” MMC-yə məxsus olan avtobuslarla Azərbaycan Respublikası ərazisində yerləşən məntəqələr arasında sərnişin daşınmasına icvazə verilmir”.

“Nəqliyyat qoçuları” hər avtobusdan min manat alır

Müqaviləyə əsasən, gediş haqqı 12 azn (və ya 25 lari) olmalıdır. Lakin, son günlər hər bir avtobusdan Gömrükdə 90 dollar “rüsum” və aylıq 1000 (min) manat isə rüşvət tələb olunduğundan, “Bakı-Marneuli” avtobuslarında gediş qiyməti 15 manata qaldırılıb. Yeri gəlmişkən, “rüsum” adı altında tələb olunan 90 dolların qarşılığında isə 50 dollarlıq çek verildiyi iddia olunur. Bu isə onu deməyə əsas verir ki, Gömrükdə hər avtobusdan “rüsum” adı altında əlavə olaraq 40 dollar da rüşvət alınır.
Onu da qeyd edək ki, Bakıdan Gürcüstan istiqamətində hərəkət edən avtobuslarda qiymətlərin qaldırılmasının düşünülmüş bir addım olduğu vurğulanır. Belə ki, sürücülərin qənaətinə görə, Ziya Məmmədov və bu bizneslə məşğul olan yüksək mövqe sahibləri, bununla ölkə daxilində gediş qiymətlərini də artırmaq niyyətindədirlər: “Onlar çalışır ki, “Bakı-Marneuli”, “Bakı-Tiflis” avtobuslarında gediş haqqı ən azı 20 manat olsun, özləri də daxildə qiyməti ona mütənasib olaraq artırsın. Çünki, Qazax və “Qırmızı Körpü” istiqamətində işləyən avtobuslarda gediş haqqını 15 manata qədər artırmağı düşünürlər”.

Avtobus sürücülərinin “Rəsul Mahmudov kabusu”

“Hürriyyət”in əldə etdiyi məlumata əsasən, sürücülərdən rüşvət toplayan şəxslərin başında “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin Baş direktorunun müavini Rəsul Mahmudov dayanır. Deyilənə görə, son vaxtlar nəqliyyatdakı “rüşvət seti” nazir Ziya Məmmədov tərəfindən birbaşa sözügedən idarənin rəhbərinə tapşırılıb. Lakin sahibkarlarla birbaşa əlaqəni bu qurumun Baş direktoru deyil, onun müavini Rəsul Mahmudov qurur. İddia olunur ki, o, hər bir sahibkarı çağıraraq ondan sahib olduğu hər avtobusunun sayına uyğun (hər avtobusa görə 1000 (min) manat) rüşvət tələb edir. Kimsə etiraz etdikdə və ya ondan tələb olunan rüşvətin miqdarını azaltmaq üçün “bazarlıq” fikrinə düşdükdə, məbləğ dərhal ikiyə vurulur. Bu baxımdan da, son vaxtlar hər bir sahibkarın R.Mahmudovun ondan tələb etdiyi pulu dinməz-söyləməz vermək məcburiyyətində qaldığı bildirilir.
Məlumata əsasən, toplanan rüşvət birbaşa R.Mahmudova verilmir. Bu iş üçün ortada nisbətən aşağı vəzifəli şəxlər də var. Məsələn, bu işdə ən çox aktivlik göstərən insanlardan biri kimi idarənin şöbə rəisi Mais Usubovun adı çəkilir. Ona isə Tural, Hacı Salman adlı müfəttişlərin yardım etdiyi vurğulanır. Bildirilir ki, müfəttişlər sürücülərdən rüşvəti Bakı Beynəlxalq Avtovağzalında toplayır və bu idarənin Rəşad adlı işçisi də bu məsələdə aktiv rol oynayır.
Bütün bunlarla bağlı əməkdaşımıza danışan “Bakı-Marneuli” beynəlxalq avtobus marşrutu üzrə sərnişindaşıma ilə məşğul olan sürücü Tariyel Əliyev də deyir ki, bir aya yaxındır Nəqliyyat Departamentinin əməkdaşları onların fəaliyyətinə imkan vermir. Onun sözlərinə görə, Bakıdan-Gürcüstana və əks istiqamətdə hərəkət edən marşrutlardan oktyabrın 1-dən etibarən hər dəfə Gömrükdə 90 dollar “rüsum” alınsa da, Ziya Məmmədovun “qoçular”ı da onlardan əlavə haqq tələb edir. Baxmayaraq ki, “Qırmız körpü” Gömrük Məntəqəsində onlardan “rüsum” olaraq tələb olunan 90 dollar da məhz Nəqliyyat Nazirliyinə ödənilir. Lakin bütün bunlara əhəmiyyət verməyən Nəqliyyat Departamentinin əməkdaşları onları tez-tez saxlayaraq 100-150 manat rüşvət tələb edirlər. Həmin pulu vemədikdə isə 400 dollar məbləğində cərimə yazırlar və bu zaman onların xarici pasportlarını da əllərindən alırlar ki, sərhədi keçib gedə bilməsinlər.
Qeyd edək ki, T.Əliyev cəmi 10-12 yerlik “Mercedes Sprinter” avtobusunun sürücüsüdür. O deyir ki, əslində hər dəfə sərhədi keçəndə 90 dollar “rüsum” ödəməyə məcbur olduqlarından zərərlə işləyirlər. Sadəcə, müştərini itirməmək üçün bir aydır zərərlə çalışırlar ki, bəlkə, ölkə rəhbərliyi səviyyəsində bu qanunsuzluğa son qoyula. Ancaq belə davam edərsə, yanvardan etibarən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlarını da deyir. Onun sözlərinə görə, oktyabrın 1-dən etibarən gediş haqlarını 12 manatdan 15 manata qaldırmaq məcburiyyətində qalsalar da, yenə də gəlirsiz çalışır və əksər hallarda isə “reysi” zərərlə başa vururlar.
Sürücü İlqar Musayev isə deyir ki, Ziya Məmmədovun “qoçuları” iritutumlu avtobus sahiblərindən daha çox haqq tələb edirlər. O iddia edir ki, Nəqliyyat Departamentinin əməkdaşları 45-50 nəfərlik avtobusların hər birindən ay ərzində minimum 1000 (min) manat rüşvət tələb edirlər. Bu pulu verməyənlər isə Bakı Beynəlxalq Avtovağzalından kənarda fəaliyyət göstədikləri üçün yüksək məbləğdə cərimə olunurlar. Ən maraqlısı isə odur ki, Beynəlxalq Avtovağzala daxil olmaq istəyən marşrut sahiblərindən isə 40-50 min manat rüşvət, üstəlik, hər avtobusun sürücüsündən “reys”ə görə 150-180 manat da əlavə olaraq “rüsum” tələb olunur.

Göstəriş Ziya Məmmədovdan gəlib?

Sürücülər arasında belə söz-söhbət gəzir ki, məhz Nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə heç bir marşrut sahibinə güzəşt olunmur. Məlumata əsasən, Bakı-Marneuli marşrüt xətti üzrə fəaliyyət göstərən avtobusların sahibləri arasında hakimiyyətdə yüksək mövqe tutan şəxslər də var. Ancaq Nəqliyyat Departamentinin əməkdaşları onlardan da hər bir avtobus üçün 1000 (min) manat rüşvət alıb.
Bu baxımdan sürücülər deyir ki, son vaxtlar hakimiyyətdəki təsir gücünü yenidən bərpa etməyə çalışan Nəqliyyat naziri Ziya Məmmədov bununla öz rəqiblərinə yenidən meydan oxuyur. Həm də o, ötən bir ilə yaxın müddət ərzində ciddi pul qazana bilmədiyindən, indi əvvəlki boşluğu doldurmağa çalışır. Sürücülərin fikrincə, Nəqliyyat Departamenti əməkdaşlarının əvvəlki illərdən fərqli olaraq daha çox qəddarlıq nümayiş etdirməsi də təsadüfi deyil. Bu, ona dəlalət edir ki, nazir öz “qoçuları” vasitəsilə yenidən cəmiyyətdə, xüsusən sürücülər arasında xof yaratmaq istəyir.

Geri qayıt