Əsas Səhifə > Gündəm > Pul kütləsinin sterilizasiyasının artırılması makroiqtisadi göstəricilərə mənfi təsir edəcək
Pul kütləsinin sterilizasiyasının artırılması makroiqtisadi göstəricilərə mənfi təsir edəcək6-12-2016, 14:56 |
Azərbaycanda pul kütləsinin əlavə sterilizasiyası makroiqtisadi göstəricilərə mənfi təsir edəcək. "Report"un analitik qrupu bildirir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun sözlərinə görə, 2017-ci ildə də sərt pul siyasətinin davam etdirilməsi və pul kütləsinin sterilizasiyasının artırılması barədə qərarının manatın məzənnəsinə təzyiq yaratmayacağı və inflyasiyanı tənzimləyəcəyi gözlənilir. Analitiklər qeyd edirlər ki, bu, iqtisadi artıma mənfi təsir göstərəcək, işsizliyi ciddi şəkildə artıracaq. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda pul kütləsi 50% azalıb. Sterilizasiyanın bu günə qədər ümumi həcmi isə 6 mlrd. manat təşkil edib. "Pul kütləsinin sterilizasiyası həmçinin bank sektoruna ciddi zərbə vuracaq. Kreditləşmənin daha da azalmasına səbəb olacaq bu qərar bankların mənfəətini azaldacaq. Hazırda əsasən valyuta əməliyyatlarından mənfəət əldə edən bankların 2017-ci ildə bu gəliri də xeyli azalacaq. Manat kütləsinin sterilizasiyası kiçik bankların bağlanmasına gətirib çıxara bilər. Tədiyyə balansındakı kəsir isə xarici öhdəliklərin yerinə yetirilməsi səbəbindən davam edəcək", - deyə "Report"un ekspertləri əlavə ediblər. Analitiklər hesab edirlər ki, valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə manat kütləsinin sterilizasiyası alıcılıq qabiliyyətini aşağı salacaq. Lakin zəruri olan mallara tələbat qalmaqda davam edəcək və 2016-cı ildə 8 mlrd. ABŞ dollarından çox olan idxal ən yaxşı halda 30% azaldılaraq 6 mlrd. dollara salına bilər. Çünki, əks halda bu, idxalla bağlı iş yerlərinin kütləvi şəkildə bağlanması və işsizliyə gətirib çıxara bilər. Qeyd edək ki, bu il neftin orta qiyməti 44 dollar/barel olub. Neft gəlirlərinin azalması isə manatın sterilizasiyasını daha da genişləndirə bilər. Xatırladaq ki, 2017-ci ildə valyuta hərracları proqramı və məzənnə dəyişilməsə, hərraclara hər dəfə orta hesabla 30-35 mln. dollar vəsaitin çıxarılacağı gözlənilir. Geri qayıt |