Əsas Səhifə > Gündəm, Manşet > “Unibank” aprel şəhidinin anasını məhkəməyə verdi
“Unibank” aprel şəhidinin anasını məhkəməyə verdi25-11-2016, 08:26 |
Moderator.az-ın əməkdaşı dünən aprel Şəhidimiz Baxşəliyev Rəşid Əliağa oğlunun Masazır qəsəbəsində yerləşən Abşeron Gənclər şəhərciyindəki ata evində olub və Şəhidimizin ailəsi ilə görüşüb. Dünən saytımızda aprel Şəhidimiz Baxşəliyev Rəşid Əliağa oğlu haqqında reportajımızı təqdim etdik. Həmin yazını bu linkdən oxuya bilərsiniz: moderator.az/news/159676.html Əməkdaşımız Şəhid ailəsinin problemləri ilə də maraqlanıb. Şəhid anası əməkdaşımıza ürək ağrıdıcı bir olayla bağlı məlumat verib. Məlum olub ki, Şəhidimizin anası Baxşəliyeva Çimnaz Əsgər qızını “Unibank” rəhbərliyi 1000 manat kredit borcuna görə məhkəməyə verib: “Unibank”dan 2015-ci ilin yanvar ayında “Albalı kart” aldım və bu kart vasitəsi ilə hesabımdan 500 manat pul çıxardım. Həmin vaxt maddi durumumuz yaxşı deyildi, həyat yoldaşım da xəstədi, işləmirdi. Həmin pulla Rəşid hərbi xidmətdə olarkən ona da dəyməyə getdim və qalanını isə evə sərf etdim. Bundan başqa “Kapital Bank”a da 3500 manat kredit borcum var idi. Rəşid Şəhid olandan sonra “Kapital Bank” rəhbərliyi məni çağırıb dedi ki, 3500 manat sənin kimi anaların ağ saçlarına qurban olsun. Beləcə bank rəhbərliyi 3500 kredit borcumu sildi. Çünki vəziyyətimiz həqiqətən yaxşı deyil. Özüm Bakı şəhəri yaşıllaşdırma idarəsinin 2 saylı təsərrüfat birliyində bağ fəhləsi işləyirəm. İndi səhhətimlə bağlı məni məzuniyyətə göndəriblər. Çünki gözümün ağı-qarası tək oğlum şəhid olandan sonra səhhətimdə problemlər yaranıb. Başımız yas mərasiminə qarışdığı bir vaxtda “Unibank” məni Zəngilan məhkəməsinə verərək pulu ödəməyimi xahiş edib. Yığılan faizlə birlikdə 500 manat şişərək artıq 1000 manata çatıb. Mən də məhkəməyə gedib dedim ki, ödəməyə imkanım yoxdu. Nə mən, nə də həyat yoldaşım işləyir. Bir oğlum var idi, o, da şəhid oldu. Problem elə də qalıb. Bunlar bir Şəhid ailəsinin 1000 manat kreditini silə bilmir?! Niyə “Kapital Bank” Şəhid anası olduğum üçün o addımı atdı, “Unibank”yox. Mən çox təəssüf hissi keçirirəm. Oğlum sağ olsaydı, indi gedib işləyərdi, qoymazdı anası banklarda kredit əsiri olsun. Mən Müdafiə Nazirliyindən mənə kömək etmələri ilə bağlı xahiş edirəm”. Geri qayıt |