Əsas Səhifə > Gündəm, Manşet > "Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik"

"Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik"


15-11-2016, 08:27
"Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik"
DİA.AZ: - “Aprel döyüşlərində evimizə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik. Deyirlər, evinizi təmir-bərpa etməyə büdcədə pul yoxdur”. DİA.AZ bildirir ki, Ağdamın Çəmənli kənd sakini Arif Quliyev prezident İlham Əliyevin bu ilin aprel döyüşlərində zərər çəkmiş yaşayış yerlərinin təmir-bərpasının dövlət hesabına həyata keçirilməsi barədə tapşırığından xəbərdardır. Ancaq kəndli bildirir ki, yerli qurumlar ayrılmış həmin vəsaiti qəzalı vəziyyətə düşən evlərə xərcləməkdə “simiclik” edirlər:

“Kənddə çox evlər yararsız hala düşüb. Ancaq gəlib baxış keçirib akt yazırlar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazırlar, şifahi isə deyirlər ki, “Bakıdan pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb, ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.

Arif Quliyevin özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. İşsizdir, öhdəsində xəstə uşaqlar və ahıl yaşlı ailə üzvləri var: “Allaha and olsun ki, otaqlar dağılıb, cəmi bircə otaq qalıb. Yayda həyətdə yatırdıq, indi qışdır, məcbur olub həmin qəzalı otağa yığışmışıq. Sabah evin böyrünə bir mərmi də düşsə, bu otaq dağılacaq. Uşaqlar yatır, böyüklər keşik çəkir ki, mərmi-filan gəlsə, götürüb qaçaq. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını hökumətdən tələb edir.


Geri qayıt