Əsas Səhifə > Gündəm, Manşet > “AzeriMed” və “Zəfəran”ın satdığı bəzi dərmanlar sağlamlıq üçün təhlükə daşıyır
“AzeriMed” və “Zəfəran”ın satdığı bəzi dərmanlar sağlamlıq üçün təhlükə daşıyır15-10-2016, 10:42 |
Oktyabrın 13-də Qafqaznews.az-da “Azərbaycanda zəhərlənməyə ən çox hansı dərmanlar səbəb olur?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda APA-ya istinadla Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdan sitat gətilir və qeyd olunurdu ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub: “Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib. Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub”. Qafqaznews.az dərman zəhərlənmələri ilə bağlı ətraflı araşdırma aparmaq, əsasən hansı dərmanların zəhərlənmə və ya mənfi təsirlər yaratdığını öyrənmək məqsədilə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilova müraciət etdi. “Səhiyyə Nazirliyinin analitik ekspertizasından keçən, müvafiq sertifikat alıb satışa çıxarılan dərman heç vaxt insan həyatı üçün təhlükə daşıya bilməz. Orda dərman zəhərlənməsindən söz gedirsə… Müxtəlif xarakterli insanlar var. Bəziləri çoxlu dərman içir ki, həyatına son versin. Ya da, dərmandan düzgün istifadə etmirlər. Toksikoloji müəssisəyə o insanlar gətirilir”, – deyə nazirlik nümayəndəsi bildirdi. “Siz dərmanların keyfiyyəti üzündən belə halların baş verməsini istisna edirsiniz?” – deyə dəqiqləşdirmək istədik. “Əksəriyyətdən gedir söhbət. Amma ətraflı məlumat almaq istəyirsinizsə, sabah Azər Maqsudovun nömrəsini verərəm, onunla danışırsınız”, – deyə C.Xəlilov bildirdi. “Səhiyyə Nazirliyində zəhərlənən şəxslərin hansı dərmanlardan istifadə edilməsi öyrənilib müəyyən siyahı və ya statistika tərtib olunurmu?” – deyə soruşduq. “Səhiyyə müəssisəsinin vəzifəsi xəstəyə tibbi yardım göstərib onu həyata qaytarmaqdır”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı bildirdi. “Mən Səhiyyə Nazirliyinində bu məqamları hansı idarənin araşdırdığını soruşuram”, – deyə əməkdaşımız qeyd etdi. “Səhiyyə Nazirliyində dərmanlarla Analitik-Ekspertiza Mərkəzi məşğul olur”, – deyə C.Xəlilov cavab verdi. Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qafqaznews.az-a açıqlamasında istehlakçılardan “Panadol” adlı dərmanla bağlı da müraciət olduğunu, çox zaman qızdırmalı uşaqlara yazılan bu dərmanın toksoallergik vaskulitə gətirib çıxardığını qeyd etmişdi. Oktyabrın 14-də Qafqaznews.az saytı hələ də qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirmək üçün, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla əlaqə saxladı. A.Maqsudov bildirdi ki, “dərman zəhərlənmələri” statistikasına əks-təsir və allergik reaksiyalarla bağlı müraciətlər də daxil olunub. “Əsasən kimyəvi zəhərlənmələrlə bağlı hallar olur. Bu, ya özünəqəsd məqsədiylə, ya da başqa səbəblə baş verir. Ümumiyyətlə, dərmanları dozasına uyğun istifadə etmədikdə, ya da həkimlərin səhvən təyinatı əsasında dərmanların qəbul edilməsi əks-təsir və allergik reaksiyalara səbəb olur. Bəzən hansısa dərmanın keyfiyyətiylə bağlı şübhələr yarandıqda, Səhiyyə Nazirliyinin aidiyyatı olan qurumlarına məlumat verilir. Özümüz qeydlər aparırıq və ümumi statistika şəklində bildiririk”, – deyə A.Maqsudov qeyd edib. Onun sözlərinə görə, əsasən soyuqdəymə, qrip əleyhinə dərman qəbul edən şəxslərdə əks-təsirlər və allergik reaksiyalar müşahidə olunur: “Xüsusilə, Əsasən, “Panadol” və “Theraflu” kimi dərmanlar allergik reaksiyalara səbəb olur”. A.Maqsudov qeyd edib ki, distribüter şirkətlərlə müqavilə bağlayan, hansısa marağa görə xəstələrə müəyyən dərmanları yazan həkimlər çox zaman xəstənin bədən müqavimətini, o dərmana necə reaksiya verəcəyini nəzərə almır: “Belə olduqda, allergik reaksiyalar müşahidə olunur. Bizim xəstəxanada həkimlərə firma ilə əməkdaşlıq etmək qadağan olunub. Lakin bildiyim qədərilə, müxtəlif yerlərdə həkimlər var ki, onlar faiz naminə, ayrı-ayrı firmaların satdığı dərmanları xəstələrə tövsiyə edirlər”. Biz öyrənməyə çalışdıq, “Panadol” və “Theraflu” adlı dərmanlar əsasən hansı apteklərdə satılır və daha doğrusu, bu dərmanların ölkədə idxalı ilə hansı şirkət məşğul olur? “Deutsche apotheke”dən (“Alman apteki”) Qafqaznews.az-a bildirdilər ki, bu aptekdə sözügedən dərmanlar satılmır və onun idxalı ilə hansı şirkətin məşğul olduğundan xəbərsizdirlər. 5 saylı Xəstəxananın yanında yerləşən “Zəfəran Apteki”ndə çalışan xanım əməkdaş Qafqaznews.az-a bildirdi ki, onlarda “Panadol” və “Theraflu” satılır: “Bizə bu dərmanları depodan gətirirlər. “Azerimed” şirkəti gətirir… *7700 nömrəsi ilə əlaqə saxlayın”. Biz *7700 nömrəsi ilə əlaqə saxladıq və səlahiyyətli şəxslə danışmaq istədiyimizi bildirdik, lakin xanım operator bizə bildirdi ki, “bura dərman çatdırma xidmətidir, “Azerimed”lə əlaqə üçün 5667070 nömrəsinə zəng etmək lazımdır”.photo Qeyd edək ki, *7700 nömrəsindəki operator da “Panadol” və “Theraflu”nun məhz “AzeriMed” tərəfindən gətirildiyini təsdiqlədi. “AzeriMed” şirkətində isə “Reception”dakı xanım sözügedən dərmanların şirkət tərəfindən idxal edildiyini təsdiqlədi, amma rəhbərliyin yerində olmadığını bildirdi. “Xanım, Kliniki Tibbi Mərkəzdə toksikoloji şöbənin müdiri Azər Maqsudov “Panadol” və “Theraflu” dərmanlarının allergik reaksiyalara səbəb olduğunu bildirib. Bu barədə mənimlə kimsə danışa bilərmi?” – deyə soruşduq. “Siz 4688792 nömrəsi ilə əlaqə saxlayın, Marketinq Şöbəsidir”, – deyə xanım əməkdaş tövsiyə etdi. Həmin nömrəyə dəfələrlə zəng etsək də, xətt “məşğul” idi. Belə olduqda, yenidən şirkətin “Reception”u ilə əlaqə saxladıq və “AzeriMed”in Marketinq şöbəsinə aid əlavə iki nömrəni də əldə etdik: 4688793 və 4688794. Lakin təəssüflər olsun ki, həmin şöbənin bütün nömrələrində iş gününün sonuna qədər dəstəyi qaldıran olmadı. Şirkətin rəsmi veb ünvanı “Azerimed.com” saytı təmir altında olsa da, xəbərdarlıq xarakterli səhifədə göstərilmiş [email protected] elektron poçtuna da məktub yolladıq. Ümid edirik ki, ən qısa zamanda şirkət rəhbərliyi bu məsələ ilə bağlı öz mövqeyini açıqlayacaq və bizdə yaranan sualları cavablandıracaq. Araşdırmamız davam edir. Geri qayıt |