Əsas Səhifə > Gündəm, Manşet > “Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”
“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”20-09-2016, 08:11 |
Bundan əvvəl Qafqaz Xəbər Agentiyinin nəzdindəki Qafqaznews.az, Kavkaznews.az saytlarında əsassız yerə işdən çıxarılan bağça tərbiyəçisi ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda Bakının 38 saylı Uşaq Bağçası-Körpələr Evindəki işindən çıxarılmış tərbiyəçi Aynur Mahmudovanın və övladı həmin bağçada tərbiyə alan valideynlərin, eləcə də 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovanın və Bakı ŞİH nümayəndələrinin mövqeyi işıqlandırılmışdı. Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar. A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı. İyulun 4-də isə Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirmişdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə onun işə qayıtmasıyla bağlı qərar qəbul edib. Bu günlərdə isə öyrəndik ki, 38 Uşaq Bağçası-Körpələr Evinin direktoru Sədaqət Qəribova bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sözügedən mübahisədə və məhkəmə çəkişməsində Aynur Mahmudovanı müdafiə edənlərdən biri də, Aytən Hüseynova adlı valideyn olmuşdu. Sentyabrın 19-da Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova bildirdi ki, onun övladı bağçada zorakılıq və təzyiqlərlə üzləşir. “Biz valideynlər ümid edirdik ki, Aynur Mahmudova ilə Sədaqət Qəribova arasında barışıq olacaq, Aynur xanım yenidən iş yerinə qayıdacaq. Bakı Şəhər İcra Hakimiyyətindən də bizi arxayın etmişdilər. Lakin belə olmadı. Hətta bizim şikayətlərdən sonra işdən çıxarılmış tibb bacısını yenidən ora qaytardılar və dedilər ki, “balıq başdan iylənər”. Yaxşı, onda bu “balığın başı” ilə məsələni niyə həll etmirlər? Bakı Şəhər İcra Hakimiyyətinin gücü çatmır ki, bağçadakı özbaşınalığa, qanunsuzluğa son qoysun? Sədaqət Qəribova mənimlə düşmən kəsilib, hətta “Açıq qapı” günlərində belə bağçaya girə bilmirəm. Orda nə baş verir, xəbərimiz olmur. Rus dili bilməyən bir tərbiyəçini Aynur xanımın yerinə qoyublar, o da uşaqlara “İdi, papa prişla za toboy” deyir, dərdi-səri uşaqları tez yatırıb, o biri qruplardakı tərbiyəçilərlə danışmaqdır. Özünün məktəbdə oxuyan qızını bağçaya gətirir, o isə qızımı cımcıqlayıb”, – deyə A.Hüseynova bildirdi. Onun sözlərinə görə, Elnarə müəllimə adlı tərbiyəçi dəmir xətkeşlə uşaqları vurur, cımcıqlayır və üstlərinə qışqırır. “Ötən həftə, sentyabrın 8-də Elnarə müəllimə qızım Fatiməni dəmir xətkeşlə döyüb. Sentyabrın 9-da getdim onun yanına, dedi elə şey olmayıb. Tələb etdim ki, mənə kamera yazısını göstərsin. Dedi ki, Sədaqət xanım qoymur, ona deyərəm. Sonra bayram günləri oldu. Sentyabrın 14-də getdim, dedilər ki, kamera yazısı beş gündən sonra silinir. Ən ucuz kameranın belə yaddaşı bir ay olur. Necə ola bilər bu? Əgər bu bağçada övladlarımızın təhlükəsizliyi qorunmursa, biz onları Sədaqət Qəribovaya necə etibar edə bilərik? Bakı Şəhər İcra Hakimiyyətində Teymur müəllimə müraciət elədim, sonra çağırdılar məni. Orda tanımadığım bir valideyn də gəlmişdi. Onun uşağı Aynur Mahmudovanın qrupunda olmayıb. Amma nədənsə, həmin valideyn mənə qarşı dərhal söz hücumuna keçdi ki, “Aynur Mahmudova ora qayıtmayacaq”. Mən məəttəl qaldım, axı bura qızımın döyülməsinə görə gəlmişəm… Deməli, bunların dərdi elə mənim Aynur Mahmudovanı müdafiə etməyim imiş. Bakı Şəhər İcra Hakimiyyəti də bir tədbir görmədi. Yasamal RPİ-nin 27-ci polis bölməsinə müraciət etmişəm. Ümid edirəm, onlar bu məsələni obyektiv araşdıracaqlar. Kamera yazısını məndən gizlədirlər, əminəm ki, kamera yazısı üzə çıxsa, çox əməllərin üstü açılacaq. Sədaqət Qəribova bağçanı şəxsi mülkü kimi idarə edir, tibbi arayış olmadan uşaq götürür. Biri nəsə deyəndə də Sədaqət Qəribova cavab verir ki, “xoşuna gəlmirsə, uşağı burdan çıxar”. Mən övladımı dövlətin bağçasına qoymuşam. Kim işini görə bilmirsə, o çıxıb getsin”, – deyə valideyn əlavə etdi. Digər valideynlər Günel Abbasova və Yaqut Abdullayeva da 38 saylı Uşaq Bağçasında uşaqların dəmir xətkeşlə döyülməsi, eləcə də tərbiyəçinin rus bölməsinə uyğunsuzluğa ilə bağlı şikayətlərini Qafqaznews.az-a bildirdilər. Biz adıkeçən tərbiyəçi Elnarə müəllimə (soyadını öyrənə bilmədik – red.) ilə də əlaqə saxladıq. “Dəmir xətkeşlə uşaqları vurmaq düzgün deyil və mən də bunu etməmişəm. Mən bağçaya uşaq gətirmirəm. Sizin redaksiyaya gəlib, sizinlə görüşəcəyəm”, – deyə tərbiyəçi bildirdi. “Valideynlər sizin rus dilini yaxşı bilmədiyinizi də deyirlər”, – deyə qeyd etdi. “Dedim axı, sizin redaksiyaya gəlib, sizinlə danışacağam”, – deyən tərbiyəçi dəstəyi asdı. Biz bağça direktoru Sədaqət Qəribovaya da zəng etdik. Özümüzü təqdim etdikdə əlaqə itdi və sonra S.Qəribovaya zəng çatmadı. Yazı sayta gedərkən, S.Qəribova özü bizə zəng edərək, az əvvəl telefonunun enerjisinin bitdiyini bildirdi. “O qadın məni şərləyir. Aynur Mahmudovadan Apellyasiya şikayəti vermişik deyə, bizə qarşı təxribat aparmağa çalışır. Kamera yazısının yaddaşı beş gündür… Elnarə müəllimə rus dilini də bilir, uşaqlarla da yaxşı davranır. Onun qızını qucaqda gəzdirir ki, anası bir bəhanə eləməsin. Öz qızını bağçaya gətirməsi də yalandır. Mən özüm nəzarət edirəm, heç kim bağçaya uşaq gətirmir. Valideynlərə də bağçaya girmək qadağandır. Haqqımda əsassız iddialar yaymaqdansa, sübut eləsinlər. Araşdırma olub, amma onların dedikləri sübuta yetirilməyib”, – Qafqaznews.az əməkdaşının suallarını cavablayan S.Qəribova vurğuladı. Məsələ ilə bağlı araşdırmamız davam edir. Geri qayıt |