Əsas Səhifə > Gündəm > Göyçayda polis yol qəzasında öldü

Göyçayda polis yol qəzasında öldü


17-09-2016, 15:11
Göyçayda polis yol qəzasında öldü
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİA.AZ Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə, avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

***

Göyçay rayon Polis Şöbəsinə məxsus xidməti avtomobili aşıraraq dünyasını dəyişən polis əməkdaşının anası intihara cəhd edib.

APA-nin yerli bürosunun xəbərinə görə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində Göyçay rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobili aşırıb.

Hadisə barədə xəbəri eşidən anası, İsmayıllı şəhərinin Q. Əsədov küçəsindəki 11 saylı evdə yaşayan, 1967-ci il təvəllüdlü Mustafayeva Qəribə Alməmməd qızı Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) gedərkən yolda oğlunun ölüm xəbərini alıb və sürətlə hərəkətdə olan avtomobilin qapısını açaraq özünü atıb.

Q. Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay MRX-na yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Geri qayıt