Əsas Səhifə > Gündəm, Manşet > «Kimə nə lazımdırsa vaxtında çatır, narahatlığımız yoxdur»
«Kimə nə lazımdırsa vaxtında çatır, narahatlığımız yoxdur»16-09-2016, 09:15 |
Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında satışa çıxarılan qızıl-zinət əşyalarının böyük əksəriyyəti ya saxtadır, ya da onların əyarı düzgün qeyd olunmayıb. Halbuki qüvvədə olan qanunvericiliyə görə, ölkənin əmtəə bazarında olan qızıllar Adil Əhmədovun sədri olduğu Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (Dövlət Əyar Palatası) tərəfindən damğalanmalıdır. Yəni satışda olan qızılların üzərində mütləq Dövlət Əyar Palatasının nişanı olmalıdır. Lakin hazırda satışda olan qızıl-zinət əşyalarının təxminən, 60 faizdən çoxunun üzərində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin nişanı olmadığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, məhz bu, onu sübut edir ki, ölkədə çoxlu miqdarda saxta qızıl var: «Qeyd edim ki, qızıl alarkən alıcılar çox vaxt malın üzərindəki əyara və sertifikatına baxır. Lakin bu heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Saxta qızılların satışı ilə bağlı hallar isə xüsusilə qızıl əldə, lombardda və ya bazarda satıldığından daha da artır. Bunun nəticəsində istehlakçıların kütləvi aldanması baş verir. Yəni bu gün istər zərgərlərin, istərsə də qızıl ticarətilə məşğul olan şəxslərin böyük əksəriyyəti vətəndaşları aldadır, onlara müxtəlif yollarla kələk gəlirlər. Onu da nəzərinizə çatdırım ki, qızıl geri qaytarılmayan mallar siyahısında olduğundan, onu alan vətəndaş qızılı aldısa, qaytara bilməz. Ona görə də alıcıların aldanmamaq üçün qızıl almazdan öncə onu mütəxəssisə göstərib yoxlatdırması məsləhətdir. Həmçinin, istehlakçı zinət əşyası alarkən satıcıdan malın sertifikatını, haradan alınması barədə və qiyməti haqqında sənədi tələb etməlidir». Məsələnin qanuni tərəfi ilə bağlı ətraflı məlumat verən mənbə bildirir ki, «Qiymətli metallar və qiymətli daslar haqqında» Qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daslardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: «Həmin qanunun 20.3-cü bəndinə əsasən, dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə İnzibati Xətalar və Cinayət Məcəllələri ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır. Lakin buna baxmayaraq, bu gün ölkəyə xaricdən qızıl gətirənlər, eyni zamanda daxili bazarda qızıl ticarəti ilə məşğul olanlar öz bildiklərini edirlər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, Adil Əhmədovun sədri olduğu Dövlət Əyar Palatası həmin işbazlara nəzarət edə bilmir. Bu isə uzun illərdir ki, palata sədri vəzifəsində əyləşən Adil Əhmədovun üzərinə düşən işin öhdəsindən gələ bilmədiyini, onun qızıl ticarətilə məşğul olan şəxslərə nəzarət edə bilmədiyini deməyə əsas verir. Deyilənlərə görə, qızıl alverilə məşğul olanlar onlara irad tutulduğu təqdirdə onlar «Kimə nə lazımdırsa vaxtında çatır. Odur ki, narahatlığımız yoxdur», deyə yenə də öz bildiklərini edirlər. Buradan da belə görünür ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin sədri Adil Əhmədov yerində sayır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |