Əsas Səhifə > Gündəm, Manşet > “Uğur-2” yaşayış kompleksində uğursuzluğun akkordları...
“Uğur-2” yaşayış kompleksində uğursuzluğun akkordları...15-09-2016, 08:33 |
“Akkord” tikinti korporasiyasının Bakıxanov qəsəbəsində özbaşınalıq davam edir. Cumhuriyyet.az-a şikayət edən “Uğur-2” yaşayış kompleksinin bir qrup sakini baxımsızlıqdan gileylənir. Onların sözlərinə görə, 8 binada liftlər bərbad vəziyyətə düşüb və heç bir tədbir görülmür. Bu liftlərin yenilənməsinə, monitorun dəyişməsinə, güzgülərin əvəzlənmədinə ehtiyac var. Hər an təhlükə riski olan bu liftlərdən gündəlik istifadə olunur. Şirkət rəhbərliyi isə nə vaxtsa arzuolunmaz faciə yaşanmasını gözləyir. Sakinlər qeyd edirlər ki, 2-ci binanın girişinə qoyulan qapı götürülüb və heç bir izah verilməyib. Qarşıdan qış gəldiyini deyən sakinlər soyuq havalarda blokda lifti gözləməyin mümkün olmadığını yazırlar. Ona görə də təcili şəkildə qapı qoyulmalıdır. Sakinlər maşın qarajlarının da aylıq 40 manat olmasından şikayətlənir. İşsizlik və iqtisadi böhran olduğu zamanda bu məbləğ olduqca yuxarıdır. Hazırda əksəriyyət öz avtomobilini qarajda deyil, binaların həyətində və ya ətrafında saxlayır. Sakinlər cumhuriyyet.az-a bildiriblər ki, su sayğacları qoyulsa da, illərdir ödənişi komendantlara edirlər: “Onlar qəbz versə də, sonra əlavə problemlər çıxacağı məlumdur. Azərsu yaxşı olar ki, kart sistemini bərpa etsin. Binaların bütün mərtəbələrində balkona çıxışda ya qapı yoxdur, ya da sınıqdır. Ancaq komendantlar kommunal haqları tələb etməkdə vətəndaşları tələsdirə bilirlər”. Bundan başqa, kompleksin həyətində də işıqlandırma sistemi demək olar ki, yoxdur. Sakinlərin dediyinə görə, əsasən də liftlərin məhv edilməsinə “Uğur-2” kompleksinin komendantları göz yumur. Onlara edilən şikayətlərə də məhəl qoyulmur. Dəfələrlə bu problemlər qaldırılıb, mediada ictimailəşdirilib. Lakin “Akkord” rəhbərliyinin vecinə də deyil. Geri qayıt |