Əsas Səhifə > Gündəm, Manşet > Qorxmaz Hüseynov milyonları necə xırıd edib
Qorxmaz Hüseynov milyonları necə xırıd edib25-08-2016, 08:42 |
İndi elektrik və qaz sayğacı olmayan abonent tapmaq çətindir. «Azərişıq» ASC və «Azəriqaz» İstehsalat Birliyi istehlakçıları bir dəfə mexaniki sayğacla təmin ediblər. Hazırda isə onları «Smart-kart» tipli sayğaclarla dəyişdirməkdədirlər. «Azərsu» ASC-nin mərkəzləşdirilmiş şəbəkədən su qəbul edən istifadəçilərin indiyədək 64.3 faizini sayğacla təmin etdiyi bildirilir. Mütəxəssislərin fikrincə, bundan udan təchizatçıdır: sayğac olmadığından az satıb, çox pul götürmək olur. SU SATIRSAN, SAYĞACINI QOY ORTAYA Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, rəhbərlik etdiyi QHT-yə su istehlakçılarından çoxsaylı müraciətlər və şikayətlər daxil olur. Onların bir hissəsi də sayğacların quraşdırılmaması ilə bağlıdır: «Bəzən ailələr mənzildə yaşamayan, lakin qeydiyyatda olan şəxslərin əvəzindən də supulu ödəməyə məcbur edilir. Halbuki, təchizatçı mənzil-istismar sahəsi vasitəsilə mənzildə faktiki yaşayanların sayını dəqiqləşdirə bilər. Amma di gəl ki, vətəndaş lüzumsuz yerə get-gələ salınır. Bu cür halların qarşısını almaq üçün yeni yaradılmış «ASAN Kommunal» xidməti həll yolları axtarmalıdır». E.Hüseynov əlavə edib ki, «Azərsu» ASC maddi imkansızlığı bəhanə edib, sayğaclaşmanı qısa zamanda başa çatdırmağı yubatmamalıdır: «Mal» (su) satırsansa, zəhmət çək, «tərəzini» (sayğacı) qoy ortaya. Bizim müşahidələrə görə, sayğac quraşdırılan mənzillərdə istifadə olunan suyun miqdarı sayğac quraşdırılmayan mənzillərdən 3 dəfə azdır. Demək ki, sayğaclaşma həm də israfçılığın qarşısını alan güclü bir vasitədir». ŞƏFFAFLIQ NAMİNƏ... AİB sədri təklif edir ki, kommunal sektorda şəffaflığın artırılması məqsədilə inhisarçı subyektlərin abonentlərinin siyahısı, onlara satılan xidmətlərin və faktiki ödənilən haqların məbləği vahid reyestrdə ictimaiyyətə açıqlansın. O zaman kimin borclu olduğu, kimlərin haqsız yerə borclarının silindiyi məlum olacaq. İŞLƏR LƏNG GEDİR... «Azərsu» ASC-nin məlumatına görə, iyulun 1-nə əhali qrupu abunəçilərinin (1 milyon 339 min 962) 63.6 faizi, qeyri-əhali qrupuna aid abunəçilərin (57 min 270) isə 80.9 faizi sayğacla təmin olunub. Qurum 1.4 milyona yaxın abonentə xidmət edir. Bu il abonentlərin sayı 20 min artıb. Bu il martın 29-da prezident İlham Əliyev «İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında» Sərəncam verib. Sənədə əsasən, «Azərsu» ASC-yə yeni sayğacların alınması və quraşdırılması üçün 12 milyon manat ayrılıb. 12 MİLYON MANATA 50 MİN SAYĞAC AZ DEYİLMİ? «Azərsu» ASC-nin isə bu vəsait hesabına Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 36 min 52 həyət, 13 min 948 bina evində quraşdırmaq məqsədilə 50 min sayğac almaq üçün tender keçirdiyi bildirilir. Tenderin nəticəsi məlum deyil. Amma 1 ədəd sayğacın alınıb quraşdırılmasının dövlətə 240 manata başa gələcəyi söylənilir. Ancaq, hələlik, «Azərsu» ASC-dən bu məsələyə münasibət öyrənmək mümkün olmayıb. Hər halda, onların bunu necə izah etdiklərini bilmək maraqlı olardı. GÜRCÜSTANA 14 MANATA SATILIR Maraqlıdır ki, Azərbaycan vətəndaşları üçün belə baha başa gələn su sayğaclarını yerli müəssisələrin Gürcüstana 8.7 ABŞ dollarına (14 manat) ixrac etdikləri deyilir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycandan Gürcüstana 11 min 438 ədəd su sayğacı ixrac edilib. Azərbaycanın idxal etdiyi sayğacların sayı isə cüzidir. Geri qayıt |