Əsas Səhifə > Gündəm, Manşet > “Unibank” məcburi köçkün ailəsini evindən məhrum etdi?

“Unibank” məcburi köçkün ailəsini evindən məhrum etdi?


20-08-2016, 09:55
“Unibank” məcburi köçkün ailəsini evindən məhrum etdi?
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Şuşa rayonundan olan məcburi köçkün Elvin Rizvan oğlu Əliyev müraciət edib. Onun Qafqaznews.az-a bildirdiyinə görə, 2012-ci ilin noyabrında onun atası Rizvan Əli oğlu Əliyev Əhmədli qəsəbəsi, Gəncə prospekti 53 ünvanındakı üçotaqlı mənzili “Unibank”ın Yasamal filialında girov qoyaraq, 30 min manat kredit götürüb. “Kredit müqaviləsi üç illik idi. 2013-cü ilin əvvəllərinə kimi, “Unibank”a 4500 dollar pul keçirmişdik. 2013-cü ilin martında atamın səhhəti pisləşdi, başımız qarışdı.

Elə həmin vaxt bizə Şuşa Rayon Məhkəməsindən atamın adına bildiriş gəldi, qısa müddətdə bizim iştirakımız olmadan məhkəmə keçirildi və mənzilimizin hərraca çıxarılması ilə bağlı qərar verildi.

Məhkəmə qətnaməsində bizim borcumuz 39 min dollar çıxarılmışdı.Mən ailə məsələlərinə görə Apellyasiya şikayəti vermədim. Atam uzun sürən xəstəlikdən sonra noyabr ayında dünyasını dəyişdi. Mən atamın ölümündən az sonra getdim “Unibank”a, xahiş elədim ki, mənim borcumun ödəmə qrafikini dəyişsinlər, hissə-hissə özüm ödəyim. Bank rəhbərliyinə ərizə ilə də müraciət etdim.

Mənə dedilər ki, siz gedin “Unibank”ın hüquq şöbəsindən Maarif müəllimin yanına. Maarif müəllim isə mənə dedi ki, 15-20 min manat gətir, sonra qrafik dəyişməsi (restrukturizasiya – red.) məsələsinə baxarıq. Məndə o qədər imkan birdən yox idi. Beləliklə, məsələ uzandı və nəhayət bizi zorla evimizdən çıxardılar. İndi anam, bacım və mən Zabratda kirayədə yaşayırıq”, – deyə E.Əliyev vurğuladı.

Məcburi köçkün Elvin Əliyevin sözlərinə görə, “Unibank” 2014-cü ilin martında ailəsinin mənzilini auksionda 44 min manat qiymətində rəsmiləşdirərək öz balansına keçirib, bu il isə mayın 11-də onları evdən zorla çıxartdıraraq, “Riyad” Mühafizə Xidmətində çalışan birinə satıb.

“Mən hələ də anlaya bilmirəm, 4500 dollar ödəniş etdiyimiz halda, necə oldu ki, “Unibank” birdən bizi məhkəməyə vermək fikrinə düşdü. Belə çıxır ki, onların planları elə bu idi – mənzilimizi əlimizdən almaq”, – deyə vətəndaş Qafqaznews.az-a bildirdi. Biz şikayətdə adı hallanan “Unibank”ın hüquq şöbəsinin əməkdaşı Maarif Mirzəyevlə də əlaqə saxladıq. “Dövlətin məhkəməsinin qərarı var. Mənsə bankda məhkəmə qərarlarının icrasına nəzarət edirəm. Onlar çoxdandır ödəniş eləmirlər, ona görə də, mənzillərini itiriblər”, – deyə M.Mirzəyev bildirdi.

“Elvin Əliyevin dediyinə görə, 2012-ci ilin noyabrından 2013-cü ilin martına qədər 4500 dollar ödəniş etmişdi…” – deyə qeyd etdik. “Mən bu barədə danışa bilmərəm. Banka rəsmi müraciət edin. Açığı, məsələnin detalları mənim yadımdan çıxıb”, – deyə M.Mirzəyev cavab verdi. “O, restrukturizasiya üçün bank rəhbərliyinə müraciət etdiyini də deyib. Onun müraciətinə niyə baxılmayıb?”, – deyə soruşduq. “Mənim xəbərim yoxdur. Ola bilər ki, ərizəsində ağlasığmaz şeylər yazıb, bank rəhbərliyi uyğun görməyib”, – deyə bank əməkdaşı cavab verdi. “Yəni, “Unibank”ın rəhbərliyi vətəndaşın borcunu restrukturizaya etməyi məqsədəuyğun hesab etməyib?” – deyə dəqiqləşdirmək istədik.

“Mən qanun əsasında danışıram. Əlimizdə məhkəmə qətnaməsi var və orda girov qoyulan mənzilin hərraca çıxarılmasından söz gedir”, – deyə “Unibank” nümayəndəsi qəti şəkildə vurğuladı. Beləliklə, oxucularda sual yaranır: “Unibank” rəhbərliyi hazır mənzilə sahiblənmək imkanı olduğu halda, vətəndaşın xahişini yerinə yetirmək, məcburi köçkün ailəsinə bir şans vermək istəməyib? Qafqaznews.az olaraq xatırladaq ki, son zamakollektornlar mətbuatda “Unibank” adından vətəndaşlara hədə-qorxu gələn, hətta böyrəyini satmağa məcbur edən şəxslər barədə çoxsaylı şikayətlər dərc olunur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslərin əksəriyyəti heç “Unibank” əməkdaşı deyil… Bəs kimlərdir? Əlbəttə ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribovun bilavasitə nəzarətində və himayəsində olan “Baku Collecting Agency”nin əməkdaşları.

Bu agentlik özünü cəmiyyətdə BOA, yəni “ilan” kimi də təqdim edir. Qeyd edək ki, vətəndaşlara hədə-qorxu gələn “Baku Collecting Agency”nin təsisçilərindən biri “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu İlkin Qəribli, digəri isə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir. Bu və digər məqamlar barədə ““Unibank” rəhbərinin oğlu reketliklə məşğuldur?” başlıqlı yazıdan oxuya bilərsiniz. Məsələ ilə bağlı araşdırmamız davam edir…

Geri qayıt