Əsas Səhifə > Gündəm, Manşet > Səfir Abbasəli Həsənovun adı hallanan “kartof qalmaqalı” böyüyür
Səfir Abbasəli Həsənovun adı hallanan “kartof qalmaqalı” böyüyür17-08-2016, 08:45 |
Avqustun 12-də Qafqaznews.az saytında “Azərbaycanın Tacikistandakı səfirinin qardaşı pul “atmaq”da ittiham olunur” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə yazılmışdı ki, Aydın Bağırov adlı sahibkar Qafqaz Xəbər Agentliyinə müraciət edərək, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qardaşı İsaq Kərəm oğlu Həsənzadə tərəfindən aldadıldığını və 20400 dollar pulunun mənimsənildiyini bildirib. “Bu ilin may ayının əvvəlində İsaq Kərəm oğlu Həsənzadə (Hacı İsaq deyilir) məndən 26450 dollarlıq nisyə kartof götürdü və ilkin olaraq ayrı günlərdə iki dəfə 3000 dollar olmaqla cəmi 6000 dollar verdi və qalan 20450 dollar məbləği isə ən geci iyun ayının 20-də verəcəyini bildirdi. Mən də buna razılaşdım. İsaq Həsənzadə mənə demişdi ki, guya pullar qardaşındadır, yaxında göndərəcək”, – deyə şikayətçi sahibkar bildirib. Aydın Bağırov Qafqaznews.az-a qeyd edib ki, Hacı İsaqın qardaşı Abbasəli Kərəm oğlu Həsənov hazırda Azərbaycanın Tacikistandakı səfiridir. “İyunun 20-dən sonra mən zəng edib pulu istədim, lakin o, “bu gün verəcəm”, “sabah verəcəm” deyə-deyə məni aldatdı. Qeyd etdiyi vaxtdan iki ay keçməsinə baxmayaraq, pulumu hələ də ala bilməmişəm. Son vaxtlarda isə ya “pulum yoxdur, vermirəm” deyir, ya da heç zənglərimə də cavab vermir”, – deyə A.Bağırov vurğulayıb. Sahibkar bildirib ki, İ.Həsənzadənin şəhərin bir çox yerində mağazaları və avtoservisləri var. “Yüzlərlə yük maşınları, “Komfort” Mebel salonu, “Komfort” şadlıq sarayı var. Bir neçə il öncə hətta deputatlığa namizədilimiryini vermiş bu şəxs hal-hazırda sahibkarlıqla məşğul olur və bu qədər imkanı olduğu halda mənim pulumu mənimsəyərək vermir”, – deyə A.Bağırov Qafqaznews.az-a əlavə edib. Qafqaznews.az saytı araşdırma zamanı Abbasəli Həsənovun qudası Miryusif Mahmudovun (“Global” şirkətlər qrupunun rəhbəri) 2015-ci il mayın 19-da baş vermiş bina yanğınına görə həbs olunduğunu öyrənmişdi. M.Mahmudovun kürəkəni Anar Abbasəli oğlu Həsənovun isə həmin hadisə zamanı istintaqa cəlb olunması, dindirmədən dərhal sonra ölkəni tərk etməsi barədə məlumatlara da rast gəlmişdik. “Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orbinyet7qanlarının əməkdaşları tərəfindən dindirilib. Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov 2015-ci il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib. A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb” (report.az). Əgər Anar Həsənov yanğına görə məsuliyyət daşıyan şirkətlərdən birinin rəhbəri idisə, onun istintaqda dindirildikdən az sonra ölkəni tərk etməsi suallar doğurur. Aydındır ki, bəzi məsələlərlə bağlı hüquq mühafizə orqanlarından Azərbaycan ictimaiyyətinə ətraflı məlumat verilmir və bir sıra məqamlar “istintaq sirri” olaraq dəyərləndirilir. Lakin yenə də maraqlıdır, Anar Həsənovun tələm-tələsik Azərbaycanı tərk etməsinə nə səbəb olub? Biz Anar Həsənovun hazırda harda olması ilə maraqlandıq, lakin müxtəlif versiyalarla rastlaşdıq. Kimi onun Avropada yaşadığını, kimi isə elə Tacikistanda, atasının yanında olduğunu bildirdi. Avqustun 16-da bu və digər suallarımıza cavab tapmaq üçün, Azərbaycanın Tacikistandakı Səfirliyinə zəng etdik. Maraqlıdır ki, Azərbaycan dilində müraciətimiz səfirlik əməkdaşı tərəfindən anlaşılmadı və o, bizdən rusca danışmağımızı istədi. Aydındır ki, MDB ölkələrində rus dili daha populyardır. Amma və lakin xarici ölkədə hər hansı problem yaşayan və rusca yaxşı danışa bilməyən bir Azərbaycan vətəndaşı öz ölkəsinin səfirliyinə zəng edərsə… və onu o səfirlikdə başa düşməzlərsə… Əlbəttə ki, bu incə nüanslar barədə çox baş sındırmadan, səfirlik əməkdaşına cənab səfirlə danışmaq istədiyimizi bildirdik. Səfirlik əməkdaşı bizdən mövzunu soruşaraq, səfirə məlumat verəcəyini bildirdi və daha sonra zəng etməyi xahiş etdi. Biz “daha sonra” səfirliyə yenə zəng etdik, amma təəssüflər olsun ki, səfir Abbasəli Həsənovu səfirlikdə tapa bilmədik. Həmçinin, Aydın Bağırov redaksiyamıza zəng edərək bildirdi ki, avqustun 15-də İsaq Həsənzadə ona zəng edərək, görüşüb və görüş zamanı ondan mətbuatdakı yazıları dayandırmağı tələb edib. “Mən də dedim sən bizim pulumuzu mənimsəmisən və bizim başqa çıxış yolumuz qalmayıb və bunu ictimailəşdirməliyik ki, bizim başımıza gətirdiyin problemdən hamının məlumatı olsun. Ona xatırlatdım ki, dəfələrlə mənə “filan vaxtda verəcəm” deyib, amma iyulun 15 -dən sonra telefonları götürmür, ona görə də, mətbuata üz tutmağa məcbur olduq”, – deyə A.Bağırov qeyd etdi. Onun sözlərinə görə, İ.Həsənzadə borcun miqdarını da azaltmağa çalışıb. “Başladı ki, qardaş olaq, dost olaq, indi əlimdə pulum yoxdur, sabah 2 min verəcəm, bir neçə gün sonra 2 min verəcəm, nəbilim 5 min verəcəm və mənim sizə borcum 10400 manatdır”, – deyə şikayətçi Aydın Bağırov İsaq Həsənzadədən sitat gətirir. Şikayətçinin sözlərinə görə, İ.Həsənzadə ona “O vaxt deputatlığa namizəd olanda 500 min manat ziyana düşmüşəm, asfalt çəkdirmişəm… Mənim alacaqlarım var yığa bilmirəm” deyib: “Mənsə bildirdim ki, sən verə bilmirsənsə, siz qardaşlarla bağlı hüquq mühafizə orqanlarına, Xarici İşlər Nazirliyinə müraciət edəcəyik. O isə cavab verdi ki, “qardaşım Abbasəlidə pul hardandır, o sadəcə maaşa baxan adamdır, onun evini mən təmir etdirmişəm”. Bir sözlə, İsaq Həsənzadə yenə vaxt qazanmaq istəyir”. Bu söhbətdən sonra, biz İsaq Həsənzadənin özünə zəng etdik. İ.Həsənzadə onun haqqında yazılanları “yalan” adlandırsa da, söhbət əsnasında Gədəbəydə yaşayan Əli adlı qardaşı üçün Aydın Bağırovdan kartof aldığını və onunla ötən gün görüşdüklərini təsdiqlədi. “Satdığı kartof da keyfiyyətli deyildi, çürük idi”, – deyə İ.Həsənzadə bildirdi. “Çürük idisə, Aydın Bağırovun özünə vaxtında niyə bildirmədiniz?” – deyə soruşduq. “Dedi ki, əkərsiniz… Biz də əkdik”, – deyə İ.Həsənzadə bildirdi. “Bəs onun pulunu verəcəksiz?”, – deyə maraqlandıq. “Verəcəm, niyə vermirəm? Payızda 10 min pulunu verəcəm”, – deyə İsaq Həsənzadə cavab verdi. Həmçinin, İsaq Həsənzadə Qafqaznews.az-ın bina yanğını ilə bağlı yazdıqlarına toxundu. “Başa düşürəm, sizə şikayət var… Yazırsınız, kartofdan yazın. Bina yanğının nə dəxli var, onu niyə yada salırsınız, nə ehtiyac var?”, – deyə İsaq Həsənzadə ritorik sualla çıxış etdi. “Qardaşınız oğlu Anar Həsənovun indi harda olduğunu bilmirsiniz”, – deyə soruşduqda isə, İsaq Həsənzadə belə cavab verdi: “Mən o mövzuda danışmaq istəmirəm”. Biz onun Gədəbəydə Milli Məclisə namizəd olarkən pul xərcləməsi barədə də soruşduq. İsaq Həsənzadə əvvəlcə bunları təkzib etdi və “nə dəxli var” deyərək bu suala cavab verməkdən yayındı. O, səfir qardaşı barədə dediklərini də dolayısıyla təsdiqlədi. “Mən o mənada demişəm ki, Abbasəlinin, Bayramın qardaşı olduğum qədər, bütün Azərbaycanın yaxşı insanlarının qardaşıyam. Mən komersantlıqla, başqa işlərlə qardaşıma hər zaman dəstək olacam. Amma o, maaşa dolanan adamdır, heç kimdən rüşvət almır”, – deyə İ.Həsənzadə bildirdi. “Siz özünüz nə işlə məşğulsunuz? Yük maşınlarınız, mağazalarınız…” – deyə soruşduq. “Heç bir işlə… Mənim heç nəyim yoxdur”, – deyə İsaq Həsənzadə cavab verdi. “Bir sözlə Aydın Bağırovun dedikləri yalandır? Siz ona belə şeylər deməmisiniz?”, – deyə bir daha dəqiqləşdirmək istədik. “İndi ola bilər, əsəbi olmuşam, demişəm. Qarşımda mənə şər atırlar, coşmuşam, nəsə demişəm”, – deyə İ.Həsənzadə etiraf etdi. Araşdırmamız davam edir. Geri qayıt |