Əsas Səhifə > Gündəm, Manşet > “Unibank” rəhbərinin oğlu reketliklə məşğuldur
“Unibank” rəhbərinin oğlu reketliklə məşğuldur9-08-2016, 09:26 |
Bu günlərdə Xəzər TV-də yayımlanan videosüjet sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu. LEGİON.AZ saytı xezerxeber.com-a istinadən həmin videomaterialdan sitat gətirir : “Paytaxt sakinlərindən biri bankların birindən kredit götürüb. Sonra da işsiz qaldığına görə borcu geri qaytara bilməyib. Belə olan halda isə bank əməkdaşları vətəndaşa hədə-qorxu gəlməyə başlayıblar. Zərərçəkən iddia edir ki, bank əməkdaşları hətta ondan böyrəyini satıb pulu qaytarmasını da tələb ediblər. Müxtəlif yerlərdə fəhləlik etməklə gündəlik 5-10 manat qazancı olan Mübariz Bayramov banka olan borcuna görə az qala böyrəyindən olacaqdı. Mübariz Bayramov iddia edir ki, hazırda problem yaşadığı bankdan dəfələrlə kredit götürüb və vaxtında qaytarıb. Sonuncu dəfə isə problemləri yarandığı üçün bank əməkdaşlarına borcu qaytarmaq üçün pulunun olmadığını deyib. Müştərinin iddiasına görə, ən sonda bank əməkdaşları ondan hətta orqanını satıb pulu qaytarmasını belə tələb ediblər. Zərərçəkənin sözlərinə görə, o, əməliyyat üçün bank əməkdaşının ona məsləhət gördüyü klinikaya getsə də, orda əməliyyat etməyiblər. Vəziyyətinin qəlizləşdiyini görən Mübariz Bayramov hüquq mühafizə orqanlarına müraciət edib. Maraqlı məqam ondan ibarətdir ki, sözügedən bank müştərini məhkəməyə verməyib. Düzdür, bank əməkdaşlarının böyrəyi satmaqla bağlı təhdidləri bir neçə ay bundan əvvəl yaşanıb. Amma işlə bağlı araşdırmalar davam etdiyindən müştəri narahatdır ki, yenidən hədə-qorxular başlaya bilər. Hüquqşünaslar bildirirlər ki, qanunvericiliyə görə, borcu qaytara bilmədiyinə görə müştəridən adi əşyanı satmasını belə tələb etmək qanunsuzdur. Müştəriyə hədə-qorxu gəlmək isə cinayət məsuliyyəti yaradır. Belə ki, 3000 manatdan yuxarı borcu hədə-qorxu gəlməklə tələb etməyə görə bank əməkdaşı 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, bir neçə gün öncə sözügedən bankın “Unibank” olmasını şikayətçi özü təsdiqləmişdi”. LEGİON.AZ saytı araşdırma zamanı öyrəndi ki, sözügedən vətəndaş Mübariz Bayramovun problemi hələ 2016-cı ilin aprel ayında bəzi saytlar tərəfindən işıqlandırılmışdı. Mübariz Bayramov bildirmişdi ki, “Unibank”ın adından ona dəfələrlə zənglər və hədələr olub. Dəvət edib bir neçə saat da saxlayıblar. Cibində olanları da boşaldıb əlindən alıblar. Qohumlarına da zəng vurublar ki, gəlin Mübarizin pulunu ödəyin. Lakin görünən odur ki, Mübarizin “Unibank”ın işçisi hesab etdiyi şəxslər əslində “Baku Collecting Agency” (BOA)-nin işçiləri olub. Çünki bizə təqdim etdiyi sənədlərin içində həmin şirkətə ödədiyi 50 manat üzrə mədaxil qəbzinin surəti də var. Başqa sözlə, sözügedən kollektor şirkəti “Unibank”a xidmət göstərərək onun problemli borclarının qaytarılması ilə məşğuldur. Mübarizi hədələyənlərdən biri ona böyrəyini satmağı təklif edib. Mübariz də buna razı olub. Başlayıb xəstəxanaları gəzməyə ki, böyrəyimi alın. Təbii, yaxın buraxan olmayıb. Buna görə də təklifi verən kollektordan (və ya bank işçisindən – bunu hələ dəqiqləşdirmək lazımdır) telefonla xahiş edib ki, xəstəxananın yerini desin, gedib böyrəyini satsın. O da başlayıb onu yenə qorxutmağa ki, işin artıq məhkəmədədir (bu, yalandır!), axtarışdasan, səni tutacaqlar. Mübariz yenə xəstəxana barədə soruşanda kollektor cavab verib ki, sən tez gəl, mən səni yönləndirərəm ora (islaminsesi.org). Həmin söhbətin audio yazısını LEGİON.AZ oxucularına təqdim edirik. LEGİON.AZ-a maraqlı gəldi, “Unibank” Mübariz Bayramovun kredit borcunu həqiqətən də kollektor şirkətinə satıbmı (və ya hansısa şəkildə bu borcu almağı həvalə edibmi)? Güman ki, belə bir proses baş verib. Lakin doğrudanmı, bu kollektor şirkətinin müştərilərlə münasibətdə kobud davranması “Unibank” rəhbərliyinin vecinə deyil? Axı, bu zaman həm də bankın imicinə xələl gəlir… LEGİON.AZ olaraq, məsələni aydınlaşdırmaq üçün “Unibank”a zəng etdik, ordan bizə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Sülhiyyə Şirinova ilə əlaqə saxlamağı tövsiyə etdilər. S.Şirinova ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Lakin üç iş günü ərzində sözügedən məsələ ilə bağlı “Unibank”ın münasibətini də LEGİON.AZ -da dərc etməyə hazırıq. Cəmiyyətdə “Baku Collecting Agency” və ya “BOA Kollektor” kimi tanınan şirkət haqqında ölkə mətbuatında az yazılmayıb.saytı interpress.az-a istinadən qeyd edir ki, “Baku Collecting Agency”nin təsisçilərindən biri də “Unibank”ın prezidenti Eldar Qəribovun poker yarışında 1 milyon dollar udan oğlu İlkin Qəriblidir. O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan “Baku Collecting Agency” (BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəriblinin oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir. Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA agentliyinin digər həmtəsisçisi ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir (interpress.az). Amma “Unibank”dan İlkin Qəriblinin yeni təsisatının banka heç bir dəxli olmadığını bildirirlər. “Sadəcə, İlkin Qəribli Qərbdə təhsil alıb, Brüsseldə oxuyub, oranın bank təcrübəsini yaxşı bilir. Ona görə də Azərbaycanın bank biznesinə çoxdan ehtiyac duyulan bu xidməti gətirməyi özü üçün əlverişli biznes sayıb”,- deyə “Unibank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar İsrafilov bildirir. Onun sözlərinə görə, “Unibank”ın bu agentliyin xidmətinə ehtiyacı olmasa da İlkin Qəriblinin biznesi perspektivli görünür: “Şəxsən bizə gəldikdə, problemli borclarımızın ümumi kredit çantasında payı ildən ilə azalır. Amma bir çox bankların, xüsusilə də, iri bankların qaytarılmayan borclarla bağlı problemi ildən ilə dərinləşir. İri bankların böyük məbləğlərdə problemli borcları olmasına baxmayaraq, onların qaytarılması ilə cəmi 20 adam məşğul olur, təbii ki, onlar da problemli müştərilərin hamısı ilə məşğul ola bilmirlər”,- deyə Vüqar İsrafilov vurğulayır (anspress.az). LEGİON.AZ -da daha bir sual da yarandı: İlkin Qəriblinin Avropadan gətirdiyi “təcrübə” budurmu – vətəndaşları təhdid etmək, yalandan həbsxana ilə qorxutmaq, borcunu ödəmək üçün böyrəyini satdırmaq? Olmaya, BOA-nın kollektorları vaxtaşırı Avropa şəhərlərində treninqlər də keçir, insanları qorxutmağın incəliklərini öyrənirlər? Legion.az olaraq, bu və digər suallara cavab tapmaq üçün “boacollection.az” saytındakı əlaqə nömrələrinə zəng etdik, lakin bizim zənglərimizə cavab verən olmadı. 12 sentyabr 2014-cü il tarixdə qafqaznews.az saytında “UNIBANK öz qoçu dəstələrindən imtina edir?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə 1Sabunçu rayon sakini Həmid Nəsibovun şikayətindən bəhs edirdi: “9 fevral 2008-ci il tarixdə, Bakı şəhərində yaşayan qaynım mənə zəng edərək bildirmişdi ki, dostu Sahil “Mersedes Benz” markalı avtomaşın almaq istəyir. Sahilin daimi iş yeri olmadığına görə, həmin avtomaşını mənim adıma almağa qərarlaşdırıblar. Mən Sahilin mənə verdiyi vədlərə inanaraq, razılıq verdim ki, həmin avtomaşın mənim adıma alınsın və “Unibank”-da mənim adıma girov müqaviləsi bağlanılsın. Sahil məni əmin etdi ki, vaxtı-vaxtında bankın pulları ödəniləcək və səni heç kim, heç vaxt narahat etməyəcək. Beləliklə, mən “Unibank”a gedərək, orada 9 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalamışdım.Girov müqaviləsinə əsasən, mən bankdan 23 min 800 manat məbləğində pul götürmüşdüm. Götürdüyüm pulları 24 ay ərzində banka qaytarmalı idim. Bankla mənim tərəfimdən imzalanmış razılaşmaya əsasən maşının qiyməti 34 min manat dəyərləndirilmişdi. Bundan sonra, mən Bakı şəhər sakini olan Sahilə mülki etibarnamə vermişdim. Həmin etibarnaməyə əsasən, mənim əvəzimə banka pulu Sahil aybaay ödəməli idi. Bu minvalla Sahil 2008-ci ilin fevral ayından başlayaraq vaxtı-vaxtında bankın pulunu, yəni aylıq pulunu və faizlərini ödəməyə başlamışdı. Bundan 5 ay keçdikdən sonra, Sahil mənə bildirdi ki, onun idarə etdiyi maşını qaçırıblar. Maşının tapılması üçün o hüquq-mühafizə orqanlarına müraciət etdiyini də mənə bildirmişdi. Bildiyimə görə, bir müddət sonra, maşın oğruları tutularaq məhkəməyə veriliblər. Xətai Rayon Məhkəməsi həmin oğrular barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmə tərəfindən “Unibank”a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunub. Bildiyimə görə, girovda olan “Mercedes” markalı maşın, bank tərəfindən MBASK sığorta şirkətində dərhal da sığortalanmışdı və sığorta şirkəti dəyən ziyanı tamamilə ödəyib”. Şikayətçi daha sonra bildirirdi ki: “Bundan 5 il sonra, yəni 2014-cü ilin avqust ayının əvvəllərində mənə “Baku Collecting Agency”dən zəng olundu və bildirdilər ki , mənim “Unibank”a 19 min 500 manat borcum qalıb. Agentliyin əməkdaşı Nizami İbrahimovla görüşümüzdə ona bildirdim ki, mənim bu işdə ancaq adım gedir, pullardan və onunla əlaqədar işlərdən xəbərim yoxdur. Onlara Sahil ilə əlaqə saxlamağı bildirmişdim. Onlar Sahil ilə əlaqə saxladıqdan sonra, Sahilə təklif ediblər ki, banka olan 18 min 921 manat borcun 8 min 921 manatının bank tərəfindən bağışlanmasına nail olacaqlar. Şirkətin əməkdaşları Sahili inandırmağa çalışıblar ki, yerdə qalan 10 min manatın 4 min manatını bir həftə ərzində ödəsə, yerdə qalan 6 min manatı 2014-cü ilin sonuna kimi ödəyə bilər və bundan sonra Nəsibov Həmidin banka heç bir öhdəliyi olmadığı barədə arayış veriləcək. Cəfərov Sahil Əzizağa oğlu onların şərtləri ilə razılaşmayıb”. Bir müddət sonra “Baku Collecting Agency” Həmid Nəsibova bildiriş göndərir ki, “əgər banka olan borcunu ödəməsə, dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunacaq”. Bununla kifayətlənməyən Nizami İbrahimov bildirişləri Həmid Nəsibovun yaşadığı həyətin divarlarına yapışdıraraq onu qonşular arasında biabır edib. Bütün bunlara aydınlıq gətirmək üçün “Baku Collecting Agency”-nin nümayəndəsi Nizami İbrahimovla əlaqə saxlasaq da, o, bizim suallarımıza cavab verməkdən imtina eləmişdi. Belə olan halda “Unibank”ın nümayəndəsi Yevgeni Sultanova müraciət eləmişdik. O, isə bildirmişdi: “Biz müştəridən pulu almaq üçün heç bir kənar xidmətdən istifadə etmirik” (qafqaznews.az). 2015-ci il martın 11-də Samir İsmayılov kavkaznews.az saytına müraciət edib: “ Mənim hələ adını çəkmək istəmədiyim müştərimə “Baku Collecting Agency”nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “Unibank”a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”. Samir İsmayılovun müraciətindən sonra, biz “Baku Collecting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq, hansı əsasla “Unibank”a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, “biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borcları yığmaqla məşğuluq”. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “Bu, Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collecting Agency”yə borclarla bağlı belə bir tapşırıq verməmişik”. Baş verənləri “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynov belə şərh edib: ““Baku Collecting Agency”nin nümayəndəsinin “Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borcları yığmaqla məşğuluq” deməsi vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdir ki, bu da cinayətdir”. Vəkil İlham Məmmədov isə bildirdi ki, Ədliyyə Nazirliyi “Baku Collecting Agency”-nin əməlləri ilə bağlı müvafiq orqanlara məlumat verməli, tədbir görülməsini tələb etməlidir (kavkaznews.az). LEGİON.AZ olaraq qeyd edək ki, bu məlumatın yayılmasından bir il yarım vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin sözügedən kollektor agentliyinə qarşı hər hansı addım atıb-atmaması ictimaiyyətə məlum deyil. Əlbəttə, dövlət qurumu adından sui-istifadə edən bir şirkət sərt cəzalandırıla, hətta məhkəmə qaydasında bu şirkətin fəaliyyətinə qadağa da qoyula bilərdi. Lakin bu barədə bir məlumat yoxdur. Sözügedən agentlik hələ də fəaliyyətini davam etdirir və sadə vətəndaşları qorxutmağa davam edir. Yazı sayta gedərkən, LEGİON.AZöyrəndi ki, ötən il hüquqşünas Samir İsmayılovun müdafiə etdiyi, “Bakı Collecting Agency” tərəfindən təhdidlərə məruz qalan Mahmud Tağıyev məsələ ilə bağlı 2015-ci ilin martında Respublikanın baş prokuroru Zakir Qaralova və DİN başçısı Ramil Usubova müraciət etmişdi. Mahmud Tağıyevin LEGİON.AZ-a bildirdiyinə görə, müraciət Yasamal rayon prokuror köməkçisi Nigar Talıblı tərəfindən araşdırılmış, lakin kollektor agentliyinin əməkdaşlarına qarşı tədbir görülməmişdi. Hətta vətəndaş qeyd edib ki, Ramin adlı kollektorun Ədliyyə Nazirliyi adından sui-istifadə etməsini isbatlayan səs yazısını hüquq mühafizə orqanlarına təqdim etdiyi halda, onlar kollektorların təhdidlərinə və dövlət qurumları adından istifadə etməsinə faktiki olaraq haqq qazandırıblar. Mahmud Tağıyev həmin borcunun təhdidlərdən hələ 3 il əvvəl, 2012-ci ildə bağlandığını da LEGİON.AZ-a əlavə edib. “Unibank”ın nümayəndəsi Yevgeni Sultanov təmsil etdiyi bankın hər hansı kollektor agentliyinin xidmətindən istifadə etmədiyini deyirsə, bəs bu agentlik vətəndaşların “Unibank”a borcları barədə məlumatları kimdən alır? Əgər burda “Unibank”ın da adından sui-istifadə halları varsa, o zaman bank bu və digər kollektor agentliklərinin cəzalandırılması üçün hüquq mühafizə orqanlarına şikayət edə, onları məhkəməyə də verə bilərdi. Qəribədir ki, bu barədə də məlumat yoxdur. Lakin hər gün bir-birindən daha dəhşətli məlumatlar eşitməkdəyik: Bir vətəndaş intihar həddinə çatdırılır, digəri qoluzorlular tərəfindən təhdid olunur, bir başqasını isə böyrəyini satmağa məcbur edirlər. Əgər “Unibank”da belə hallara isti baxırlarsa, o zaman bank rəhbərliyinin orqan mafiyası ilə münasibətlərinin olub-olmaması da sual doğurur. Araşdırmamız davam edir. Geri qayıt |