Əsas Səhifə > Gündəm, Manşet > “Həmkarlar” dəmiryolçuların hüquqlarını müdafiə etmir
“Həmkarlar” dəmiryolçuların hüquqlarını müdafiə etmir15-07-2016, 09:32 |
Redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) sədri Fəzail Bağırovun fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapmaqdadır. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz dəfələrlə bu mövzuya toxunaraq, Azərbaycanda fəaliyət göstərən müxtəlif həmkarlar təşkilatlarının qeyri-səmərəli fəaliyyətlərindən bəhs edən materiallar dərc etmişik. Həmin yazılarda biz vurğulamışıq ki, əslində bu qurumlar əksər hallarda təmsil etdikləri sahələrdə çalışan insanların deyil, bilavasitə həmkarlar iyerarxiyasının üst pillələrində duran şəxslərin mənafeylərinə xidmət edirlər. O cümlədən, artıq bir neçə müddətdirki, bizimdovr.az-a daxil olan məlumatlarda Fəzail Bağırovun da öz fəaliyyətində müxtəlif qanun pozuntularına yol verdiyi iddia olunur. Aldığımız açıqlamalarda vurğulanır ki, bu komitə sədri rəhbərlik etdiyi qurumun vəsaitlərinin mənimsənilməsi yönümündə həyata keçirdiyi maxinasiyaların sayəsində, hazırda paytaxtın ən zəngin şəxslərindən birinə çevrilmişdir. Mənbələrin redaksiyamıza verdiyi məlumatlara görə, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. İttifaqın sədri Fəzail Bağırovdan isə, müxtəlif instansiyalara ünvanlananşikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay dəmiryolçuların həmkarlara ödədiyi məbləğ yüz min manatlarla hesablanır. Bir il ərzində isə, bu vəsait bir neçə milyon manat edir. Lakin bu gün yığılan bu böyük məbləğdə vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara dəmiryolçular müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar bosslarının, o cümlədən Fəzail Bağırovun mənafeyinə xidmət edir. Bir daha xatırladaq ki, bir müddət bundan əvvəl mətbuata təqdim olunmuş məlumatlarda da dəmiryolçuların Nabran ərazisində yerləşən “Lokomotiv” istirahət mərkəzinin ətrafında yaşanmış qalmaqaldan bəhs olunurdu. Bu xüsusda təqdim olunan açıqlamalarda qeyd olunmuşdu ki, “Lokomotiv” istirahət mərkəzinin inşası zamanı Fəzail Bağırov tikinti xərclərini şişirdərək, külli miqdarda dövlət vəsaitini mənimsəməyə də müyəssər olub. Bu barədə məlumatlarda deyilir: ““Lokomotiv” istirahət mərkəzi 2008-ci ildə inşa olunub. Aradan bir neçə il keçdikdən sonra bərbad vəziyyətə düşüb. Ona görə ki, tikinti işləri istənilən səviyyədə həyata keçirilməyib. Dəmir yolunda çalışanların əksəriyyəti də bilir ki, istirahət mərkəzi tikilən zaman tikinti xərcləri şişirdilib və ucuz materiallardan istifadə olunub. Həm də bütün bunlar məhz Fəzail Bağırovun göstərişi ilə baş verib. Məhz bu maxinasiyaların syəsində, demək olar ki, “Lokomotiv” istirahət mərkəzi hələ istifadəyə tam verilməmiş Fəzail Bağırov Nabranda oğlanları Ruslan və Aqil üçün iki möhtəşəm villa tikdirib. Sədrin bu işləri aylıq vəzifə maaşı ilə görməsi qeyri-mümkündür...” Daxil olan digər məlumatda isə bildirilir ki, Fəzail Bağırov təkcə son bir-iki ildə rəhbərlik etdiyi qurumun xəzinəsindən 2 milyon manatdan artıq vəsait mənimsəyib. Bu yaxınlarda yeni aldığımız daha bir məlumatda isə vurğulanır ki, Fəzail Bağırov həmçinin AHİK miqyasında həyata keçirilən müxtəlif maxinasiyaların da ən fəal iştirakçılarından biridir. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Geri qayıt |