Əsas Səhifə > Gündəm, Manşet > “Onlar bizə maaşın məbləğini göstərmədən, “aldım” yerinə qol çəkdirirlər”

“Onlar bizə maaşın məbləğini göstərmədən, “aldım” yerinə qol çəkdirirlər”


14-07-2016, 08:51
“Onlar bizə maaşın məbləğini göstərmədən, “aldım” yerinə qol çəkdirirlər”
Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyinə müraciət edən Umxanım Əsgərova bildirmişdi ki, o bilet satışıyla məşğul olan “UR Style” şirkətində 5 ildən çox kassir vəzifəsində işləsə də, onunla şirkət arasında əmək müqaviləsi bağlanmayıb. Sonra o xüsusi olaraq qeyd etmişdi ki, “UR Style” şirkətində çalışan kassirlərin əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb. Umxanım Əsgərova agentliyimizə verdiyi məlumatdan sonra o “UR Style” şirkətinin hüquqşunası Rasim Quliyev tərəfindən qəbul olunub. Rasim Quliyev ona bildirib ki, yaxın zamanlarda o işdən azad olunacaq. Bu görüş təxminən 2 ay bundan əvvəl olub.

Dünən əməkdaşımız Umxanım Əsgərovanın Xətai rayonunda işlədiyi “ASAN Xidmət” mərkəzinə baş çəkib və onu orda görməyinə sevinib. Ondan soruşub ki, sizin işiniz nə yerdə qaldı. Umxanım Əsgərova isə ona cavab olaraq bildirib ki, o “UR Style” şirkətinin rəhbərliyinə xəbərdarlıq edib, şirkətdəki qanunsuzluqlar barədə mətbuata xəbər verdiyinə görə işdən azad olunsa, onda onunla əmək müqaviləsi bağlanmadığı barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə ilə müraciət edəcək. Bunu eşidən “UR Style” şirkətinin rəhbərliyi çıxılmaz vəziyyətdə qalaraq, Umxanım Əsgərovanı Xətai rayonunda yerləşən “ASAN Xidmət”də kassir vəzifəsində saxlayıblar.
Məlumat üçün bildirək ki, Umxanım Əsgərova bir neçə ay öncə Qafqaz Xəbər Agentliyinə müraciət edərək onun kimi bir çox kassirlərin “UR Style” şirkətində işləməklərinə baxmayaraq onlarla əmək müqaviləsinin bağlanmadığı barədə məlumat vermişdi. Biz də öz növbəmizdə Umxanım Əsgərovanın əməkdaşımızla telefon söhbətindən çıxarışları oxuculara təqdim edirik:

– “Na nas oçen xoroşo yezdyat (“bizi çox yaxşı minib çapırlar” – red.). Hər il ödənilən məzuniyyətdən məhrum oluruq. Allah eləməsin, xəstələnim, hansısa səbəbdən işə gəlməyim, həmin gün ödənilmir. Hansı əsasla?! Mən internetə girib Azərbaycan Konstitusiyasını tapdım, orda yazılıb ki, biz hüquqi dövlətik. Başa düşürsünüz, biz hüquqi dövlətik… Suallar cavabdan çoxdur”;

– “ASAN Xidmət” bizdən niyə əmək müqaviləsini tələb etmir? Stolumun üstündə təlimat var ki, onlara tabe olmalıyam… Qoy sadəcə zəng etsinlər şirkətə, əmək müqaviləsi tələb etsinlər”;

– “Şirkətin direktoru Kamran Hüseynovdur. Anar isə sağ əlidir. Blanklarda Aqil Hüseynov yazılır. Biz əvvəl elə bilirdik ki, Aqil onun ikinci adıdır… Amma Aqil Hüseynov kimdir, bilmirəm.. Bəlkə də, bunlar iki fərqli adamlardır”;

– “Əvvəl Atəş var idi, direktor idi. Bir də Məlik Kazımov adlı biri var idi, təşkilatçı idi. Atəş Bakıda çox tanınırdı, şirkətin işlərini də quran o idi. Amma 2011-ci ildə Atəşi çıxardılar. Mən onda işsiz idim. Mənə zəng etdilər, artıq 5 ildir ordayam. Orda hüquqşünas var, yəhudi… Rasim (Rasim Quliyev nəzərdə tutulur – red.) məni işə götürəndə əvvəl Anar danışdı, sonra Kamran, sonra Rasim…. Orda Fuad Xaimov adlı bir yəhudi də işləyir… Rasim müəllim məndən haralarda işlədiyimi soruşdu. Mən bukmeker ofisində işlədiyimi deyəndən sonra dedi ki, siz bizə uyğunsunuz, sizə zəng edəcəyik”;

– “O vaxt Məlik Kazımovu işdən çıxardılar, çünki İqor Krutoyun konsertində qalmaqal düşmüşdü, baha qiymətə bilet möhtəkirlərindən şikayətlər çoxaldı.. biletləri 200-300 manata satırdılar… İ tak Melika ubrali (“Və beləcə Məliki rədd elədilər” – red.)”.

– “Onlar bizə maaşın məbləğini göstərmədən siyahıya “aldım” yerinə qol çəkdirirlər. Məndə də sual yaranmışdı ki, görəsən, niyə aldığımız pulu göstərmirlər. Sonra qızlardan öyrəndim ki, köhnə rəhbərlik bizə daha çox verirdi, amma indiki rəhbərlik maaşlardan pul kəsir, bizdən isə gizlədir”.

Görünür ki, bizim silsilə yazılarımızdan “UR Style” rəhbərliyi heç bir nəticə çıxarmadı. Öyrəndiyimizə görə, hələ də sözügedən şirkətdə bir çox əməkdaşla müqavilə imzalanmayıb, qanunsuzluqlar davam etməkdədir. Bildiririk ki, bu şirkətin “qaranlıq” fəaliyyəti ilə bağlı daha yeni məlumatları da tezliklə oxuculara təqdim edəcəyik.





























Geri qayıt