Əsas Səhifə > Gündəm, Manşet > Ağsuda bir məmurun gözqamaşdıran sərvəti...
Ağsuda bir məmurun gözqamaşdıran sərvəti...13-07-2016, 09:14 |
«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyindəki qurumların arasında elələri var ki, fermerlərə hava, su kimi lazımdır. Suvarma sistemləri və mexaniki suvarma idarələri də həmin qurumlardan biridir. Məlumat üçün deyək ki, suvarma sistemləri idarələri magistral kanallardan, eləcə də digər su mənbələrindən qəbul edilən suyun Sudan İstifadəedənlər Birliklərinə verilməsini həyata keçirir. Respublikada mövcud 1319 min hektar suvarılan sahədə yerləşən suvarma sistemlərini, onların üzərindəki qurğuların və nasos stansiyalarının, dağ çaylarında sel və daşqınlara qarşı yaradılmış mühafizə bəndlərinin istismarı, təmiri-təmizlənməsi ilə məşğul olur. Respublikanın 50 rayonunda 53 suvarma sistemləri və mexaniki suvarma idarələri var. Amma bu idarələrin bəzilərində çox ciddi problemlər mövcuddur. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, Ağsu rayon Suvarma Sistemləri İdarəsində də işlər qaydasında getmir. Məlumatlı mənbənin bildirdiyinə əsasən, Səfər Məmmədovun rəhbərlik etdiyi idarədə mövcud olan neqativ hallar rayonda fermer təsərrüfatı ilə məşğul olan insanları xeyli qayğılandırır: «Belə ki, idarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Rəisin yarıtmaz idarəçiliyi ucbatından rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir ki, bu da məhsuldarlığa pis təsir göstərir. İdarə rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Ağsu Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Elan olunan tenderlərdə qanunsuzluqlara yol verilir, Səfər Məmmədovla qabaqçadan sövdələşən şirkətlər kağız üzərində keçirilən müsabiqələrdən qalib çıxarılır, suvarma təsərrüfatının ehtiyacı üçün iş və xidmətlər, mal və materiallarla təmin etmək hüququnu qazanırlar. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Səfər Məmmədovun özünə qaytarılır». Həmçinin məlumatda qeyd olunur ki, Səfər Məmmədov idarəyə rəis təyin olunandan sonra özünün yaxın qohumlarının adını idarəyə işçi kimi yazıb, əmək haqqlarını mənimsəyir: «Məmmədzadə Rauf Səfər oğlu (öz oğludur), İmanquliyev Namiq Əjdər oğlu (Rusiyada yaşayır), Məmmədov Kənan Fizuli oğlu (Bakıda Bankda işləyir, yaxın qohumudur), Kazımova Zərifə Canəli qızı (qayınanasıdır, Bakıda yaşayır), Məmmədov Kamran Nemət oğlu (Rusiyada yaşayır, əmisi oğludur). Bundan başqa, idarə rəisi Qazan arxının çəkilişinə dövlətin 1.800.000 manat vəsaitini özünün şəxsi firması olan "Nicat-A” MMC-yə köçürüb. Bu pula cəmi 300 metr beton kanal çəkib, qalan pul isə hara yoxa çıxıb bilinmir. İdarəyə aldığı beton qarışdıran maşına görə özünə məxsus "Nicat-A” MMC-yə 80.000 manat dövlətin pulunu köçürüb. Halbuki bu maşının bazar qiyməti 15.000 manat dəyərindədir. Həmçinin idarəyə alınan «Kamaz» maşınına görə eyni qayda ilə 90.000 manat pul köçürülüb. Bu maşının qiyməti isə 30.000 manatdır. İdarəyə avadanlıq almaq üçün ayrılan 34.000 manatın da taleyi sual altındadır». Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi ilə bağlı indiyə kimi mətbuatda çox yazılsa da, hələlik heç bir tədbir görülməyib. İddialara əsasən, idarə rəhbəri hansısa qüvvələr tərəfindən müdafiə olunur və bu səbəbdən onun törətdiyi özbaşınalıqların üstü tezliklə ört-basdır edilir. Biz isə hesab edirik ki, ASC sədri Əhməd Əhmədzadə və aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri qeyd olunan faktların izinə düşüb idarə rəisinin fəaliyyətini araşdırmalıdır. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var. Geri qayıt |