Əsas Səhifə > Gündəm, Manşet > Gədəbəy fermerləri kömək istəyir

Gədəbəy fermerləri kömək istəyir


2-07-2016, 09:00
Gədəbəy fermerləri kömək istəyir
Gədəbəy rayon bir qrup fermer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanan məktub Faktinfo.az saytna da göndərilmişdir.Məktubu oldoğu kimi təqdim edirik:

Hörmətli Prezident!

Gədəbəy dağlıq kənd rayonudur. Üstəlik cəbhə bölgəsidir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sovetlər dövründə də belə idi. İnsanlar öz şəxsi təsərrüfatlarında çalışmaqla dolanışıqlarını təmin edirlər. Siz, hər zaman digər rayonlar kimi Gədəbəyə də öz diqqət və qayğınızı əsirgəməmisiniz. Rayonumuzun abadlaşdırılması, yollarımızın yenilənməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdrılması istiqamətində gördüyünüz işlər hər bir gədəbəyli kimi bizləri də sevindirir.

Lakin bu gün biz xoşagəlməz bir vəziyyətlə üzləşmişik. Bu da Sovetlər dövründən bəri bu günümüzədək beş rayonun qışlaq-yaylaq sahəsi kimi istifadədə olunan “Ceyrançöl” yatağı ilə bağlıdır. Burada Qazax, Ağstafa, Şəmkir, Tovuz və Gədəbəy rayonlarının bu böyük yatağı bu gün də insanların istifadəsindədir. Burada yataq kimi istifadə edilə biləcək başqa bir ərazi yoxdur. Bu ərazidə bitən yovşan kolu heyvanlar üçün ən zəruri təbii yem hesab edilir.

Sovetlər dönəmində bu əraziyə nəinki traktor, digər mexanizasiya daxil ola bilməzdi, hətta yovşan kolunun üstündən keçən avtomobil təkərinə görə böyük məbləğdə – 1000 manat cərimə ödənilərdi.

Amma bu gün vəziyyət tam əksinə dəyişməkdədir. Bəzi insanlar şəxsi qazanc naminə ümumi işə ziyan verə biləcək əməllərlə məşğul olmağa başlayıblar. Bir qrup şəxs tərəfindən yataq ərazisində artıq taxıl səpininə başlanmışdır.

Bu ərazidə şum aparılması orada yenidən yovşan kolu bitməsi ehtimalının üzərindən birdəfəlik xətt çəkmiş olacaq.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə sizin sərəncamınızla respublikada heyvandarlığı inkişaf etdirmək məqsədilə 8,5 milyon manat məbləğində pul vəsaiti ayırmısınız. Bu, bir daha sizin kənd əhalisinə göstərdiyiniz qayğının bariz nümunəsidir. Ölkədə “Ərzaq Proqramı” qəbul edilib. “Ərzaq Proqramı”nda heyvandarlıq bir daha prioritet sahə kimi təsbit olunub. Bizim hər birimiz “Ərzaq Proqramı”nın həyata keçirilməsində maraqlıyıq.

Hörmətli cənab Prezident!

Bakıdan Qazax rayonuna qədər yolboyu min hektarlarla əkinə yayarlı torpaq sahəsi boşdur. Yaxşı olardı ki, taxıl səpini həmin sahələrdə aparılsın. Təkcə “Ceyrançöl”də Gədəbəydən 300000 baş, bir o qədər də digər rayonların qoyun sürüsü yerləşir.

Burada taxıl əkilməsi qoyunçuluğun məhvi deməkdir.

Azərbaycanda dağ meronosunun vətəni Gədəbəydir. SSRİ dövrü bura ən böyük heyvandarlıq rayonu olub, çoban Qara Haqverdiyev və başqaları böyük dövlət mükafatları ilə təltif olunub.

Ən böyük ziyan da Gədəbəyə dəyib. Biz taxılçılığın əleyhinə deyilik. Qış otlaq sahəsi əlimizdən alınıb, yerinə ərazi verilməyib. Yüz minlərlə manat xərcimiz çıxıb, bizə kompensasiya verilmir, aidiyyat instansiyalar müraciətlərimizə rədd cavabı verir. Əgər bizə tezliklə qış otlaq sahəsi ayrılmasa, tikililərimizin kompensasiyası ödənilməsə yarım milyon heyvan məhv olacaq.

Xahiş edirik üzləşdiyimiz problemin öz qanuni həllini tapması üçün köməyinizi əsirgəməyəsiniz.


İmza:

Tomuyyev Akif Səlim oğlu -Söyüdlü kəndi

Abdullayev Telman Çoban oğlu- Söyüdlü kəndi

Abdullayev Qəzənfər Bəşir oğlu Söyüdlü kəndi

Kazımov İsrafil Murtuz oğlu –Söyüdlü kəndi

Geri qayıt