Əsas Səhifə > Gündəm, Manşet > DGK sədri Aydın Əliyev öz əmisini rektor təyin etdirib?

DGK sədri Aydın Əliyev öz əmisini rektor təyin etdirib?


24-06-2016, 10:58
DGK sədri Aydın Əliyev öz əmisini rektor təyin etdirib?
İyunun 13-də Qafqaznews.az saytında “DGK sədri Aydın Əliyevlə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovu nə birləşdirir?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, sahiyyə nazirinin müavini Abbas Vəlibəyovun Əli İnsanovdan sonra da vəzifədə qalması, hətta daha da güclənməsi nə qədər “sirli” və təzadlı görünsə də, onun qohumluq əlaqələrinə diqqət yetirdikdə, bir çox suallara aydınlıq gəlir. Məsələ ondadır ki, Abbas Vəlibəyovla Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev arasında “qohumluq körpüsü” və isti münasibətlər var. Belə ki, Aydın Əliyevin əmisi oğlu Faiq Əliyevin oğlu Abbas Vəlibəyovun qızı ilə ailə qurub. Bu izdivacda da Aydın Əliyevin şəxsən “qarant” durduğu söylənilir.

Məlumat verən mənbə onu da bildirir ki, Aydın Əliyevlə Abbas Vəlibəyov ölkəyə dərman idxalatı ilə bağlı da “ortaq dil” tapıblar və nazir müavini bu istiqamətdə xeyli qazanc əldə edib. Bəs Faiq Həsən oğlu Əliyev kimdir? Bu şəxs barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, hazırda Azərbaycan Kooperasiya Universitetində fəlsəfədən dərs deyən Faiq Əliyev 20 il bundan əvvəl əmisi oğlu Aydın Əliyevin vasitəsi ilə Azərbaycana Rusiya universitetlərindən birinin filialını gətizdirib. Ölkədə imkanlı ailələrin övladlarının hərbi xidmətdən yayınması üçün, bu cür təhsil ocaqları xüsusi “əhəmiyyət” daşıyır.

Ancaq o illər təhsil naziri olan Misir Mərdanov Faiq Əliyevin təhsil ocağına lisenziya verməyib. Nəticədə isə həmin filialın fəaliyyətini davam etdirmək mümkün olmayıb. Faiq Əliyev qapılara düşərək nazirə çıxışı olan adamlar axtarıb. Nazirə yaxın olan bəzi şəxslər Faiq Əliyevdən 90 min dollar pulu alaraq lisenziya vəd etsələr də, sonda onu aldadırlar. Yəni, Faiq Əliyev bir qrup şəxs tərəfindən fırıldağa məruz qalır. Bununla bağlı Faiq Əliyev DİN rəhbərliyinə müraciət edir.

Hətta bu məsələ o illər DİN-nin Baş İstintaq İdarəsinin baş müstəntiqi mərhum Rövşən Musayev tərəfindən araşdırılıb. Bununla sakitləşməyən Faiq Əliyev Aydın Əliyevlə məsləhətləşərək, üz tutur “Azadlıq” qəzetinə və qəzetin redaksiyasında Qənimət Zahidlə şəxsən bir neçə dəfə görüşür. Faiq Əliyevə pul atılması ilə bağlı “Azadlıq” qəzetində silsilə yazılar dərc olunur. Bu məsələyə hüquq mühafizə orqanları qarışır və məlum olur ki, Faiq Əliyev Aydın Əliyevin əmisi oğludur. Aydın Əliyevə təziqlər başlayır və o, tutduğu vəzifəsini itirmək təhlükəsi ilə üzləşir. Sonda Aydın Əliyev əmisioğluna əmr edir ki, “Azadlıq” qəzetində gedən yazıları dayandırsın və tutduğu bu yoldan əl çəksin. Əldə etdiyimiz məlumata görə,

Abbas Vəlibəyovun qudası Faiq Əliyev bu günlərdə yenə ölkəmizə Rusiyadakı təhsil ocaqlarından birinin filialını gətizdirmək istəyir. Eyni zamanda, Qafqaznews.az-a Faiq Əliyevlə bağlı daha ilginc bir məlumat daxil olub. Məlumat verən mənbə bildirdi ki, bir vaxtlar Faiq Əliyevin dostları Səbuhi və İftixar Paşayev qardaşları, İsmayıl Bədəlov onu ibadətə gətiriblər, lakin bir müddət sonra Faiq Əliyev İslamdan imtina edərək xristian olur.

İyunun 21-də Legion.az olaraq araşdırmanı davam etdirdik. Araşdırmalar nəticəsində öyrəndik ki, Faiq Əliyevin Azərbaycanda leqallaşdırmaq istədiyi təhsil müəssisəsi Rusiyada yox, Ukraynada yerləşən ali məktəbin – Dneprepetrovsk Milli Universitetinin Bakı filialı olub.

Mənbə bildirir ki, Faiq Əliyevin Ukraynadan “gətirdiyi” filialın rektoru rəsmi olaraq özü yox, məhz atası olub – Həsən Əliyev. Faiq Əliyevin özünü də həmin filialda şöbə müdiri kimi rəsmiləşdirdiyi qeyd olunur. Lakin mənbə vurğulayır ki, Həsən Əliyevin özü filialın işləri ilə maraqlanmayıb və hər şeyə faktiki olaraq Faiq Əliyev nəzarət edib. Məlumata görə, bu ssenari məhz Aydın Əliyevə məxsus olub və əmisinin ağsaqqal imicindən istifadə edərək, qeyri-qanuni filiala lisenziya almaq niyyətində olub. Hətta mənbə qeyd edir ki, Aydın Əliyev bu filialın işləri ilə yaxından maraqlanır, Faiq Əliyev də ona ya həftəaşırı, ya da ayda bir dəfə hesabat verirdi. “Onların fikri var idi ki, bu filialı böyük bir təhsil müəssisəsinə çevirsinlər və Bakıda geniş sahə alaraq özəl təhsil kompleksi yaratsınlar. Lakin Faiq Əliyevin, dolayısıyla Aydın Əliyevin bu planları bəzi dairələrdə şübhələrə səbəb oldu. Ona görə də, öz “arzu”larını təxirə salmalı oldular”, – deyə mənbə əlavə edib.

Geri qayıt