Əsas Səhifə > Gündəm, Manşet > DGK sədri Aydın Əliyevin əmisioğlu xristianlığı qəbul edib?

DGK sədri Aydın Əliyevin əmisioğlu xristianlığı qəbul edib?


16-06-2016, 09:04
DGK sədri Aydın Əliyevin əmisioğlu xristianlığı qəbul edib?
Bu günlərdə Qafqaznews.az saytında “DGK sədri Aydın Əliyevlə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovu nə birləşdirir?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, sahiyyə nazirinin müavini Abbas Vəlibəyovun Əli İnsanovdan sonra da vəzifədə qalması, hətta daha da güclənməsi nə qədər “sirli” və təzadlı görünsə də, onun qohumluq əlaqələrinə diqqət yetirdikdə, bir çox suallara aydınlıq gəlir.

Məsələ ondadır ki, Abbas Vəlibəyovla Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev arasında “qohumluq körpüsü” və isti münasibətlər var. Belə ki, Aydın Əliyevin əmisi oğlu Faiq Əliyevin oğlu Abbas Vəlibəyovun qızı ilə ailə qurub. Bu izdivacda da Aydın Əliyevin şəxsən “qarant” durduğu söylənilir. Məlumat verən mənbə onu da bildirir ki, Aydın Əliyevlə Abbas Vəlibəyov ölkəyə dərman idxalatı ilə bağlı da “ortaq dil” tapıblar və nazir müavini bu istiqamətdə xeyli qazanc əldə edib. Bəs Faiq Həsən oğlu Əliyev kimdir? Bu şəxs barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, hazırda Azərbaycan Kooperasiya Universitetində fəlsəfədən dərs deyən Faiq Əliyev 20 il bundan əvvəl əmisi oğlu Aydın Əliyevin vasitəsi ilə Azərbaycana Rusiya universitetlərindən birinin filialını gətizdirib. Ölkədə imkanlı ailələrin övladlarının hərbi xidmətdən yayınması üçün, bu cür təhsil ocaqları xüsusi “əhəmiyyət” daşıyır. Ancaq o illər təhsil naziri olan Misir Mərdanov Faiq Əliyevin təhsil ocağına lisenziya verməyib. Nəticədə isə həmin filialın fəaliyyətini davam etdirmək mümkün olmayıb. Faiq Əliyev qapılara düşərək nazirə çıxışı olan adamlar axtarıb. Nazirə yaxın olan bəzi şəxslər Faiq Əliyevdən 90 min dollar pulu alaraq lisenziya vəd etsələr də, sonda onu aldadırlar. Yəni, Faiq Əliyev bir qrup şəxs tərəfindən fırıldağa məruz qalır. Bununla bağlı Faiq Əliyev DİN rəhbərliyinə müraciət edir.

Hətta bu məsələ o illər DİN-nin Baş İstintaq İdarəsinin baş müstəntiqi mərhum Rövşən Musayev tərəfindən araşdırılıb. Bununla sakitləşməyən Faiq Əliyev Aydın Əliyevlə məsləhətləşərək, üz tutur “Azadlıq” qəzetinə və qəzetin redaksiyasında Qənimət Zahidlə şəxsən bir neçə dəfə görüşür. Faiq Əliyevə pul atılması ilə bağlı “Azadlıq” qəzetində silsilə yazılar dərc olunur. Bu məsələyə hüquq mühafizə orqanları qarışır və məlum olur ki, Faiq Əliyev Aydın Əliyevin əmisi oğludur. Aydın Əliyevə təziqlər başlayır və o, tutduğu vəzifəsini itirmək təhlükəsi ilə üzləşir. Sonda Aydın Əliyev əmisioğluna əmr edir ki, “Azadlıq” qəzetində gedən yazıları dayandırsın və tutduğu bu yoldan əl çəksin. Əldə etdiyimiz məlumata görə, Abbas Vəlibəyovun qudası Faiq Əliyev bu günlərdə yenə də ölkəmizə Rusiyadakı təhsil ocaqlarından birinin filialını gətizdirmək istəyir. Hətta öyrəndiyimizə görə, bu işdə ona məhz Abbas Vəlibəyov arxa çıxmağı vəd edib. Bu günlərdə redaksiyamıza Faiq Quliyevlə bağlı daha ilginc bir məlumat daxil oldu. Məlumat verən mənbə bildirdi ki, bir vaxtlar Faiq Əliyevin dostları Səbuhi və İftixar Paşayev qardaşları, İsmayıl Bədəlov onu ibadətə gətiriblər, lakin bir müddət sonra Faiq Əliyev İslamdan imtina edərək xristian olur.

Mənbənin məlumatına görə, Faiq Əliyev dostları arasında xristianlığı qəbul etməsini onunla əlaqələndirib ki, İslam onun həyat tərzi ilə uyğun gəlmir. F.Əliyevin fikrini öyrənmək, bu və digər məsələlərə münasibətini bilmək üçün, onun mobil telefon nömrəsi ilə əlaqə saxladıq. Lakin F.Əliyev bu məlumatı nə təsdiq, nə də inkar etdi. Bununla belə, Faiq Əliyev jurnalistə ağır söyüşlərlə cavab verərək, pedaqoqa yaraşmayan bir münasibət sərgilədi. Beləliklə, sual yaranır ki, jurnalistlə ağır tonda danışan bir adam hansı xüsusi “istedadlarına” görə Kooperasiya Universitetində fəlsəfə müəllimi işləyir? Son zamanlar bəzi “elita” nümayəndələrinin dinini dəyişməsi ilə bağlı, teoloqların da fikrini öyrənməyə çalışdıq.

QMİ sədrinin 1-ci müavini Hacı Salman Musayev bildirdi ki, belə problem doğrudan da var. Ancaq bu haqda xahiş edirəm, QMİ-nin mətbuat xidmətinə zəng edin” .Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli isə bildirib ki, son zamanlar icmalar arasında balans pozulub və bu hal ənənəvi xristian icmalarını da narahat edir: “Çalışmaq lazımdır ki, cəmiyyətdəki balans pozulmasın.

Maarifləndirmə aparmaq lazımdır. Həmçinin, redaksiyamıza Faiq Əliyevin qudası Abbas Vəlibəyov barədə bir sıra yeni məlumatlar daxil olub. Qeyd edək ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov, 25 ünvanında “Grace Terrace” adlı restoranın əslində Abbas Vəlibəyova məxsus olması ilə bağlı da məlumat əldə etmişik. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Geri qayıt