Əsas Səhifə > Gündəm, Manşet > Heydər Babayev 50 milyonluq qəsri fəhlələrin pulu ilə tikdirib

Heydər Babayev 50 milyonluq qəsri fəhlələrin pulu ilə tikdirib


7-05-2016, 09:01
Heydər Babayev 50 milyonluq qəsri fəhlələrin pulu ilə tikdirib
DİA.AZ: - Bu günlərdə"Heydər Babayevin Bakıda şərq üslublu 50 milyonluq - QƏSRİ FOTOLARDA” adlı yazı dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, Özlərini ərəb şahzadəsinə bənzədən Babayevlər klanının həm Azərbaycanda həmdəki, ölkə hüdudlarından kənarda sahib olduqları sərvət və saysız hesbsız daşınmaz əmlaklarla bağlı redaksiyaya ilginc məlumatlar daxil olub. Bilgiləndirən mənbənin iddiasına görə, Bakının Dübəndi qəsəbəsində - dənizin içərisinə qədər uzanan nəhəng villa Dubay şahzadələrinin saraylarına oxşayır və şərq üslubunda tikilən malikanə 4 hektar ərazini əhatə edir.
Yazı ilə bağlı saytımızın elektron poçt ünvanına durmadan şikayət dolu məktublar gəlməkdədir. Müraciətlərin anonim olmayanlarını isə növbə ilə saytımızda dərc edəcəyik.
Redaksiyamıza Sərməst Seyidəliyev imzası ilə "O VİLLALARDA MƏNİM DƏ PAYIM VAR” başlığı ilə yazı daxil oldu. Yazını olduğu kimi qeyd edirik:
"Bu günlərdə saytda dərc olunmuş "Heydər Babayevin Bakıda şərq üslublu 50 milyonluq -qəsri fotolarda” yazını oxuyanda düzü dəhşətə gəldim. Dərhal onun və əlaltılarının haqsızlıqları xəyalımda canlandı. Öz-özümə zənn etdim ki, Dübəndi qəsəbəsindəki və eləcə də başqa yerlərdə tikdirdiyi villalarda az da olsa mənim də payım var. Başıma gələnləri əvvəldən danışsam dediyimdə həqiqətə olduğu inam yaradar.
Ali təhsilli jurnalistəm. 40 il mətbuatda çalışmışam. Qarabağ müharibəsi başlayanda bir əlimdə qələm, bir əlimdə silah çalışmışam. Amma nə fayda, xain, qəddar ermənilər rus qardaşlarının köməyi ilə torpaqlarımızı işğal etdilər. Minlərlə insan kimi mənim də taleimə qaçqınlıq qismət oldu. Ailə üzvlərimlə birlikdə Bakı şəhərinə gəlib uşaq bağçasında məskunlaşdım. İndiyə kimi də orada yaşayıram. İxtisasımla əlaqədar bir neçə qəzetdə işlədim. Amma əməkhaqqı az olduğundan dolanmaqda çətinlik çəkdim.
Çox çalışdıqdan sonra hörmətli dostların köməyi ilə 2004-cü ilin iyul ayında AB Standart Şirkətlər Qrupunun (şirkət keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevindir. Atasının adı ilə Aydın Babayev adlandırılır. AB onun adının və soyadının baş hərfləridir) bir şirkəti olan Dərnəgül boru zavodu QSC –də fəhlə kimi işə düzəldim.
Həmin ili işə qəbul olunanlara əmək müqaviləsinin surəti verildi. Ondan sonra heç kim əmək müqaviləsinin üzünü görmədi. Rəhbərlik götürdüyü işçilərə müqaviləyə imza atdırmaqla işi bitmiş hesab etdi. Əmək müqaviləsində göstərilirdi ki, zavodda iş birnövbəlidir, şənbə, bazar və bayram günləri istirahətdir. Aylar, illər bir-birini əvəz etdikcə hər şeyin kağız üzərində olduğunu görürdüm. İşə başladığım birinci gündən 2-ci və 3-cü növbələrdə işləmişəm. Bir yerdə işlədiyim fəhlələr kimi istirahət, bayram günlərinin nə olduğunu bilməmişəm. Təsadüfi hallarda 7-8 həftədə bir bazar günü istirahət verilirdi. Narazılıq edənlər işdən qovulmaqla hədələnirdi. Qeyri iş günlərində işin, habelə 2-ci və 3-cü növbələrin olmamasını bilməmələri üçün fəhlələrə əmək müqaviləsinin surəti verilmirdi. İşlədildiyimiz qeyri iş günlərinin haqqı, gecə pulu verilmirdi.
Sovetlər dövründə belə haqsızlıq, ədalətsizlik görməmişdim. İşin demək olar ki, 60-70 faizi əl əməyi ilə görülürdü. Qışın şaxtasında, yayın istisində 12 metr uzunluğunda, müxtəlif çəkidə çıxan plasmas boruları iki fəhlə çiyninə götürüb 50-60 metr kənara aparıb atırdı. Boruların əksəriyyətinin ağırlığı 140-150 kilo idi. Ağır boruları daşımaqdan sağ çiynimin sümüyü yerindən oynayıb boğazıma dirənib.
2011-ci ilin sonlarında ziyalı kimi zavodun icraçı direktoru Məhəmməd Abbasova narazılığımı bildirdim. Onun mənə cavabı bu oldu: zavod Heydər Babayevindir. Həftənin beş günü zavod ona, istirahət və bayram günləri mənə işləyir. Xoşun gəlmir gedə bilərsən. Lazımi yerlərə şikayət edəcəyimi bildirəndə qəzəbli halda dedi:
-Hara şikayət edirsən et. İndi müstəqillikdir. Orqan yox, həmkarlar yox. Kimdir sənin yazdıqlarını oxuyan.
Onun bu cür cavabından sonra dəfələrlə haqqımı tələb etdim.
Zavodda olan haqsızlıqları, özbaşınalıqları, M. Abbasovun vəzifəsindən sui istifadə etməsini təsisçi H. Babayevə çatdırmaq qərarına gəldim. Qəbuluna düşmək üçün teleqrammalar göndərdim, qurupa getdim. Təəssüflər olsun ki, məni qəbul etmədi. Güc-bəla ilə şirkətlər qrupunun prezidenti Oruc Heydərovun qəbuluna düşə bildim. M. Abbasovun özbaşınalıqları barədə ona məlumatversəm də dediklərim havadan asılı qaldı.Bütün göstərişlərin Heydər Babayev tərəfindən verildiyi mənim üçün bir daha aydın oldu.
Şikayətimdən sonra direktorun mənə qarşı kin-küdurəti artdı. H. Babayevin tapşırığı ilə məni işdən çıxarmaq istədi. Lakin Qrabağ müharibəsi iştirakşısı olduğum, məcburi köçkünlüyüm onların məqsədlərinə mane oldu. Buna nail olmayanda başqa yollara əl atdılar. 2011-ci ilinyekununa görə direktor başda olmaqla hamıya 13-cü əməkhaqqı verildi, mənə yazılmadı. 2011, 2012-ci illərin müxtəlif aylarında hamıya mükafat verildi, yalnız mən almadım. Necə olur ki, borunun bir başını çiyninə qoyan fəhlə mükafat alır, o biri başını götürən almır. Şirxan, Viktor adlı fəhlələr zavodda işləməyə-işləməyə hər ay əməkhaqqı, mükafat, 13-cü əməkhaqqı aldıqları halda mənə verilmirdi. İstər Şirxanın, istərsə də Viktorun üzünü zavodda bir nəfər də olsun görməmişdir. Zavodda çalışan fəflələrin aylıq əməkhaqları 350-500 manat arsında idi. Şirxanisə işləməyə-işləməyə ayda 900 manat alırdı.Viktor da onun kimi.Sonralar öyrəndim ki, onlar H. Babayevin şəxsi xidmətçiləridir.
M. Abbasov demək olar ki, hər ayın on gündən çoxunu xarici ölkələrdə ezamiyyətdə olur, biz fəhlələrin mindir əzabla qazandığımız pulla yüksək dərəcəli otellərdə kef edirdi. Deyilənə görə o, ən çox Dubaya, Türkiyəyə H. Babayevin tapşırığı ilə gedirdi. Nə məqsəd üçün getdiyi artıq saytınızda deyilənlərdən aydın oldu. M. Abbasovun özü kiminləsə şərikli halda Ukraynada çoxmərtəbəli binalar tikdirirdi. Bəli, qanunsuz olaraq gecə, gündüz, qeyri iş günləri işlədilərək verilməyən pullarımız ancaq H. Babayevin, bir də onun əlaltısı M. Abbasovun ciblərinə gedirdi.
Haqqımı dönə-dönə tələb etsəm də nəticəsiz qalırdı. 2015-ci ilin avqustunda şirkətlər qrupunun prezidentinə yenidən ərizə ilə müraciət etdim. Ərizəmi M. Abbasova göndərdi. Bununla razılaşmayıb yoxlama tələb etdim. Aradan bir həftə keçməmış M. Abbasov zavodun icraçı direktoru vəzifəsindən azad olundu.Guya zavod ziyanla işlədiyinə görə fəaliyyətini dayandırır. İşçilərin adı və soyadları yazılmış bir siyahıya hamıya imza etdirib bütün fəhlələrlə bağlanmış əmək müqaviləsinə (üzünü görmədiyimiz) xitam verildi, işçilər iki ayliq kompensasiya alaraq işdən çıxarıldı. Üç həftədən sonra zavod fəaliyyətini davam etdirdi. Buradan belə bir sual doğur: zavod fəaliyyətini necə dayandırmışdir ki, üç həftədən sonra əvvəlki gücü ilə işə başladı? Bu, H. Babayevin yeni "ixtirası” olsa da Əmək Qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.
Var-yoxumu, illərlə əziyyət çəkib tikdiyim evimi, torpağımı ermənilər işğal etdi, məni didərgin vəziyyətinə saldı. Burda da AB Standart Şirkətlər Qrupu, H. Babayev və ona arxalanan əlaltısı M. Abbasov əməyimi istismar edib qanuni əməkhaqqımı vermədilər.
İstər H. Babayev, istərsə də M. Abbasov mənim kimi fəhlələri 21-ci əsrdə qul kimi işlədərək hər il zavoddan milyonlar qazanıblar. Onların ikisinin də xaricı ölkələrdəvillaları var. Ailələri bəy kefində dolanır, hər cür şəraiti olan villalarda yaşayırlar. M. Abbasovun şəhərdə olan evinin sayı-hesabı yoxdur. Bahalı maşınlarını qoymağa yer tapmır. Mən isə hələ uşaq bağçasında ömür sürürəm.
Dediklərim bir daha inam yaradır ki, H. Babayev villaları mənim kimi fəhlələrin işlədilib mənimsədilən pulları hesabınadır.

Qeyd: Sonda Sərməst Seyidəliyev qeyd etdi ki, əgər Heydər Babyevin ehtiyacı varsa maaş kartımı da ona verməyə hazıram
DİA.AZ

Geri qayıt