Əsas Səhifə > Gündəm, Manşet > “Ədalətsiz istintaq və məhkəmə bacı ilə qardaşı düşmən etdi”
“Ədalətsiz istintaq və məhkəmə bacı ilə qardaşı düşmən etdi”14-04-2016, 08:19 |
Azərbaycanda yol nəqliyyat hadisələrinin araşdırmasının düzgün getmədiyindən vətəndaşlar dəfələrlə mətbuata şikayət ediblər. Bəzi hallarda hadisənin əsl səbəbkarının kənarda qalması, günahın isə zərərçəkmişlərdən birinin boynuna atılması barədə az yazılmayıb. Qafqaz Xəbər Agentliyi olaraq, biz də bu cür hallar barədə məlumat və şikayət daxil olduqda araşdırmış, işıqlandırıb həllinə çalışmışıq. Bu günlərdə Qafqaznews.az saytına müraciət edən Lənkəran rayon Şiləvar kənd sakinləri İlqar Rəhimov və Gülağa Hüseynov bildiriblər ki, 2015-ci il aprelin 6-da Lənkəran rayonunda Ələt-Astara yolunda baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması və məhkəməsi düzgün aparılmayıb. Bildirilib ki, həmin gün Rəhimov Mirabbas İlqar Oğlu, Hüseynov Həsən Gülağa oğlu, Rəhmətzadə Əkbər Füzuli oğlu və Nurəlizadə Vüsal Akif oğlu “Vaz 21063” markalı “42-BH-038” nömrə nişanlı avtomobildə qəzaya uğrayıblar. Hadisə vaxtı sükan arxasında 1996-cı il təvəllüdlü Mirabbas olub. Yanında Rəhmətzadə Əkbər, arxa oturacaqda isə Nurəlizadə Vüsal ilə Mirabbasın dayısıoğlu Hüseynov Həsən oturmuşdu. Yolda Əkbərli Kamran Nəsrəddin oğlu idarə etdiyi “Niva” (VAZ 21214) markalı, 90 -NR-034 dövlət nömrə nişanlı avtomobillə onların üzərinə gəlib, daha sonra yolda sıxaraq hərəkətlərinə mane olub. Bu hadisənin baş verməsində də əsas səbəbkar o olub. İmkanları yaxşı olduğuna görə, məsələni ört-basdır ediblər. Hadisədən sonra 4 gün avtomobili təmirdə olub, saxta ekspertiza rəyi çıxardaraq, “Niva”nı qəzadan bir ay sonra, istintaq bitməmiş satıblar. Amma DYP müstəntiqi Elmar Quliyev əsas hədəf kimi oğlumu seçdi, şahidlərin ifadələrini ciddiya almadı . Məhkəmə prosesində də eyni hal müşahidə olundu”, – deyə İ.Rəhimov vurğulayıb. O qeyd edib ki, Mirabbas bir yaşından – 25.07.1997 tarixindən epileptikdir, buna görə də hərbi xidmətə aparılmayıb: “Hadisədəki roluna qaldıqda isə, istintaq və məhkəmə Mirabbas Rəhimovu təqsirli yox, zərərçəkmiş qismində görməliydilər. O, uzun müddət xəstəxanada yatdı, ağır xəsarət və travmadan müalicə olundu. Haqsız yerə dayısıoğlunun ölümündə günahkar bilib 6 il həbs cəzası verdilər. Onun sağlamlıq vəziyyəti və qəzadan sonra aldığı travmalar, ayağının əyri bitişməsi, bədənində şüşələr qalması kimi hallar nəzərə alınmayıb”. İ.Rəhimov vurğulayıb ki, düzgün aparılmayan istintaq prosesi və ədalətsiz məhkəmə qərarı bacı ilə qardaş arasında düşmənlik yaratmağa xidmət edir: “Mənim qaynımoğlu dünyasını dəyişib, 20 yaşlı epilepsiya xəstəsi Mirabbas isə keçən ilin noyabrından Kürdəxanı təcridxanasındadır. Bu hadisə azmış kimi, ədalətsiz yanaşma bizim ailələrimizə ağır zərbə vurub. Ümidim Şirvanda keçiriləcək apellyasiya məhkəməsinə qalıb, heç olmasa, Mirabbasa 5 il şərti həbs cəzası verə bilərlər. Əslində, o azad olunmalıdır, çünki əsl təqsirli şəxslər rahat-arxayın gəzirlər. Amma ədalətin bu qədər qələbə çalacağına inamım itib. Ən azından, həbs cəzasının şərti cəza ilə əvəz olunması üçün dua edirik”. Gülağa Hüseynov bildirib ki, oğlu Həsənin ölümündə Mirabbası təqsirli bilmir: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Mehdixan Abdullayev nə mənim, nə də şahidlərin ifadəsinə düzgün qiymət vermədi. Rəhmətzadə Əkbər və Nurəlizadə Vüsalın ifadələrinə əhəmiyyət verilmədi. Onlar şahid kimi yox, zərərçəkmiş kimi məhkəməyə cəlb olundular. Hətta zərərçəkmiş kimi belə, mən və həmin şəxslər bildirdik ki, Mirabbasa qarşı tələbimiz və şikayətimiz yoxdur. “Niva”nın sürücüsü Kamran Əkbərli hadisənin bilavasitə iştirakçısı və səbəbkarı olduğu halda, onu şahid qismində dindirdilər”. Həmin hadisə vaxtı avtomobildə olmuş Əkbər Rəhmətzadə Qafqaznews.az-a bildirib ki, məhkəmənin hökmündən və onun ifadəsinin qərar verilən zaman nəzərə alınmamasından narazıdır. “Mirabbasın heç bir günahı yoxdur”, – deyə Ə.Rəhmətzadə vurğulayıb. Vəkil Rövşən Qasımlı bildirib ki, məhkəmə hökmü barədə bütün narazılıqlarını apellyasiya şikayətində bildirib: “Hökmün ədalətsiz olduğunu düşünürük. Hazırda aprelin 19-da keçiriləcək apellyasiya məhkəməsinin ilk iclasını gözləyirik”. Məsələ ilə bağlı əlavə fikir və mövqeyi dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir. Geri qayıt |