Əsas Səhifə > Gündəm, Manşet > Lerikə ayrılan büdcə pullarını necə xırıd edirlər...

Lerikə ayrılan büdcə pullarını necə xırıd edirlər...


7-04-2016, 08:32
Lerikə ayrılan büdcə pullarını necə xırıd edirlər...
Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Lerik rayonu Maliyyə İdarəsinin işində müşahidə olunan müxtəlif qanun pozuntularından bəhs olunur. Mənbələrin iddialarına görə, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Bir tərəfdən, bizimdovr.az-a təqdim edilən açıqlamalarda vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür. Digər tərəfdən isə, yerli mənbələr rayonun Maliyyə İdarəsinin rəisi Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər. Həmçinin açıqlamalarada belə maxinasiyalar üçün Elman Abbasovun daha çox üz tutduğu şirkətlərdən biri kimi “DİCO” MMC-nin adı çəkilir. Qeyd etmək lazımdır ki, daxil olan məlumatlarda E.Abbasovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi məmurlarla da əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, Lerik rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həm də məlumatlarda vurğulanır ki, Elman Abbasovun bəzi dövlət müəssisə rəhbərlərilə əlbir törətdiyi bu maxinasiyaların reallaşdırılması da əksər hallarda məhz “DİCO” MMC şirkəti vasitəsilə həyata keçirilir. Maraqlıdır ki, mənbələrin iddiasına görə bu şirkətin yeganə əməkdaşı elə MMC-nin direktoru Fəxrəddin Əliyev özüdür. Buna baxmayaraq Lerik rayonunda elan olunan tender və kotirovka sorğularını daha çox “udan” şirkət də məhz “DİCO” MMC-dir. Yəqin ki, bu şirkətin bizə məlum olmayan bir çox məziyyətlərindən maliyyə rəisi Elman Abbasovun xəbəri var. Axı təkliflərin qiymətləndirilməsində üstünlük verilən meyarlar sırasında aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə kimi kriterilərlə yanaşı, iddiaçı şirkətin maliyyə imkanları da nəzərə alınır. Bundan isə, maliyyə rəisinin mütləq xəbəri olmalıdır. Həm də iddiaçıların tenderdə iştirak etmək üçün təqdim etməli olduğu sənədlər sırasında son bir ildəki fəaliyyəti haqqında təsdiqlənmiş maliyyə hesabatının surəti də və bu barədə bank arayışı da olmalıdır. Həm də bu bir nəfərdən ibarət şirkət olduqca müxtəlif sahələrdə “səmərəli” fəaliyyəti ilə diqqəti cəlb edir. Belə ki, bir müdət əvvəl bu şirkətin hesabına Nüvədi kəndindəki uşaq bağçası üçün ərzaq məhsulunun alınmasına 10 min manat, Osyodərə kənd icra nümayəndəliyinə dəftərxana ləvazimatları alınması üçün 5 min manat, rayonda aparılacaq abadlaşdırma işlərinə görə 9 min manat köçürülüb. Bu siyahını hələ çox uzatmaq olar. Lakin bunsuz da məlumdur ki, bütün bu işlərin bir nəfər tərəfindən həyata keçirilməsi absurd bir iddiadır. Lakin məlumatları bizimdovr.az-a təqdim edən mənbə Elman Abbasovun məhz müəyyən şirkətlərlə iş görməsinin əsil səbəbləri barədə də bəzi açıqlamalar verir. Bu xüsusda aldığımız açıqlamada bildirilir ki, Lerik rayonu Maliyyə İdarəsi rəhbərinin iş birliyinə girdiyi bu saxta şirkətlər əslində eyni bir adama məxsusdur. Mənbə iddia edir ki, hazırda Milli Məclisin deüputatı olan bu şəxs Lerikdə həyata keçirilən bütün maliyyə maxinasiyalarının arxasında durur.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Geri qayıt