Əsas Səhifə > Gündəm, Manşet > Gülağa müəllimin gül kimi ağalığı...
Gülağa müəllimin gül kimi ağalığı...15-02-2016, 08:48 |
Bakının Xəzər rayonunun, xüsusən də bu rayon ərazisində yerləşən Qala və Türkan qəsəbələrinin sakinləri tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktublarının olduqca uzun və üzücü tarixçəsi var. Bu müraciətlərdə ən müxtəlif mövzulara toxunulsa da, bütün şikayətlərin ana xəttini təşkil edən məqam bundan ibarətdir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi bu rayonda insanlar məmur özbaşınalıqlarından və bu zəmində yaranmış çoxsaylı sosial, məişət və digər problemlərdən əziyyət çəkirlər. Maraqlıdır ki, bu problemləri yaradan məmurlardan bəziləri eyni zamanda həm də icra başçısının qohumlarıdır. Məsələn, bu xüsusda aldığımız çoxsaylı məlumatlardan birində deyilir ki, icra başçısının qudası isə Qala qəsəbəsində böyük problemlər yaratmaqla məşğuldur. Qəsəbə sakinləri yerli icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən yol verilən çeşidli qanun pozuntularından olmazın əziyyət çəkirlər. Sakinləri ən çox haqsızlıqlara məruz qoyan məmurlardan biri kimi isə, aldığımız məktublarda məhz Xəzər RİH başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynovun adı göstərilir. Məlumatlarda bildirilir ki, icra nümayəndəsi bu vəzifəyə 3-4 iı bundan əvvəl təyin olunub. Həm də yerli kadrlardan olmayan bu məmurun təyinatı birbaşa onun Xəzər RİH-nin başçısı Gülağa İslamovla quda olması faktına əsaslanıb. Buna görə də onun qəsəbədə hegemonluq iddiaları heç kəsi təəccübləndirmir. Digər tərəfdən isə, Məzahir Hüseynovun törətdiyi əməllər qəsəbədə nəzərəçarpacaq dərəcədə gərginlik yaranmasına şərait yaradır. Həmçinin məlumatlarda Məzahir Hüseynovun yerli bələdiyyə rəhbərliyi ilə birgə həyata keçirdyi torpaq maxinasiyaları haqda iddialar irəli sürülür. Xüsusi olaraq vurğulanır ki, Qalada böyük səlahiyyətlərə sahib olan icra nümayəndəsinin razılığı olmadan qəsəbədə bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Qeyd etmək lazımdır ki, analojı problem Xəzər rayonunun bəzi digər qəsəbələrində də mövcuddur. Həm də bu prosseslər elə bir xüsusi sxem üzrə həyata keçirilir ki, ilk baxışda qanun pozuntularının müəyyən etmək də çətin olur. Digər bir məlumatda da Gülağa İslamovun Türkanda yerləşən daş karxanalarının sakinlərin sağlamlığını təhdid etdiyi vurğulanır. İcra başçısının öz işində yol verdiyi nöqsanlar rayonun bəzi qəsəbələrində yaşayan insanların həyat səviyyəsinə ciddi şəkildə öz təsirini göstərməkdədir. Belə ki, rayon sakinlərinin yetərli hissəsi icra başçısının biznes maraqlarının, belə demək mümkünsə, qurbanına çevriliblər. Rayonun Türkan qəsəbəsi əsasən daş karxanalarının çoxluğuna görə seçilir. Heç kimə sirr deyil ki, daş karxanalarından çıxan toz-duman vərəm xəstəliyinin geniş yayılmasını sürətləndirir. Sakinlərdən aldığımız məlumatlara görə, Türkanda təxminən 40-a yaxın daş karxanası fəaliyyət göstərir ki, onların da əksəriyyəti məhz rayon rəhbərinin nəzarəti altındadır: “Qəsəbə sakinləri neçə illərdir eyni problemdən əziyyət çəkir. Bu daş karxanalarının bizə heç bir xeyri yoxdur. Buranın xeyrini ancaq sahibləri görür. Bizim bildiyimizə görə, daş karxanalarının sahibləri arasında yüksək vəzifəli şəxslər, məsələn nazirlər, prokurorlar və icra başçıları var. Daha çox qazanc gətirən daş karxanaları isə sözsüz ki, Gülağa müəllimə məxsusdur. Belə eşitmişik. Neçə illərdir Xəzər Rayon İcra Hakimiyyətinə başçılıq edən Gülağa İslamov geridə qalan dövr ərzində özünə məxsus olan daş karxanalarının fəaliyyətini xeyli genişləndirib. Başçının həm Xəzər rayonunda, həm də bəzi kənd rayonlarında tikinti layihələri var. Karxanaların daşlarının böyük hissəsi həmin tikinti işlərinə cəlb edilir. Bundan başqa, icra başçısı Xəzər rayonu ərazisində aparılan abadlıq-bərpa işlərinə lazım olan daşları da öz karxanalarının hesabına təmin edir. Bu karxanalar sakinlərin səhhətinə, yaşayışına mənfi təsir göstərir...” Qala qəsəbəsindən aldığımız ən son məlumatlarda isə, hazırda qəsəbənin dəmir yolu stansiyası ərazisinin bərbad vəziyyətdə olmasından bəhs edilir. Bildirilir ki, kanalizasiya xətlərinin işlək olmaması, bəzi yerlərdə isə ümumiyyətlə olmaması səbəbindən yağışlı havalarda bu ərazi tamamilə keçilməz olur. Küçə ilə axan çirkab sular isə, ətrafdakı zibilliklərlə “qovuşaraq”, kəskin antisanitariya vəziyyətinin yaranmasına səbəb olur... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |