Əsas Səhifə > Güney Press > Avtomobil bazarında "apteçka" ajiotajı
Avtomobil bazarında "apteçka" ajiotajı7-01-2016, 13:01 |
![]() Yeni il qədəmlərini basar-basmaz ölkə mediasında silsilə xəbərlər yayıldı ki, 2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülər cəzalandırılacaqlar. Hətta iddia olunurdu ki, Dövlət Yol Polisi sadalanan əşyalar olmadıqda sürücülərə ağır cəza tətbiq edəcək. Artıq bu xəbərlərin bir qədər şişirdildiyi rəsmi təsdiqini tapsa da, avtomobil bazarında tibb çantası və yanğından mühafizə ləvazimatlarının qiymətlərinin qalxdığı məlum oldu. Bəs qiymətlər nə qədər qalxıb? Qiymət artımları süni, yoxsa təbii şəkildə baş verir? Hafta.az-ın əməkdaşı bu gün paytaxtın Mərkəzi Avtomobil Bazarına (MAB) baş çəkərək avtomobillər üçün tibbi yardım çantası və yanğından mühafizə ləvazimatlarının qiymətləri ilə maraqlanıb. İlk olaraq onu qeyd edək ki, avtomobil bazarında adıçəkilən ləvazimatların satışını təşkil edən köşklərin sayında azalmaları müşahidə etdik. Belə ki, tibb çantaları və yanğınsöndürənlərin satıldığı yerlərin bəzilərinin ya qapısı kilidli, ya da ki, ümumiyyətlə özü boş idi. Bir neçə köşk isə müvafiq avadanlıq və ləvazimatların satışını davam etdirirdi. Yaxınlaşıb qiymətlərlə maraqlandıq. Satıcı Bayram Veysovun hafta.az-a açıqlamasında bildirdi ki, tibb çantalarının qiymətlərində qalxma müşahidə olunmayıb: “Bayramdan sonra alıcı aktivliyi müşahidə olunmur. Bir ay əvvəl isə daha yaxşı bazarımız vardı. Əgər əvvəl 170-200 manat arası alverimiz olurdusa, indi bunun heç yarısı olmur. “Apteçka”lar yenə həminki qiymətədir; 5 manatla -15 manat arasında dəyişir. O da mala baxır, yaxşı malın da yaxşı qiyməti var”. Digər bir satıcı isə ilkin tibbi yardım çantasının və yanğınsöndürənlərin qiymətinin qalxmadığını bildirdi: “Dollar qalxıbsa bu qiymətlərə də təsir edəcək. Amma tibbi yardım çantalarının qiyməti indi yox, üç həftə əvvəldən bahalaşıb. Bu da təbiidir. Çünki biz buradan sifariş etdiyimiz malların pulunu dollarla göndəririk. Belə olan halda da 10 manatlıq mal 15 azn-ə satılır. Süni qalxım isə yoxdur. “Vasmoy” bazarında süni qalxmanın olduğunu eşitdik. Amma burada əvvəlki kimi on beş – iyirmi faiz pul qoyub satırıq. “Apteçka”lar 10 – 20 manat, yanğınsöndürmə avadanlıqları isə 35-45 manat arasında dəyişir. Hər ikisini dəst halda alan sürücülər təxminən 45-65 manatlarından keçməlidirlər”. Satıcı Xəyal Zeynalovun sözlərinə görə isə, son günlər apteçkaların qiymətində az da olsa artım müşahidə olunur: “İndi hər şey qalxıb. Biz malı xaricdən yox, buradakı topdansatış məntəqələrindən alırıq. Yeni ilin ilk günlərində qiymətlər orada da qalxmışdı. Hardasa apteçkaların qiymətlərində beş manatlıq artım vardı. İndi isə qiymətlər düşüb. Ümumilikdə isə, süni qalxım ola bilməz. Çünki bazarda alıcı qabiliyyəti olduqca zəifdir. Satıcı da çalışır ki, ucuz versin ki, malı əlində qalmasın. Dövriyyəni artırsın”. Digər bir köşkdəki satıcı isə apteçkaların qiymətindəki fərqliliyi bu və ya digər ölkədən gətirilməsi ilə əlaqələndirib: “Ölkəyə tibb çantaları, yanğınsöndürənlər daha çox Türkiyədən və Fransadan gətirilir. Elit alıcı kütləsi daha keyfiyyətli mal almaq üçün Fransa markalarına üstünlük verir. Böyük alıcı kütləsi isə nisbətən aşağı təbəqə olduğundan onlar daha çox Türkiyədən gətirilən mallara üstünlük verirlər. Qardaş ölkədən gətirilən mallar isə nisbətən ucuz başa gəlir. Bizdə hər iki ölkədən gətirilən apteçkalar var. Fransız markalı “apteçkalar” 50-80 manat arasında dəyişir. Türkiyədən gətirilən apteçkalar isə 5-25 manat arasındadır. Həcminə, ölçüsünə görə də qiymət dəyişə bilir”. Maşın bazarında bir neçə sürücüyə yaxınlaşıb avtomobillərində ilkin tibb çantası olub – olmadığını və müvafiq qiymətlərin onları qane edib-etmədiyi ilə maraqlandıq. Sürücü Mətləb Əliyevin sözlərinə görə, qiymətlər olduqca bahadır: “Yanğınsöndürmə cihazını 45 manata deyirlər. Olduqca bahadır, amma olmalıdır. Özümüz üçün alırıq. Onu da deyim ki, həmin cihazlar xaricdən içi boş gəlir, köpüyünü burada, Bakıda doldururlar. Heç olmaya qiymətini də aşağı etsinlər də”. Digər bir sürücü isə bildirdi ki, ümumiyyətlə, bir neçə aydır ki, avtomobilində nə tibb çantası, nə də yanğınsöndürmə cihazı yoxdur: “Maşını təzə almışam, üç aya yaxındır. Amma nə tibb çantası, nə də yanğınsöndürmə cihazı var, yaddan çıxıb, almamışam. O biri maşınımda hamısı vardı, amma istifadə də edilmədi. Maşınla biryerdə satdım, getdi. Təzə qiymətlərdən də xəbərim yoxdur”. Qeyd edək ki, sürücü avtomobilini yaxşı növ tibb çantası və müvafiq yanğınsöndürmə təchizatları ilə təmin etmək üçün ümumilikdə 80 manatından keçməlidir. Təbii ki, qiymətlər cibinizə görə dəyişir. Ən ucuz mühafizə dəsti isə təxminən 40 manata başa gəlir. Geri qayıt |