Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > İsmayıllı səhiyyəsindən şok məlumatlar:

İsmayıllı səhiyyəsindən şok məlumatlar:


15-12-2015, 08:45
İsmayıllı səhiyyəsindən şok məlumatlar:
Son günlər cumhuriyyet.az olaraq İsmayıllı səhiyyəsində baş verən qanunsuzluqları ictimailəşdirdikdən sonra, həm rayon sakinləri, həm də rayon mərkəzi xəstəxanasında işləyən bir sıra şəxslər tərəfindən, bu müəssisədə baş verənlər haqqında bəzi məlumatları əldə etmişik. Rayon xəstəxanasında işləyən adının çəkilməsini istəməyən mənbəmiz qeyd edir ki, cumhuriyyət. az-ın dərc etdiyi və birbaşa nazir Oqtay Şirəliyevə ünvanlanmış bir sıra suallar yerində verilmiş suallardır. Mənbə qeyd edir ki, nazir bu suallara cavab verə bilməz. Çünki bütün qanunsuz göstərişlər birbaşa nazirin adından gəlir. Əgər nazir rüşvətsiz səhiyyə arzulayırsa, onda təyin etdiyi kadrlardan rüşvət almamalıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə qeyd edir ki, sabiq baş həkim Avtandil Rəhimovun təqaüdə göndərilməsindən sonra baş həkim yeri üçün rayon səhiyyəsində sözün əsl mənasında mübarizə gedirdi.
Rayon rəhbərliyinin baş həkim yerinə təyin olunması üçün Bakıya göndərdiyi nümayəndəni nazir Oqtay Şirəliyev qəbul etməyərək geri qaytardı. Bilirsiniz niyə? Ona görə ki, həmin həkim tələb olunan rüşvətdən xeyli az miqdarda pul ilə nazirliyə getmişdi. Orada ona dedilər ki, get ağlını başına cəm elə, köhnə bazara təzə qayda gətirmə deyə mənbəmiz sözünə davam edir. Mən uzun illərdir ki, rayon səhiyyəsində çalışıram. Rayon xəstəxanası bu illər ərzində bir qrup şəxslər tərəfindən sanki şəxsi mülkiyyət kimi özününküləşdirilib. Burada baş həkimin sürücüsü, baş mühasib, təsərrüfat müdiri, baş həkimin müavinləri, İsrayıl həkimi bu sıraya aid etmək olmaz. Çünki bu insan təmiz vicdanlı, özünə hörmət edən adamdır. Bu adamlar rayon səhiyyəsi hesabına böyük imkanlar sahibi olublar. Səhiyyə üçün ayrılmış iynə-dərmanlar, texnika üçün ayrılmış yanacaq, təkər, digər ehtiyyat hissələri, ərzaq məhsulları daha nələr olmayıb ki, satılmasın. Rayon apteklərində satdırılan iynə-dərmanların böyük hissəsi xəstəxana üçün ayrılmış iynə-dərmanlardır. Burada elə gün olub ki, şəkər xəstələri gəlib həmin adamların üzünə söyüblər. Çünki şəkər xəstələri üçün dövlət tərəfindən ayrılmış dərmanlar, insulinlər apteklərdə satılır. Xəstələr gəlib tələb edəndə də utanmadan öz elədikləri qələt işlərini dövlətin adına çıxırlar. Deyirlər ki, güya nazirlikdən verməyiblər. Hansı ki, İsmayıllı ərazisində bütün şəkər, ankoloji, vərəm və sair xəstələr qeydiyyatdadır. Heç cür ola bilməz ki, onlar üçün nazirlikdən dərman gəlməsin. Allaha şükür dövlətimiz lazımı qədər maliyyə vəsaiti ayırır. Çünki bu sadaladığım xəstəliklər elə xəstəliklərdir ki, onunla zarafat edib üzdən yanaşmaq olmaz. Burada insan həyatından söhbət gedir. Bu qruplaşmaya daxil olan adamların həyat səviyyəsinə fikir verin. Hər birinin Bakıda evi- eşiyi, rayonda böyük imarətləri, obyektləri, mağazaları, hələ sürdükləri avtomobilləri demirəm. Əlli-altmış minlik komfortlu avtomobillərdə gəzirlər. Bir soruşan yoxdur ki, ay balam sən ayda 180 azn əmək haqqı alırsan, bu imkanlar haradandır?Baş həkimin sürücüsü Ataş həm dərman biznesinə baxır, həm xəstəxana üçün gəlmiş avtomobillərin ehtiyyat hissələrini rayondakı avtozapçast mağazalarında satdırır, həm işə adam götürüb çıxartdırır. Baş həkimin pulunu o yığır. İsmayıllı böyük rayondur, elə kəndlər var ki, ora əhaliyə xidmət etmək üçün həkimlərə niva avtomobilləri veriblər. Ancaq bu avtomobillərə nə təkər vermirlər, nə də ki, xarab olanda ehtiyyat hissələr vermirlər, benzin vermirlər. Ona görə bir xəstə olanda ərazidəki həkimlər xəstə üstünə vaxtında gedib çıxa bilmirlər. Rayon rəhbərliyi cumhuriyyet.az-a daxil olan məlumata görə yeni təyin olunmuş baş həkim Aydın Əsədova tapşırıb ki, Ataşı bu müəssisədən uzaqlaşdırsın. Ancaq o baş həkimə necə xod tapıbsa, onu bir az da böyüdərək təsərrüfat müdiri təyin edib. İndi xəstələr ağzını göyə tutub gözləyərlər. Çünki xəstəxana üçün gələn ərzaq bazarda satışa qoyulacaq. Burada hamı danışır ki, başçının xəbəri yoxdur ki, baş həkim Ataşı təsərrüfat müdiri təyin edib. Çünki bərk-bərk tapşırıb. Fakt budur ki, bu adam icra hakimiyyətindən kimsə buralara gələndə az qala qaçıb gizlənir ki, onu görən olmasın. Xəstəxanaya işə götürülmək üçün çox adamdan vaxtında rüşvət alınıb. İndi onları bir-bir işdən çıxarırlar ki, yer yoxdur ixtisara düşürsən. Söhbətimizin bu anında bizə tərəf gələn adam olduğu üçün müsahibimiz qeyd etdi ki, hələki bu qədər kifayət edər növbəti görüşümüzdə davam edərik. İndi biz yenidən şöhrətləndirilmiş səhiyyə naziri cənab Oqtay Şirəliyevə sual ünvanlayırıq. Bu fikirlərə nə deyirsiniz?Bu biabırçılığa nə vaxt son qoyulacaq?İsmayıllı səhiyyəsində baş verən biabırçılıqlara kim dur deyəcək?Ümumiyyətlə, cənab nazir özü vəzifəsinin öhdəsindən gələ bilirmi?Əgər vəzifəsinin öhdəsindən gələ bilirsə onda İsmayıllı səhiyyəsindəki biabırçılıqların qarşısını niyə almır, monopolistlərə niyə dur demir?Yox əgər vəzifəsinin öhdəsindən gələ bilmirsə, onda niyə istefa ərizəsini cənab prezidentə təqdim etmir?Cənab nazir, İsmayıllı səhiyyəsində baş həkim kimdir?Aydın Əsədov yoxsa Ataş müəllim?Ardı var.
Redaksiyadan. Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini də dərc etməyə hazırıq.

Geri qayıt