Əsas Səhifə > Güney Press > Mütəllibova qarşı əlimdə əsaslı-sübutlu faktlarım var
Mütəllibova qarşı əlimdə əsaslı-sübutlu faktlarım var10-12-2015, 12:41 |
![]() Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov ölkə mediasına iddialı açıqlamalar verərək xələfi – ikinci prezident Əbülfəz Elçibəyin ünvanına bir sıra ifadələr işlədib. Mütəllibov fikrini əsaslandırmağa çalışıb: “Elçibəy primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri də var”. Ayaz Mütəllibovun ölkə mediasında xalq hərəkatı liderinin ünvanına səsləndirdiyi bu kəskin ittihamlar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən Əbülfəz Elçibəyin özəl mətbuat katibi Ədalət Tahirzadə hafta.az-a açıqlamasında bildirib ki, eks-prezidentin ittihamlarına belə cavab verdi: “Ümumiyyətlə Ayaz Mütəllibova cavab vermək istəmirəm. Çünki O, bütün günahlarını həmişə AXC-nin və cəbhəçilərin üzərinə atır. Ayaz Mütəllibov yazılarında da, müsahibələrində də cəbhənin lideri Elçibəyi ləkələməyə çalışıb. Öz günahlarını onun üzərinə atmağa cəhdlər edib”. “Mütəllibovu debata çağırıram – Ona deyəcək sözlərim var”. Ayaz Mütəllibovun bu ittihamlarını cəbhə iqtidarı dönəmində müdafiə naziri işləmiş Rəhim Qazıyev də cavabsız qoymayıb. Rəhim Qazıyev bildirib ki, o, Ayaz Mütəllibovun bir çox ifadələri ilə heç vaxt razı deyil: “ O, ölkənin ilk prezidenti kimi bir az özünə hörmət etsə yaxşıdır. İstərdim ki, onunla qabaq-qabağa oturub debat edək; o, prezident olub, mən də həmin dövrün fəallarından idim. Üstəlik sonradan müdafiə naziri kimi də işləmişəm. Ona deyəcək sözlərim var. Yaxşı olar ki, birinci prezident kimi Mütəllibov öz yerində otursun. Ağzına gələn ifadələri işlətməsin. Yoxsa mən onun haqqında kifayət qədər şey deyərəm, əsaslı-sübutlu fikir də söyləyə bilərəm. Özü də mən bilmədiyim şey haqqında danışmaram. Ayaz Mütəllibova məsləhətim budur ki, birincisi, bildiyi şeylər haqqında danışsın. İkincisi də öz gözündə tiri qoyub, başqasında tük axtarmasın”. Rəhim Qazıyev Elçibəyin “Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin” fikrini işlədib-işlətmədiyinə də münasibət bildirib: “Elçibəyin “Kəlbəcəri verək ki, Ermənistanı işğalçı ölkə kimi tanısınlar” ifadəsi işlətdiyini eşitməmişəm. Həmin vaxt mən iki aya yaxın idi ki, istefa vermişdim. İşlədib-işlətmədiyini deyə bilmərəm”. Keçmiş müdafiə nazirinin sözlərinə görə, Ayaz Mütəllibov Azərbaycanın ən ağrılı vaxtlarında prezident olsa da, amma heç vaxt baş verən hadisələrdə özünü günahlandırmayıb: “Hazırki durumda bəzi adamlar özlərini milli qəhrəmana çevirirlər. Bu bizim ən böyük faciəmizdir. Əbülfəz bəyin dövrünə təsadüf edən Kəlbəcərin işğalı ayrıca bir mövzudur. Ayaz Mütəllibov onun haqqında fikir söyləyə bilməz. Mütəllibov elə cəsarətdən, ləyaqətdən danışırsa niyə ölkəni qoyub qaçdı? Özü də hərbi təyyarə ilə ölkəni tərk etdi. O vaxt canını götürüb qaçanlar qəhrəmanlıqlardan danışır”. Geri qayıt |