Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi
Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi18-11-2015, 09:06 |
Noyabrın 15-dən etibarən Azərbaycanda qış rejiminə keçid edilsə də, Bakıda mənzillərə istilik verilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Hazırda paytaxtın bir neçə yerində sakinlər evlərində istiliyin olmamasından narazılıq edirlər. Artıq vətəndaşların narazılığı KİV-ə də sızır. Son iki gündə bir çox mətbuat orqanlarında cavabdeh quruma - "Azəristiliktəchizat" ASC-yə qarşı şikayətlər yer alıb. Qaynar.info-nun məlumatına görə, hələ 20 gün öncə "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qurumun qışa tam hazır olduğunu bildirib. İstilik təchizatlarının yoxlanılması prosesinin yekunlaşıb-yekunlaşmaması barədə danışarkən R.Əliyev hər şeyin qaydasında olduğunu və qış mövsümünə tam hazır olduqlarını deyib. Sitat: "Biz demək olar ki, aprelin 15-də istilik mövsümü bitərkən bütün xətlərimizi yoxlamışıq. Harada sıradan çıxan yaxud da ki, qış mövsümündə problem yarada biləcək hissələr vardısa onlarda əsaslı təmir işlərini aparıb başa çatdırmışıq. Yəni ”Azəristiliktəchizat"ın elə də bir ciddi problemi yoxdur". Amma qış rejiminə keçidin ilk iki günündə yaranan mənzərə ASC rəsmisinin dediklərinə şübhə ilə yanaşmağa əsas verir. Eyni zamanda qarşıdakı qış aylarında Bakı sakinlərini istilik sarıdan ciddi sınaq gözlədiyinə dair ehtimalları qüvvətləndirir. Əvvəlki illərdə olduğu kimi! Qaynar.info-nun araşdırmasına görə, təkcə 2012-ci ilin dövlət büdcəsində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təczihatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə bu məqsədlə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-cu illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb. Başqa bir hesablamaya görə, 2008-2013-cü illərdə dövlət büdcəsindən istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Üst-üstə yaranan 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir. Son illərdə də Azərbaycanda, o cümlədən, paytaxt Bakıda istilik sisteminin yenidən qurulmasına və təmirinə on milyonlarla manat ayrılmaqda daavm edib. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir. Bununla belə, Bakı da daxil olmaqla, ölkə boyu vətəndaşların qış aylarında istilik sarıdan ciddi problemlər yaşaması yalnız bir ehtimalı qüvvətləndirir: "Azəristiliktəchizat” ASC-də ayrılan büdcə pullarının şəffaf şəkildə, təyinatı üzrə xərclənməsi şübhə altındadır. Əks halda külli miqdarda dövlət vəsaitinin yönəldildiyi istilik sistemi niyə qış rejiminə keçidin ilk günündəcə vətəndaşların narazılıqlarına səbəb olsun?! Əslində bu şübhə ötən il rəsmi təsdiqini tapmışdı: məlum olmuşdu ki, adıçəkilən ASC əhaliyə mənzillərin qızdırılması ilə bağlı normal xidmət göstərmədiyi halda, büdcədən mənimsədiyi vəsait milyonlarladır. Belə ki, Hesablama Palatasının 2013-cü il üzrə apardığı audit zamanı ASC-də 1,2 milyon manatlıq korrupsiya fakt üzə çıxarıldı. Həmin nəhəng məbləğin 35,7 min manatı ayrılan subsidiyalardan mənimsənilib. Qalan yeyinti isə təmir-tikinti xərcləmələrində baş verib. Daha bir xatırlatma: hələ 2012-ci ilin dekabrında deputat Adil Əliyev Milli Məclisin iclasındakı çıxışında millət vəkili seçildiyi Nərimanov rayonunda 200 binanın istiliksiz qaldığını söyləmiş və əlavə etmişdi: "Bu səhər insanlar məni işə gəlməyə qoymiurdular. Onlar evlərində soyuqdan donurlar. "Azəristiliktəchizat” ASC-yə böyük həcmdə vəsait ayrılsa da, ortada iş yoxdur. Qərargahımın qarşısına insanlar toplaşırlar, ora gedə bilmirəm. Dəfələrlə rəsmi müraciət etmişəm, nəticə yoxdur. "Azəristiliktəchizat” ASC ilə bağlı Hesablama Komitəsinə də müraciət edəcəyəm. Əgər problem yeni olsaydı, susmaq olardı. Bu problem illərdir davam edir”. O vaxt YAP-dan olan deputat Siyavuş Novruzov həmkarını dəstəkləmış, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə məsələnin araşdırılacağını bildirmişdi. Adil Əliyev bununla da kifayətlənməmiş, Yaşar Həsənovun sədri olduğu "Azəristiliktəchizat” ASC-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşdığını açıqlamışdı. Amma belə görünür, hətta Milli Məclis səviyyəsində müzakirələr də adıçəkilən ASC-nin öz fəaliyyətində müsbət dönüş yaratmasına gətirib çıxarmayıb. "Azəristilik” hələ də "korrupsiya tavasında” YANAN MİLYONLARLA MANAT sayəsində DONAN MİNLƏRLƏ AİLƏ-nin narazılıq və şikayətlərinin əsas ünvanlarından biri olaraq qalır. Geri qayıt |