Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Əli Abbasov və Eldar Mahmudov həbs edilirlər
Əli Abbasov və Eldar Mahmudov həbs edilirlər13-11-2015, 08:08 |
Xəbər verdiyimiz kimi, rabitə və yüksək texnologiyalar nazırı Əli Abbasov prezidentin sərəncamı ilə işdən azad edilib. Azadinform bu azadedilmənin səbəbləri haqda məlumat əldə edib. Məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb etmişdir. Əldə etdiyimiz faktlara əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmamış, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaratmışdır. Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olmuşlar. İlkin araşdırmalar göstərmişdir ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət almışdır. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak etmiş, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilmişdir. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəymişdir. Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var. Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib. Əldə etdiyimiz məlumata görə, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər. Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb. Dövlət siyasətini düzgün həyata keçirməyən, öz vəzifəsindən sui-istifadə edən məmurların ciddi cəzalandırılması davam edir. Ölkə prezidenti bununla bağlı qəti iradəsini ortaya qoyub. Azadinforum.az Geri qayıt |