Əsas Səhifə > Güney Press / Ana xəbər > İlham Əliyevin Tiflis gedişi...
İlham Əliyevin Tiflis gedişi...9-11-2015, 14:13 |
|
Prezident İlham Əliyevin Gürcüstan səfəri ötən həftənin əsas hadisələrindən biri oldu. Dövlət başçısı bir sıra gürcü rəsmiləri ilə yanaşı azərbaycanlıların kompakt yaşadığı yerlərə gedərək soydaşlarımızın problemləri ilə yerindəcə tanış oldu. Politoloq Natiq Miri hafta.az-a açıqlama verərək İlham Əliyevin Gürcüstan səfərini şərh etdi: “Bu həftə Cənubi Qafqazda gedən informativ və geosiyasi proseslərin fonunda Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri diqqətləri özünə cəlb etdi. O mənada ki, Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana səfəri zamanı qeyri rəsmi bazarlıqlar və küçə söhbətləri ortalığa qoyarkən, Azərbaycan prezidenti bir dövlət ciddiliy ilə geosiyasi perspektivlər, yeni qlobal kommunikasiya xəttlərinin həyata keçirilməsi və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdi. İlham Əliyev İvanaşvili ilə görüşməməklə Sarkisyandan fərqli olaraq əsil dövlət adamı olduğunu və İvanaşvilinin də içində olduğu bu geosiyasi oyunun haradan və necə qaynaqlandığının bəlli olduğunu ortalığa qoymuş oldu. Ona görə də ölkə prezidenti Azərbaycanın Gürcüstanla bağlı perspektiv planlarını söyləməklə bərabər, həm də Gürcüstanın geosiyasi və geoiqtisadi perspektiv və maraqlarının məhz Azərbaycanın yanında olduğunu göstərmiş oldu. Bu kontekstdə Gürcüstan hökümətinin qaz çatışmazlığı bəhanəsini əlindən almaq üçün ildə 2 milyard kub metr qaz ötürmək qabiliyyəti olan yeni qaz xəttinin çəkilməsi məsələsi ortalığa qoyuldu". Politoloq bildirir ki, bu səfər çərçivəsində Gürcüstana qazandıracaq daha bir pəncərə açıldı. Onun sözlərinə görə, Azərbaycandan elektrik enerjisinin Gürcüstan ərazisindən və Türkiyəyə tranziti ilə bağlı layihənin həyata keçirilməsinə dair razılıq əldə olundu. N.Miri bunu aşağıdakı kimi izah edir: "Bu barədə məlumat verən baş nazirin müavini Kaxa Kaladze hazırda Gürcüstan və Rusiya arasında Rusiya qaznın tədarük həcminin artırılması mümkünlüyü və tranziti məsələlərinə dair aparılan danışıqlar prosesi haqqında söhbətin olmadığını da vurğulamağı vacib bilib. Enerji nazirinin bu fikri söyləməsini anlamaq olar, o mənada ki, Gürcüstan rəhbərliyi oynadığı qaz oyunu müqabilində Rusiyanı qıcıqlandırmaq və başlatdığı oyunu vaxtından əvvəl pozmaq istəmir. Çünki bu oyun çərçivəsində qazanan tərəf kimi hələlik Gürcüstan dövləti görsənir. Təbii ki, Azərbaycan tərəfi də uduzmur, belə ki, ən azından strateji layihələrinin həyata keçirilməsinə yol açır və Türkiyə, xüsusilə də Avropaya pəncərəsinin bağlanmasına imkan vermir. Ona görə də Gürcüstana qazandıracaq və stimullaşdıracaq cəlbedici layihələr təqdim edir ki, ən azından strateji qonşuluq və müttəfiqlik yolundan caymalar olmasın. O ki, qaldı Azərbaycan tərəfinin Qazprom və İran qazı məsələsini qaldırmamasına, bununla Azərbaycan prezidenti, əslində, nəyin nə olduğunu bildiyinə və daha çox Azərbaycanın edə biləcəklərini müzakirə etməklə belə cılız oyunların fövqündə durduqlarına işarə etmiş oldu. Bu səfər Gürcüstan ictimai rəyinin formalaşdırılması baxımından da çox əhəmiyyətlidir. Artıq qazla və digər perspektivlər baxımından bəzi gerçəklər ortalığa qoyularkən Gürcüstanın enerji naziri Kaxa Kaladze kimi hökümət nümayəndələrinin gürcü toplumunun qulağından yalançı sırğaları asmaq mümkün olmayacaq. Bu baxımdan Azərbaycan prezidentinin soydaşlarımızla görüşmək üçün Marneuli bölgəsinə getməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki Gürcüstanda İvanaşvilinin rəhbərliyində hakimiyyətə gəlmiş “Gürcü arzusu” siyasi qüvvəsi iqtidara gəldikləri gündən bu yana problemləri həll etmək əvəzinə, yalnız onları üst üstə toplamaqla məşğul olub. Bu kontekstdə siyasi gərginliyin çox olduğu və növbəti rəngli inqilaba hamilə olduğu gerçəyini də gözardı etmək olmaz. Və bu kontekstdə Gürcüstandakı soydaşlarımız dövlətçi mövqelərinə rəğmən ölkənin gələcək perspektivləri baxımından həmişə ictimai-siyasi proseslərdə aktiv toplum kimi fərqləniblər. Məhz bu baxımdan İlham Əliyevin bölgəyə soydaşlarımızla görüşə getməsi hadisəsi onlara sahib çıxması anlamına gəlməklə bərabər, həm də “İvanaşvil hökümətinin” korşalmış yaddaşının təzələnməsinə xidmət etmiş oldu. Azərbaycan prezidentinin Gürcüstan səfərində bütün məsələyə nöqtə qoyulduğunu düşünmək hələ tezdir və bu, geosiyasi mübarizənin hələ bir müddət də davam edəcəyi gerçəyi ortadadır. Ancaq hər bir halda Azərbaycan prezidenti real perspektivləri ortaya qoydu və bu perspektivlərin içində Türkmənistandan gələ biləcək Transxəzər qaz xətti də var ki, bu xəttin də məhz Gürcüstandan keçməsi planlaşdırılır. Demək ki, Gürcüstana düşünmək üçün xeyli əsaslar verilib və təbii ki, bu yöndə strateji qərar vermək də Gürcüstan hökümətinə düşər. Ancaq onu demək lazımdır ki, bu qərar “Gürcü arzusu” hakimiyyəti üçün iqtidarda qalıb qalmamaq məsələsində müəyyənedici rol oynayacaq”. Geri qayıt |