Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanın hansı nazirlərinə şeir yazılıb?
Azərbaycanın hansı nazirlərinə şeir yazılıb?29-10-2015, 09:10 |
|
Azərbaycanın hansı nazirlərinə şeir yazılıb? Bu günlərdə şair Vaqif Bəhmənlinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə yazdığı “Hamıya yaxşılıq” adlı şeir sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. Həm də Qarayevin nazirliyində vəzifə tutan Vaqif Bəhmənlinin öz nazirinə tərifnamə bağlaması birmənalı qarşılanmayıb və əsasən tənqidi münasibətlə qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, artıq Əbülfəs Qarayevə həsr etdiyi şeirə görə, mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Vaqif Bəhmənliyə töhmət verilib. Qeyd edək ki, V. Bəhmənli nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiridir. Qaynar.info-nun məlumatına görə isə, Azərbaycanda ilk dəfə deyil ki, hansısa nazirə şeir yazılır. Məsələn, şair Baba Vəziroğlu fövqəladə hallar naziri Kəmaləddin Heydərova şeir həsr edib. Nazirin 45 yaşına həsr olunan həmin şeir “Dostuma məktub” adlanır. Amma maraqlıdır ki, internet üzərindən axtarışlarımız həmin şeiri tapmağa kömək eləmədi. Mərhum xalq şairi Qabil isə 75 yaşında ona qızıl təsbeh və çeçen papağı bağışlayan Dövlət Dəmir Yolu İdarəsinin o vaxtki rəisi, indiki nəqliyyat naziri Ziya Məmmədova “Dəmir yolumuzun nazik ürəkli rəisinə dost sözü” adlı şeir ithaf eləyib: Darıxmışam bir stəkan, Çayın üçün, ay Ziya! Damağımda dadı qalan, Payın üçün, ay Ziya! Bəxşişlərin – qızıl təsbeh, Bir qiyamət yadigar. Şanlı çeçen papağına, Hansı papaq tay olar?! Bəratının bərəkəti, Tükənməyir – halaldır. Var ol, kişi səxavəti, Yerdə qalan xəyaldır... Yaddan çıxmaz Naxçıvanda, Bostan üstü kef-damaq. Belə olsun qoy hər yanda, Belə olsun, ay Allah! Dəmir yolu... Ömür yolu, Qoşa qanad, qoşa qol. Sabahların ziyasına, Qoy, bürünsün qoşa yol. Mərhum şair Məmməd Aslan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova şeir həsr edib. “Ağac” adlanan həmin şeir 2014-cü ildə “Ağac sevdasına dərindən inandığım Hüseyn Bağırov cənablarına” epiqrafı ilə “525-ci qəzet”də dərc edilib. Həmin şeir belədir: Torpağa bəndin var; Göydə adasan! Dadlı pıçıltısan; səssən-sədasan! Təpədən-dırnağa sirri-Xudasan! Şəfqət var arxanda, önündə sənin! O sərin kölgəndə baş daldalanar; Torpaq daldalanar, daş daldalanar; İstidən-soyuqdan quş daldalanar – Məxmər libasında, donunda sənin. Bərəkət başında, su ayağında; Yaşıl tamaşasan könül bağında! Axşam şəfəq batar şah budağında; Günəş doğar alnında sənin! Duruşun cəlallı; boy-buxun hündür! Ölçmək istədilər: yetmədi kəndir... Ən uca zirvəndir, Cənnət kölgəndir Sultanın da sənin, xanın da sənin! Üstünə quş gəlsin, namərd gəlməsin! Dərdin onsuz da çox, ta dərd gəlməsin! Axna üzərinə kəm baxan kəsin! – Nə qədər taqət var canında sənin!!! Çətrin şah sarayı; gövdən mübarək! Sən ərşə sultansan; sən Göyə dirək! İnsana, havaya, torpağa gərək! Məlhəmdi saatın, anın da sənin! Səninlə bir olmaq ayrı fürsətdir! Sənə möhtac qalmaq bir əsarətdir! Ayrı kaşanədir, ayrı busatdır: Axşamın, səhərin, Danın da sənin! Başında nə acı yellər əsibdir! Kəsilsin o əl ki: səni kəsibdir!!! Kötüyündə zoğ var: Allah nəsibdir! – Ümid var o yaşıl qanında sənin! Yüz il bəsləmişdi səni bu ölkə; Məhşərdi başına gələn mərəkə... Üstünə cumanda baltalı kölgə, Keşikçin olaydım yanında sənin! Ağaca dadanmış çox quduz can var; Ağac boğazlayır indi canavar! Ağac o nakəsdən çətin can sovar; Düşmənin yarpağın sanında sənin... Sən ki od-alovsan; qayən müqəddəs! Sən gözdə işıqsan; ürəkdə həvəs! Səni gözbəbəyi bilməli hər kəs! Arxanda durmalı qanun da SƏNİN!!! Gəncə, may, 2013. Geri qayıt |