Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Mahmudovun bildiyi sirlər dövləti təhdid edirmi?

Eldar Mahmudovun bildiyi sirlər dövləti təhdid edirmi?


21-10-2015, 09:26
Eldar Mahmudovun bildiyi sirlər dövləti təhdid edirmi?
Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra bir sual da maraq doğurur. Mahmudovun bildiyi hansısa sirlər dövləti təhdid edirmi? Yaxud hansısa məmurun dövləti təhdid edəcək sirləri yaymasının qarşısı necə alına bilər? Ekspertlər bununla bağlı fərqli fikirdədirlər.

Keçmiş MTN əməkdaşı Ərəstun Oruclu məsələ ilə bağlı musavat.com-a bildirib ki, E.Mahmudov dövləti təhdid edən hansısa sirləri aça bilməz: “Düşünmürəm ki, dövlətin xüsusi xüsusi xidmət orqanının başında dayanmış adam dövləti təhdid edəcək sirləri açmaq iqtidarındadır. Məsələ burasındadır ki, dövlət dövlətdir və heç kəs dövlətlə dövlətçilik edə bilməz. Xüsusilə də yüksək postdan kənarlaşdırılmış və haqqında çox ziddiyyətli məlumatlar dolaşan şəxs bunu edə bilməz. Praktikada belə şey olmayıb. Belə olmur ki, hansısa təhlükəsizlik orqanının rəhbəri və yaxud nazir vəzifədən kənarlaşdırılır və ona bir təhlükə yaranır. O da özünü müdafiə etmək üçün dövlət üçün təhdidedici sirləri açır və bununla da özünü müdafiə etmiş olur. Ona görə də düşünmürəm ki, belə şeylər açıla bilər. Ola bilər hansısa ötürülmüş məlumatlar olsun, kompromat savaşı başlansın. Amma dövləti təhdid edəcək məsələlər haqqında mən tam əminəm ki, heç bir şey ola bilməz”.

Keçmiş MTN əməkdaşı Sülhəddin Əkbər isə qeyd edib ki, hər bir vəzifəli şəxsin heç şübhəsiz ki, dövləti təhdid edəcək sirləri olur: “Xüsusi xidmət orqanının rəhbəri təbii ki, həm dövlət sirlərinə, həm fərdi sirlərə, həm də xidməti sirlərə sahibdir. Bu baxımdan bu, təbii olan bir prosesdir. Xüsusi xidmət orqanının başında duran şəxs şübhəsiz ki, çox mühüm və ciddi sirlərə malik olur”.

Təhdidlərin qarşısını hansı yollarla almağın mümkünlüyünə gəldikdə isə o bildirib ki, xüsusi xidmət orqanı rəhbəri və əməkdaşının sirlərin yayılmaması haqqında öhdəliyi var: “Amma bu, o demək deyil ki, həmin şəxs öhdəliyə sonuna qədər əməl edir. Ona görə də o istiqamətdə müxtəlif hüquqi, həm də əməliyyat tədbirləri həyata keçirilməlidir. Eyni zamanda bu sirlər operativ əhəmiyyətini itirənə qədər həmin şəxs yaxın və uzaq nəzarətdə saxlanılır”.

Geri qayıt