Əsas Səhifə > Güney Press / Ana xəbər > Təbiətin nadir incisinin ovlanması nazirlikdə necə reaksiya yaratdı

Təbiətin nadir incisinin ovlanması nazirlikdə necə reaksiya yaratdı


15-10-2015, 09:22
Təbiətin nadir incisinin ovlanması nazirlikdə necə reaksiya yaratdı
Dünən məlum oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi Mirzağa Mirzəyev tutduğu vəzifədən azad olunub.
Məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında qərar qəbul olunub. Buna səbəb kimi onun vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməməsi və işində nöqsanlara yol verməsi göstərilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.

Mirzağa Mirzəyev tutduğu vəzifədən azad edilməsinə gəlincə isə bu barədə Verttikal.az-a maraqlı informasiya daxil olub. Nazirlikdəki mənbə iddia edir ki, Mirzəyev bir neçə gün əvvəl Astara rayon sakini Natiq Böyükağazadə tərəfindən nadir təbiət incisi olan Qafqaz bəbirini ovlaması səbəbindən işini itirib. Xatırladaq ki, bu fakt sərhəd xidmətinin əməkdaşları tərəfindən ifşa olunub.

Və araşdırmalar zamanı məlum olub ki, Astara rayon sakini Natiq Böyükağazadə bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbiri ovlayıb və bu da əslində Mirzağa Mirzəyev başda olmaqla Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin yarıtmaz fəaliyyətindən xəbər verməkdədir.

Mənbə Vertikal.az-a bildirir ki, məhz buna görə də Mirzəyev nazir tərəfindən sərt formada cəzalandırılıb.

Geri qayıt