Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in dəstəyilə peşə təhsili sahəsində yeni layihəyə start verilir
Azercell-in dəstəyilə peşə təhsili sahəsində yeni layihəyə start verilir13-10-2015, 17:07 |
Fəaliyyət göstərdiyi 18 il ərzində Azercell Telekom Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə daim dəstək olub. Şirkət bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirir. Belə ki, Azercell British Council ilə birgə peşə təhsili sahəsində IKT və Telekommunikasiya istiqaməti üzrə yeni layihə həyata keçirəcək. Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində peşə məktəblərində IKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılması və həmin məktəblərdə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.”İş Dünyası üçün Bacarıqlar” adlı layihənin əsas məqsədi təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ölkədə peşə təhsilinin inkişafına töhfə verməkdir. Sözügedən layihə çərçivəsində Bakıda yerləşən IKT və Telekommunikasiya ixtisası tədris edilən peşə məktəblərinin şagirdlərinin sahibkarlıq və işgüzar etikanın əsasları, həmçinin, işə hazırlıq bacarıqları üzrə təlimlərdə iştirakı da nəzərdə tutulub. Təlimləri uğurla bitirən şagirdlər Azərcell təşkilatının dəstəyi ilə sahə üzrə təcrübə proqramı keçmək imkanını qazanacaqlar. Həmçinin, layihə çərçivəsində həmin peşə məktəblərində fəaliyyət göstərən müəllimlər üçün təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və münasibətlərin qurulması mövzuları üzrə təlimlər təşkil ediləcəkdir. Təlimləri uğurla tamamlayan müəllimlər daha sonra təlimçilərin təlimində iştirak etmək imkanını qazanacaqlar ki, bu da sahə üzrə peşəkar təlimçilərin inkişafına öz töhfəsini verəcəkdir. Müəllimlər üçün təlimlər Böyük Britaniyadan dəvət olunan peşəkar təlimçi tərəfindən həyata keçiriləcəkdir. Layihənin açılışında çıxış edən Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyev bu cür təşəbbüslərin Azərbaycanlı gənclərin müxtəlif peşə sahibləri kimi yetişərək gələcəkdə sərbəst şəkildə fəaliyyətinə böyük dəstək verdiyini vurğuladı. Layihədə Bakıda yerləşən peşə məktəblərinin IKT və Telekommunikasiya ixtisası üzrə təhsil alan seçilmiş 120 nəfər sonuncu kurs şagirdləri və həmin məktəblərin eyni ixtisas üzrə çalışan 30 nəfər müəllimlərin iştirakı gözlənilir. Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahəsi olacaq. Geri qayıt |