Əsas Səhifə > Güney Press / Ana xəbər > Ac fəhlələr Ziya Məmmədovun şirkətindən 5 aylıq maaşlarını tələb edir

Ac fəhlələr Ziya Məmmədovun şirkətindən 5 aylıq maaşlarını tələb edir


13-10-2015, 16:27
Ac fəhlələr Ziya Məmmədovun şirkətindən 5 aylıq maaşlarını tələb edir
Xəbər verdiyimiz kimi, bu gün saat 11:30-dan başlayaraq azı 100 fəhlə “Azərinşaatservis” MMC şirkətinin Dərnəgüldə yerləşən ofisinin qarşısına toplaşıb. Onlar aylarla yığılıb qalmış maaşlarını tələb ediblər.

Fəhlələr deyib ki, dördüncü dəfədir bura toplaşırlar. Ancaq qarşılarına çıxan olmadığına görə oradan “Azəryolservis”ə üz tutublar.

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org saytına açıqlamasında bildirdi ki, narazı fəhlələrin nümayəndələri onun təmsil etdiyi qurumda qəbul edilərək dinlənilib.

A.Nəcəflinin sözlərinə görə, “Azəryolservis” sifarişçi təşkilat, “Azərinşaatservis” MMC isə müvafiq tenderlərin qalibi olmuş ən böyük podratçı şirkətlərdən biridir: “Bizim sifarişimizlə görülən işlər üçün maliyyələşmə tərəfimizdən tam olaraq yerinə yetirilib. Ona görə də “Azəryolservis” MMC fəhlələrin əmək haqqının gecikdirilməsinə görə heç bir məsuliyyət daşımır. Buna baxmayaraq yol çəkən fəhlələrin probleminin həlli üçün onlara müvafiq qurumlara müraciət etməyə də söz verdik”.

Emil Məmmədov

Virtualaz.org

* * *13:58

Bu gün - oktyabrın 13-də saat 11:30-dan başlayaraq azı 100 nəfər fəhlə “Azərinşaatservis” MMC şirkətinin Dərnəgüldə yerləşən ofisinin qarşısına toplaşıb. Onlar aylarla yığılıb qalmış maaşlarını tələb edir.

“5 aydır əmək haqlarımız yığılıb, şirkət ödəmir. İşləmişik, amma maaşımızı ala bilmirik. Şəxsən mənim 3 min manat alacağım var. Gəlirik, yığışırıq bura, biri qarşımıza çıxmır. Elə içəridən xəbər göndərirlər ki, müdir yerində yoxdur” - bunu “Azadlıq” radiosuna “Azərinşaatservis” MMC-dən aylarla yığılıb qalmış məvacibini ala bilməyən Müseyib Musayev deyir.

Müseyib Musayevin dediyinə görə, aylıq maaşı 1000 manat olub. 1 ay öz hesabına məzuniyyətə buraxılıb. Sonrakı 3 aylıq maaşını isə ödəmirlər: “Təsəvvür edin ki, şirkətin 1100 nəfər işçisi var. Heç birinin də maaşı aylardır ödənilmir. Şirkətin işçilərə 2 milyon 500 min manat borcu var. Bu qədər pulu kim yeyib? Kimin cibinə axıb bu pullar? Gah deyirlər, rəhbərliyi tutublar, gah deyirlər, ofisdə yoxdur”.

Şirkətin başqa işçisi Rafiq Ramazanov da maaş tələbi ilə şirkətin ofisinin qarşısına gəlib: “Masallıda, Xaçmazda, Ağdaşda, neçə-neçə rayonlarda yol tikintilərində işləmişik. Yay-qış bilməmişik. İşləmişik ki, pulumuzu o-bu yesin? Çıxsınlar, bizə cavab versinlər. Fəhlələrin çoxu rayonlarda yaşayır. Neçə dəfə gəldilər-getdilər, biri çıxıb maraqlanmadı ki, adam uzaq yoldan gəlib, pulunu verək, getsin. Adamlar hər dəfə oradan-burdan borca-xərcə girib yolpulu edib Bakıya halal zəhmət haqqısını tələb etməyə gəlir. Artıq yol pulları da tükənib, gələ bilmirlər”.

Fəhlələr deyirlər, dördüncü dəfədir ki, bura toplaşırlar. Ancaq qarşılarına çıxan olmadığına görə oradan "Azəryolservis"ə üz tutublar.

“Əgər orada da qarşımıza çıxan olmasa, Nəqliyyat Nazirliyinin qarşısına gedəcəyik. Maaşlarımızı almayanadək nazirliyin qarşısında çadır qurub gecələri orada qalacağıq” - fəhlələr deyib.

“Azərinşaatservis” MMC nəqliyyat naziri Ziya Məmmədova məxsus olub, ölkənin əksər iri yol-nəqliyyat infrastrukturu layihələrində baş podratçıdır. Şirkətin Azərbaycan Beynəlxalq Bankına yüz milyonlarla manat kredit borcu var.

Geri qayıt