Əsas Səhifə > Güney Press / Ana xəbər > Bu banklara əmanətlər qoymaq TÖVSİYƏ EDİLMİR

Bu banklara əmanətlər qoymaq TÖVSİYƏ EDİLMİR


12-10-2015, 11:23
Bu banklara əmanətlər qoymaq TÖVSİYƏ EDİLMİR
“Bir sıra bankların öhdəliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarımızda pullarını əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərəddüdlər yaradıb”.

Hafta.az-ın verdiyi xəbərə görə, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov danışıb. Ekspertin sözlərinə görə, lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb:

“Nəticədə, Mərkəzi Bankın rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-nə 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb. Göründüyü kimi, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla yanaşı, hətta sadəcə təhlükəsizlik baxımdan vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur. Bunun üçün pulunuzu əmanət kimi banka yerləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub, onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar”.

Vüqar Bayramovun sözlərinə görə, bankın internet səhifəsində maliyyə hesabatların mütəmadi yerləşdirilməsinə diqqət yetirmək lazımdır:

“Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heç bir halda tövsiyə edilmir. Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyü bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmamaq üçün üzvlük statusuna baxılması vacibdir. Bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun keçirilməsinə ehtiyac var. Bununla da vətəndaşlar əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz”.

Geri qayıt